Bakı Yeni ilin astanasında
Sosial həyat

Bakı Yeni ilin astanasında

Hər il olduğu kimi, bu il də Bakıda Yeni il ab-havası duyulur. Paytaxt sakinləri və qonaqlar Yeni il bayramını yaddaqalan şəkildə qeyd etməyə hazırlaşırlar. İnsanların ən çox sevdiyi Dənizkənarı bulvar ərazisində bayramın gəlişi ilə bağlı ənənəvi olaraq böyük yolka, müxtəlif atributlar, kompozisiyalar quraşdırılıb. Bayrama ən çox sevinən uşaqlar rəngarəng işıqlarla bəzədilmiş yolkanın ətrafında Şaxta baba və Qar qızla şəkil çəkdirir, əylənirlər. İnsanların hər birinin, xüsusilə uşaqların üzündə sevinc, təbəssüm var. Valideynlər yaradılan şəraitdən razılıq edirlər. Uşaqların sevimli məkanı Azərbaycan Dövlət Kukla Teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən maraqlı tunel quraşdırılıb. İstirahət günlərində bulvar ərazisində bayram konserti təşkil olunacaq.