Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Nəcəf bəy Vəzirov

Azərbaycan dramaturgiyasının inkişafında mühüm xidmətləri olan, "Müsibəti Fəxrəddin" əsəri ilə faciə janrının əsasını qoyan Nəcəf bəy Vəzirov... Həyat yoldaşını erkən itirən, erməni müəllimə görə məktəbdən gedən, işdən qovulan, yaradıcılığı ilə yanaşı, meşəbəyi kimi də rəğbət qazanan  "Dərviş" ləqəbli bu dahi şəxsiyyətin  həyatı heç də asan olmayıb...

Nəcəf Fətəli oğlu Vəzirov  Şuşa şəhərində bəy ailəsində  anadan olub. Onun uşaqlığı çox çətin keçib. Atası Fətəli bəy xəstə olduğundan ailənin bütün yükü anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə uşaq olub.

İlk təhsilini dini məktəbdə alan Nəcəf cəmi üç ayda "Quran" oxumağı və yazı yazmağı öyrənir. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə getsə də, erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi səbəbindən o məktəbdən uzaqlaşmağa məcbur olur. Yeniyetmə oğlanın məktəbdən qaçmasına  qohumlar tərəfindən  müxtəlif cür don geydirilir. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri  Nəcəfə rusca yazıb oxumağı öyrətmək istəyir ki, heç olmasa o, kənddə mirzəlik edib ata-anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir.

Uşaq yaşlarından həyatın ədalətsizlikləri ilə qarşılaşan Nəcəf anasının etirazlarına və göz yaşına baxmayaraq, Şuşadan ayrılıb Bakıya gəlir və rusdilli "Realnaya gimnaziya"ya daxil olur. Burada ona dərs verən H.Zərdabi ilə yaxından tanışlığı sonralar yaradıcılığına böyük təsir edir. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanan Nəcəf bəy gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə də məşğul olur.

Sonralar Nəcəf bəy Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almaq  fikrinə düşür. Məktəbdə oxuyarkən başqalarına dərs deməklə topladığı pulla Peterburqa gedərək universitetə daxil olur. Lakin buranın rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Peterburqdan Moskvaya köçməyi məsləhət görür. Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasına daxil olan yazıçıya qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün təqaüd təyin olunur.

Bir müddət meşəbəyi kimi fəaliyyət göstərən yazıçı  məsuliyyəti və  insanlarla rəftarına görə böyük hörmət qazansa da,  siyasi cəhətdən etibarsız sayıldığı üçün günahkar olmadığı halda işdən azad edilir. Ədib qırx il sonra həyatının həmin dövrünün çətinliklərini belə xatırlayırdı: "O vaxt ancaq səksən manat param qalmışdı. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palazımı  çəkərdim. Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün akademiya mənə təqaüd verdi. İndi özümü dörd il müddəti təmin edilmiş bildim. Üç ayın parasını qabaqcadan alıb özümə bəzi şeylər aldım. Palazımdan əl çəkdim. Əgər bu palaz indi əlimə keçərsə, çox baha qiymətə alardım".

Yazıçı gözəl təhsil və tərbiyə almış Xurşud xanımla evlənib. Bu evlilikdən dramaturqun Şamil adlı oğlu, Sara, Sürəyya adlı qızları dünyaya gəlib. Lakin Xurşud xanım çox erkən, 45 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl o, həyat yoldaşı Nəcəf bəy Vəzirov haqqında yazıb:

"Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə (yazıçının publisist ləqəbi) həsr etmişəm, onu əzizləmişəm, həyatını qorumuşam. Əgər mənim nəzarətim olmasaydı, onun əsərləri itib-batmışdı. Müvəffəqiyyətsiz əsərlərini belə göz bəbəyim kimi saxlamışam, bəzən də qadın psixologiyasının əlamətlərini ora əlavə etmişəm. Mən ağır dəqiqələrdə Dərvişlə birlikdə vuruşmuşam və mübarizəni dəyanətlə davam etdirmişəm".

Ömrünün son illərində meşəbəyi işləyən yazıçı  Azərbaycanın müxtəlif rayonlarında təcrübə məşğələlərinə rəhbərlik edib. Lakin qocaman dramaturqun səhhəti pozulub,  tez-tez ürəkağrısından şikayətlənib. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görsələr də,  tələbələri ilə birlikdə Şamaxıya Çuxuryurda gedən 72 yaşlı yazıçı orada ürək çatışmazlığından vəfat edib.

Aleksandr Fadeyev

O, təkcə ədəbiyyatda yox, Kremldə də söz sahibi olub. Bu ixtiyarı isə ona şəxsən İosif Stalin verib. Tanınmış yazıçı olmaqla yanaşı, həm də kifayət qədər populyar dövlət məmuru sayılan bu adamı  "ədəbiyyat naziri", "ədəbiyyatın marşalı" da adlandırıblar. O, uzun illər SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi, dəfələrlə SSRİ Ali Sovetinin deputatı, iki dəfə "Lenin" ordeni, "Stalin mükafatı" laureatı, ən əsası isə Stalinin şəxsi məsləhətçisi və sevimlisi olub. Söhbət daha çox "Tarmar", "Gənc qvardiya" kimi əsərləri ilə məşhurlaşan, repressiyada iştirak edən,  həyatına intiharla son qoyan tanınmış rus yazıçısı Aleksandr Fadeyevdən gedir...

Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində anadan olan Aleksandr Fadeyev yeniyetmə yaşlarından inqilabi hərəkata qoşulub. Partizan dəstələrinin tərkibində uzaq Şərqdə döyüşlərdə iştirak edib, bir neçə dəfə yaralanıb. Fadeyev Moskvada Dağ-Mədən Akademiyasında təhsil alıb. Tələbəlik illərindən yaradıcılıqla məşğul olub, maraqlı yazıları ilə tanınıb və sevilib.  Ona ən çox "Tarmar" ("Razqrom") və "Gənc qvardiya"  adlı romanları uğur gətirib. O, bu əsərlərdən sonra həm ədəbi mühitdə, həm də siyasi elita arasında böyük şöhrət qazanıb, diqqət mərkəzinə gəlib. Ciddi yaradıcılıq işləri Fadeyevi zaman-zaman məşhurlaşdırıb və bununla yanaşı, o, Kremlin sifarişlərini də böyük həvəslə icra edib. Mövcud vəziyyətdə partiyanın tələblərinə cavab verə bilməyən, yaxud da vermək istəməyən yaradıcı insanlar onun vasitəsilə cəzalandırılıb.

Böyük Vətən müharibəsi illərində  hərbi müxbir kimi fəaliyyət göstərən yazıçını Stalinə böyük sevgisi, partiyaya olan sonsuz sədaqəti daha yüksək pilləyə qaldırıb. Stalinin göstərişlərini böyük ustalıqla və müzakirəsiz həyata keçirən Fadeyev bu ərəfədə bir çox yazıçı və şairləri, mədəniyyət və incəsənət nümayəndələrini ölkənin ədəbi mühitindən sıxışdıraraq uzaqlaşdırıb, digərlərinin isə sürgünə göndərilməsini canfəşanlıqla təmin edib. Maraqlı faktlardan biri odur ki, Fadeyev gündüzlər cəza hökmünə imza atdığı qələm dostlarını axşamlar evlərində ziyarət edib, onlara maddi yardım göstərib, məişət problemlərinin həllində yardımçı olub. Bəlkə də xaraktercə çox həssas bir insan olan Fadeyev partiyaya və dostlara olan sevgisini bu üsulla balanslaşdırıb... Sərbəstliyi və azadlığı sevən Fadeyev üçün gərgin sovet rejimi heç də ürəkaçan olmayıb. Yəqin elə bu səbəbdən  yazıçı hədsiz dərəcədə içkiyə meyilli olub. O, bəzən həftələrlə sərxoş vəziyyətdən ayılmayıb. Sözsüz ki, bu da onun nüfuzuna ciddi şəkildə mənfi təsir göstərib.

Deyilənlərə görə, İosif Stalin Fadeyevlə bir neçə gün əlaqə yarada bilmir, nəhayət, xeyli müddətdən sonra onu  iş yerində tapır. Stalin soruşur: "Yoldaş Fadeyev, neçə gündür mən sizi axtarıram, hara yoxa çıxmısınız?". Yazıçı çəkinmədən cavab verir: "Yoldaş Stalin, içirdim, "zapoy", ayıla bilmirdim. "Sizdə bu "zapoy" neçə gün çəkir?". Yazıçı deyir: "Düz on iki gün".

Stalin isə gülümsəyərək cavab verir: "Yoldaş Fadeyev, siz çalışın bizim digər kommunistlərimiz kimi "zapoy" müddətini üç günə endirin...

Stalinin vəfatı Fadeyevin həyatını bötövlükdə dəyişir. Xruşovun hakimiyyəti dövründə Fadeyev əvvəlki kimi nüfuza sahib olmur və vəzifəsindən çıxarılır. Bu ərəfədə o, bağ evinə köçərək özünü cəmiyyətdən təcrid edir. Stalin repressiyası qurbanlarının bəraət alması, sürgünə göndərilənlərin geri dönməsi Fadeyevi mənən qorxudur, onlarla üz-üzə gəlmək təhlükəsi onu sarsıdır. Çünki zamanında Fadeyev də Stalinin göstərişi ilə bir çox haqsız sənədlərə imza atmışdı...

Nəhayət, Fadeyev bütün tərəddüdlərdən, qeyri-müəyyənlikdən, vicdanı qarşısında suallara cavab verməkdən qurtulmaq üçün son çıxış yolunu seçir. 54 yaşlı yazıçı tapança ilə sinəsinə atəş açaraq intihar edir. İntihardan qabaq isə Mərkəzi Komitənin ünvanına məktub yazır. Məktubda qeyd olunurdu: "Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq həyatdan gedirəm. Son ümidim, bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir. Xahiş edirəm, məni anamın yanında dəfn edəsiniz...".

Bu məktub 44 il məxfi saxlanılsa da, onun vəsiyyəti yerinə yetirilir. O, Moskvada, Novodeviçye qəbiristanlığında anasının yanında dəfn olunur...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".