Şəhid xatirəsinə ehtiram
Sosial həyat

Şəhid xatirəsinə ehtiram

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid Orxan Quluzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Təşkilatçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı məktəb-liseyi olan tədbirdə əvvəlcə Mərkəzin foyesində şəhidin şəxsi əşyalarından ibarət sərgi ilə tanış olunub. Daha sonra Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Şəhidimiz Orxan Elxan oğlu 29 iyun 1994-cü ildə Lənkəran şəhərində dünyaya göz açıb. Orta təsilini bitirib 2011-ci ildə ordu sıralarına yollanıb və Pirəkəşkül qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində, kiçik çavuş rütbəsində Vətənin xidmətində durub. Əsgərlik həyatını ləyaqətlə başa vuran Orxan 2013-2017-ci illərdə müxtəlif yerlərdə çalışıb. Daha sonra doğma Azərbaycana ürəkdən bağlanan, erməni faşistlərin işğalçılıq siyasəti ilə barışmayan Vətən sevdalısı həyatını hərbiçi kimi davam edib. Könüllü orduya yazılıb, kiçik gizir rütbəsində Dövlət Sərhəd Xidmətində çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. Vətən müharibəsi başlanan gündən yağıya qan qusdurub. Xocavəndin, Zəngilanın azadlığı uğrunda xüsusi şücaət göstərib. Noyabrın 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, Lənkəran şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Özündən sonra Vətənə əmanət bir qızı qalıb.

Orxanın müharibə meydanında göstərdiyi qəhrəmanlıq ölümündən sonra dövlət tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda” və digər medallarla qiymətləndirilib.

Çıxışlar edənlər Orxan Quluzadə ilə bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən qəhrəmanların adlarının əbədiləşdirilməsi yolunda dövlətimiz tərəfindən atılan addımlardan danışıb, şəhid ailələrinə diqqət və qayğıdan söz açıblar.

Təhsil işçilərinin, şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin bədii hissəsində şəhid Orxanın məzun olduğu Vaqif Əliyev adına şəhər 4 saylı məktəb-liseyin şagirdləri şəhidlərə və Vətənə həsr olunan mahnı, şeir ifa edib, səhnəciklər göstəriblər.

Yekunda şəhidin anası tədbirin təşkilatçılarına, eləcə də bütün iştirakçılara dərin razılığını bildirib.

Zəfər ORUCOĞLU.