Zəfərimiz əbədidir
Siyasət

Zəfərimiz əbədidir

8 noyabr ədalətin haqsızlıq üzərində Zəfər qazandığı gündür. Tarixə qızıl hərflərlə yazılan bu günü illərdir gözləyən xalqımız Ali Baş Komandanın əmri ilə "Dəmir yumruq" kimi birləşərək öz gücünü bütün dünyaya sübut etdi.

Vətən müharibəsi milli birliyimiz ilə nəticələndi. Dövlətimizin qüdrəti, ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyi sayəsində erməni işğalına son qoyuldu.

44 gündə ərazi bütövlüyünü bərpa edən dövlətimiz 1 sutkadan az çəkən antiterror tədbirləri ilə bütün dünyaya növbəti dəfə qürurunu, qüdrətini nümayiş etdirdi. Öz ərazilərində suverenliyini tam bərpa edən Azərbaycan bir daha hansı gücə qadir olduğunu göstərdi. Azərbaycan ordusu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə milli qürur dərsi keçdi. Ali Baş Komandanımız Azərbaycan dövlətini hərbi, diplomatik, informasiya, təbliğat cəbhəsində mübarizədə qalib etdi. Yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Üçrəngli bayrağımızın Qarabağın hər guşəsində dalğalanması Zəfərimizin əyani göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə doğru aparırdı. Regional və beynəlxalq sferada qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, problemlərin həllini, əməkdaşlıq formatlarının önəmli istiqamətlərini düzgün dəyərləndirməyi bacaran Azərbaycan dövləti öz qüdrətini dünyada sübut etdi. Tam əminliklə deyə bilərik ki, müasir dünyada siyasi, iqtisadi təlatümlərin yaşandığı bir vaxtda torpaqlarımızı işğaldan azad edərək ölkəmizin adını hərb və siyasət tarixinə qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun, həm də bütövlükdə regionun yeni mənzərəsini dəyişdirdi. Məhz bu fakt xalqımızın özünəinamını artırdı. Ölkə başçımızın da qeyd etdiyi kimi, Azərbaycan dövləti və xalqı qarşı tərəfdən fərqli olaraq, dağıdıcı, qurucu tərəfdir. Məhz bu məntiqə söykənərək biz daim gələcəyə baxırıq. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri, nitqində yer alan çağırışlar hər bir azərbaycanlını ruhlandırır. Artıq üç ildir ki, hər bir tarixi günümüzü Zəfər ruhunda qeyd edirik. Ən əsası isə belə önəmli günlərin işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunmasıdır. Bayrağımızın dalğalandığı Şuşada, Xankəndidə və digər ərazilərimizdə bu gün bayram ab-havası yaşanır.

Azad olunan ərazilərimizdən verilən hər bir mesaj Azərbaycanın 30 ilə yaxın dövrdə apardığı siyasi gedişin təsdiqidir. Bu mesajlar Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən yurd yerimizdən dünyaya çatdırılır. Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndi şəhərində keçirilməsi buna əyani sübutdur. Xankəndidə hərbi parad Azərbaycanın öz ərazilərində suverenliyinin tam bərpasının təsdiqidir. Xankəndidə hərbi parad regionda baş verən dəyişikliklərin əbədi olduğuna işarədir. Zəfər Günü Cənubi Qafqazda sabitliyə, inkişafa və tərəqqiyə aparan yoldur.

Biz böyük Zəfər qazandıq. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda əbədi qalacaq. Ölkə başçımız 2021-ci il dekabrın 10-da Azərbaycan Ordusunun Zəfər paradında demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq. Və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir "Dəmir yumruq" yaradıb düşməni məğlub etdik. Müharibə dövründə mən deyirdim ki, bizim "Dəmir yumruğ"umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".

Nurlan ABDALOV,

"Respublika".