İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Millimiz dünya üçüncüsü olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub. Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram). Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıblar.

"Mingəçevir Reqatası-2023" davam edir

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir Reqatası-2023" turniri davam edir.

Yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. 2007-2008-ci il təvəllüdlü idmançıların birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizəsində Amil Ramazanov çempion olub. 2007-2008-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yarışda isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb. 2007-2008-ci il təvəllüdlü oğlanların ikinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yarışda Cahangir Məmmədli ikinci yeri tutub.

Nərgiz İSMAYILOVA,

"Respublika".