Türkiyənin yeni gücü: “Albatros Kamikaze İDA
Türk dünyası

Türkiyənin yeni gücü: “Albatros Kamikaze İDA

Türkiyənin yerli və milli resurslarla istehsal etdiyi kamikaze pilotsuz dəniz gəmisi (İDA) Albatros sınaqdan uğurla keçib. Belə ki, ASELSAN-ın yerli və milli qaynaqlarla hazırladığı, tərkibindəki partlayıcının su üzərində yüksək sürətlə hərəkət etməsinə və düşmən hədəflərini vuraraq partlamasına imkan verən Kamikaze İDA Albatros üçün Mersində sınaq atışı həyata keçirilib. Sınaq atışını Hərbi Dəniz Qüvvələri Komandanlığı Qərargahında Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi prezidenti Haluk Görgün, ASELSAN-ın baş direktoru Ahmed Akyol və digər rəsmi şəxslər anbaan izləyiblər.

Sınaq çərçivəsində 8 sürü ilə hərəkət edə bilən Albatros hədəf gəmiyə hücum həyata keçirib. ROKETSAN-a məxsus döyüş sursatı olan Albatros Kamikaze İDA sürüsündən biri hədəf gəmini vuraraq partlayıb. Müvəffəqiyyətlə başa çatan sınaq atışları nəticəsində 22 metrlik hədəf gəmisi dəqiqələr ərzində suya batırılıb. Atış sınağında Dəniz Qüvvələri Komandanlığının "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) da iştirak edib. Tətbiq edilən ssenari çərçivəsində pilotsuz dəniz vasitələri "Bayraktar TB2" tərəfindən aşkar edilən hədəfə yönəldilib. Beləliklə, dünyada ilk dəfə olaraq İDA-İHA-nın birgə əməliyyatı ilə "İDA-nın sürü kamikaze hücumu" konsepsiyası nümayiş etdirilib.

Onu da qeyd edək ki, MİLGEM-5 layihəsi çərçivəsində ASELSAN tərəfindən dünyadakı sistemlərdən daha üstün performansa malik Yaxın Hava Hücumundan Müdafiə Sistemi olan GÖKDENİZ-in də zavod qəbul sınaqları artıq tamamlanıb. GÖKDENİZ sistemi zavod qəbul sınaqları tamamlandıqdan sonra MİLGEM-5 gəmisinə inteqrasiya edilib. GÖKDENİZ vertolyotlar, təyyarələr, pilotsuz uçuş aparatları və yerüstü nəqliyyat vasitələri, eləcə də gəmi əleyhinə raketlər kimi təhlükələrə qarşı gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir. GÖKDENİZ sistemi güclü rəqabətin olduğu xarici bazarda rəqiblərindən üstün xüsusiyyətləri ilə seçilir. GÖKDENİZ sistemi xaricdə müxtəlif ölkələrin Dəniz Qüvvələri tərəfindən böyük diqqət çəkərək, ixrac layihələri üçün istehsal və qəbul fəaliyyətlərini intensiv şəkildə davam etdirir.

Yaxın sahə hava hücumundan müdafiə sistemlərinin məhsul ailəsinə daxil olan KORKUT və GÖKDENİZ sistemlərinin istifadə etdiyi  ATOM 35 mm hissəcikli sursat, dəqiq zamanla proqramlaşdırılmış qoruyucu sayəsində hədəfin qarşısında parçalanaraq sıx hissəciklər buludu yaradır.  Bu xüsusiyyət lüləli silahların kiçik və sürətli hava hədəflərinə qarşı yüksək effektivlik nümayiş etdirməsinə şərait yaradır. GÖKDENİZ sistemi ASELSAN-ın yaxın sahədə hava hücumundan müdafiə sahəsində dərin təcrübəsi və nou-hausu ilə Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Sistem  tamamilə yerli və milli həllərlə istehsal edilib və yaxın hava hücumundan müdafiə sisteminin yerləşdiyi gəmini hədəf ala, gəmi əleyhinə raketləri məhv edə bilir.  ASELSAN-ın inkişaf etdirdiyi 35 mm-lik Partiküllü Sursat ilə birlikdə yüksək təsirli mənzilə malik olan sistem, hissəcik sursatları ilə klassik məhvedici sursatların eyni vaxtda yüklənməsinə və hədəf növünə görə istənilən sursatın seçilməsinə şərait yaradır. GÖKDENİZ  yaxın məsafəli HHM sisteminin cari il ərzində Türkiyə HDQ-nin döyüş gəmilərinə inteqrasiya olunması planlaşdırılıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.