Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

HİNDİSTAN PAYTAXTINDA “BÖYÜK İYIRMILIK” SAMMİTİ ÖZ İŞİNƏ BAŞLAYIB

Hindistanın paytaxtı Yeni Dehlidə sentyabrın 9-da “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti öz işinə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, toplantı iki gün davam edəcək.

Məlumata əsasən, iclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, “Böyük İyirmilik” 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir. Hindistanda keçirilən sammitdə Afrika İttifaqı “G20”yə daimi üz kimi qəbul olunub.

 

YUNANISTAN TÜRKİYƏ İLƏ QAÇQINLARLA BAĞLI YENİ SAZİŞ İMZALAMAQ İSTƏYİR

Yunanıstan Türkiyə ilə qaçqınlarla bağlı yeni saziş imzalamaq istəyir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Yunanıstanın miqrasiya və sığınacaq məsələləri üzrə naziri Dmitrios Kairidis bəyan edib.

Bununla yanaşı, nazir Türkiyədən qanunsuz yolla Yunanıstana keçməyə çalışan insanların sayının kəskin artdığını və yeni şərtlər müəyyən etməyin son dərəcə mühüm olduğunu vurğulayıb.

Yunanıstanlı nazirin sözlərinə görə, yeni saziş rəsmi Berlinin rəhbərliyi altında hazırlanmalıdır.

“Biz şimal sərhədlərimizi bacardığımız qədər qoruyuruq, lakin əsas mənbədə birlikdə fəaliyyət göstərməliyik. Əsas mənbə isə Türkiyədir və burada Almaniyanın nüfuzu həqiqətən vacib və böyükdür”, - deyə  Dmitrios Kairidis bildirib.

Qeyd edək ki, 2016-cı ildə Türkiyə ilə Avropa İttifaqı arasında qaçqınlarla bağlı saziş imzalanıb. Saziş çərçivəsində rəsmi Ankara qanunsuz miqrasiyanın qarşısını almağı öhdəsinə götürüb. Həmçinin sazişə əsasən, Avropa İttifaqı Türkiyə vasitəsilə yunan adalarına qanunsuz keçən qaçqın və miqrantları geri göndərə bilər.

 

FRANSIZLAR MAKRONU AÇILIŞ MƏRASİMİNDƏ FİTƏ BASDILAR

Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar çıxış edən prezident Emmanuel Makronu fitə basıblar. Bu barədə ölkənin “Le Parisien” nəşrinin verdiyi xəbərdə qeyd olunur.

Bildirilir ki, mərasimdə öncə Dünya Reqbi Federasiyasının prezidenti Bill Bomont çıxış edib. Daha sonra kürsüyə Emmanuel Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fitə basıblar.

Məlumata görə, Makron yalnız onun bütün çempionat iştirakçılarını və Fransa millisini dəstəkləməyə çağırışından sonra tribunalarda olanlar fit çalmağı dayandırıblar.

Eyni zamanda, “Frans-Press” agentliyi öz növbəsində qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına fit və təhqirlər eşidilib.

 

RUSİYA GÖZLƏNİLMƏDƏN BÜTÜN HƏRBİ AVİASİYASINI BELARUSDAN GERİ ÇƏKDİ

Rusiya bütün hərbi aviasiyasını Belarusdan çıxarıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Belarus Qayun” monitorinq qrupu bunun avqustun 5-də baş verdiyini açıqlayıb.

Məlumata əsasən, Rusiyanın 11 helikopteri (4 ədəd “Mi-8”, 7 ədəd “Mi-24”) “Maçulişi” aerodromundan “Seşa”ya (Rusiya) uçub. Bundan başqa, Rusiyanın 9 ədəd “Su-34” və “Su-30SM” qırıcısı da Belarusdan çıxarılıb.

“Bu helikopterlər və təyyarələrin əksəriyyəti yanvarın əvvəlindən Belarusda idi. Beləliklə, Rusiyanın Belarusdakı aviasiya komponentləri fəaliyyətlərini dayandırıb”, -  deyə monitorinq qrupdan bildirilib.

Eyni zamanda, verilən xəbərə görə, hazırda Rusiya Hərbi Hava Qüvvələrinin Belarusda yalnız 1 ədəd “Su-25” hücum təyyarəsi qalır.

 

MƏRAKEŞDƏ BAŞ VERƏN GÜCLÜ ZƏLZƏLƏDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Mərakeşdə   baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 1037 nəfərə çatıb. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. Zəlzələ nəticəsində 1200-dən çox insan xəsarət alıb.

Verilən xəbərə görə, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr uzaqlıqda, 10 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.  Bildirilir ki, 839 min nəfər əhalisi olan Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Verilən xəbərə görə, dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir. Hazırda axtarış xilasetmə işləri davam etdirilir.

Qeyd edilir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

 

RUSİYA ÇİNLƏ 160 MİLYARD DOLLARLIQ LAYİHƏLƏR ÜZƏRİNDƏ İŞLƏYİR

Rusiya və Çin dəyəri 160 milyard dollardan çox olan layihələr üzərində işləyir. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru Georgi Zinovyev bildirib.

Departament direktorunun sözlərinə görə, Rusiya tərəfi oktyabr ayında keçiriləcək “Bir kəmər, bir yol” forumu nəticəsində Çinlə investisiyalar üzrə razılaşmaların əldə olunacağını gözləyir.

“Ümumilikdə, investisiya əməkdaşlığı üzrə Rusiya-Çin hökumətlərarası komissiyasının “portfelinə” investisiya həcmi 160 milyard dollardan çox planlaşdırılan onlarca layihə daxildir və onların hamısı fəal işlənmə mərhələsindədir”, - deyə Georgi Zinovyev vurğulayıb.

Eyni zamanda, departament direktoru qeyd edib ki, Çin tərəfinin iştirakı ilə həyata keçirilən layihələr müsbət nəticələr verir: “Bunlar Yamal yarımadasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə layihələrdir. İlin birinci yarısında Rusiyanın mayeləşdirilmiş təbii qaz ixracı fiziki ifadədə 60 faizdən çox artıb”.

 

KORONAVİRUS DƏRMANI KÖRPƏNİN GÖZLƏRİNİN RƏNGİNI BƏNÖVŞƏYİ ETDI

Taylandda həkimlər koronavirusa qarşı dərman qəbul etdikdən sonra uşaqda qeyri-adi yan təsir qeydə alıblar. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Belə ki, şiddətli öskürək və qızdırma ilə Banqkok klinikalarından birinə altı aylıq körpə yerləşdirilib. Koronavirus testi müsbət nəticə verib və həkimlər uşağa xüsusi dərman təyin ediblər.

Xəbər verilir ki, körpənin anası müalicəyə başladıqdan 18 saat sonra oğlunun qəhvəyi gözlərinin bənövşəyi rəngə çevrildiyini görüb. Qorxudan qadın həkimlərə müraciət edib.

Həkimlər qadına izah ediblər ki, körpənin qəbul etdiyi dərmanın tərkibində olan flüoresan kimyəvi maddəsi onun gözünün buynuz qişasında yığılıb.

Həkimlər müalicə rejimini dəyişdirməyiblər, çünki terapiyanın uşağın orqanizminə heç bir mənfi təsiri olmayıb. Müalicə bitdikdən beş gün sonra körpənin gözünün rəngi əvvəlki rənginə qayıdıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.