İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Dünya çempionatında növbəti qaliblər bəllidir

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti qaliblər müəyyənləşib. Kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qızıl medalı 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb. İkinci yerə 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik yiyələnib. Bürünc medalı isveçrəli Paskal Baxmann əldə edib. Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub. Qadınlar arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qızıl medallı 581 xal yığan norveçli atlet Katrin Lunda, gümüş medalı 579 xalla Polşadan Karolina Romançik, bürünc medalı isə İsveçrə atleti Silviya Quiqnard Şnayder qazanıb. Komanda növündə Norveç birinci, İsveçrə ikinci, Almaniya üçüncü pilləyə sahib çıxıb.

Triatlon üzrə Azərbaycan çempionatı təşkil olunacaq

Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış sentyabrın 3-də təşkil olunacaq. Çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçiriləcək.

Yekaterinburqda qələbələr

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir. Avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalında 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar. Samboda 79 kiloqram çəkidə mübarizə aparan Adil Adilzadə rusiyalı Daniil Orlovu məğlub edib və bürünc medala yiyələnib. Üzgüçülükdə isə 200 metr məsafəyə "butterfly" növündə yarışan Ramil Vəlizadə gümüş medal qazanıb.

Taekvondoçularımız Vətənə medallarla dönüblər

Taekvondo üzrə Avropa çempionatlarında (Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında) iştirak edən milli komandanın üzvləri Vətənə qayıdıb. Millimizin üzvü Qaşım Maqomedov (58 kq) avqustun 26-da Avropa çempionu tituluna sahib olub. O, olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Daha öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər. Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar. Ümumilikdə 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".