SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Ona əbəs yerə tərəvəzlərin "kralı" demirlər

Kimdən soruşsanız hansı tərəvəz daha faydalıdır yəqin ki, heç düşünmədən yerkökü deyər. İnsanlara enerji, sağlamlıq, gümrahlıq və gözəllik bəxş edən bu bitkini elə bu səbəbdən də tərəvəzlərin "kralı" adlandırırlar.

Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan yerkökü, başda A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib komponentləri özündə ehtiva etdiyi üçün orqanizmin bir çox vitamin və mineral maddələrə olan sutkalıq tələbatını təmin edən ən faydalı tərəvəzlər arasında yer tutur. Onun ən çox bilinən faydası göz sağlamlığına verdiyi töhfədir. Belə ki, yaşla bağlı yaranan makula degenerasiyasının qarşısının alınmasında mühüm rol oynayır. Retinanı və linzanı qoruyaraq göz sağlamlığını yaxşılaşdırır. Gecə korluğu və görmə itkisi kimi riskləri azaldır.  Bitkinin tərkibindəki A vitamini, həmçinin immunitet sisteminin gücləndirilməsində də böyük rol oynayır. Bunun səbəbi isə sözügedən vitaminin immuniteti gücləndirən ağ qan hüceyrələrini dəstəkləməsidir.

Ürək-damar xəstəlikləri və hipertoniyaya qarşı da qoruyucu təsirə malik yerkökü xolesterolu aşağı salır. Tərkibindəki kalium isə orqanizmdəki artıq natriumun tullanmasına kömək edir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, üç həftəyə qədər gündə bir ədəd yerkökü istehlakı xolesterol səviyyəsini 11 faiz aşağı salır. Digər bir araşdırmada isə yerkökü istehlakının infarkt riskini 30 faiz azalda biləcəyi ortaya çıxıb. Bundan əlavə, ağ qan hüceyrələrini stimullaşdıraraq toxunulmazlığınızı artıran əsas qida maddələri, minerallar və güclü antioksidantlarla zəngin olan kök beyin sağlamlığını qoruyur, yaddaşın güclü qalmasına kömək edir.

Yerkökü digər tərəvəzlərlə müqayisədə yüksək şəkər tərkibinə baxmayaraq diabet xəstələri üçün də faydalıdır. Belə ki, tərkibindəki lif sayəsində qan şəkərinin səviyyəsini tənzimləyir. Çiy yerkökünün tərkibində olan lif yüksək fermentasiya qabiliyyətinə malikdir və bağırsaq üçün prebiotik rolunu oynayır, faydalı bağırsaq bakteriyalarını artırır, öd kisəsi, qaraciyər fermentlərinin tənzimlənməsinə kömək edir.

 

Keçmişdə insanlar necə sərinlənirdilər?

Son dövrlər planetimizdə orta temperaturun artması ilə bağlı xəbərdarlıq edilir və hesab olunur ki, qlobal istiləşmə gələcəkdə üzləşəcəyimiz ən başlıca problemlərdən biridir. Elm adamları yayda havaların  artıq 40 dərəcədən aşağı olmayacağını düşünürlər. İnsanların çoxu qızmar aylarda kondisioneri çıxış yolu kimi görür. Bəs kondisioner olmasa və elektrik şəbəkələri yüklənməyə dözməsə, insanlıq özünü necə xilas edə bilər? Qədimdə kondisioner olmayanda isti ölkələrdə insanlar nə edirdi?

Keçmişdə insanlar mələfəni soyuq suda isladıb, bərk sıxıb, bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalı idi. Bu üsulla insanlar rahat yuxuya gedirdilər. Yaş mələfə əvəzinə, hətta islaq corablardan da istifadə edilirdi.

Müasir dövrdə isə istidən qorunmaq üçün pərdələri, jalüzləri endirməklə evə düşən gün işığının qarşısını almaq olar. İsti yay günlərində dərinin nəfəs alması və tərləməməsi üçün tünd rəngli və dar geyimlərdən istifadə edilməməlidir. Əsasən təbii pambıq, kətan, ipək materialdan hazırlanan və gen-bol, açıq rəngli rahat  geyimlərə üstünlük verilməlidir.

Yayda axşamlar az lampa yandırmaq, evdəki bütün məişət texnikasını elektrikdən ayırmaqla da istiliyin qarşısını almaq mümkündür. Evin işıqlandırılmasında lampa kimi istilik vermədiyi üçün hətta şamdan da istifadə etmək olar. Qızmar yay günlərində qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Çünki bədəni daxildən isidən bu içkilər daha çox tərləməyinizə səbəb ola bilər.

 

Kimlərə dondurma yemək olmaz?

Yayın qızmar günlərində sərinləmək üçün ən çox üstünlük verdiyimiz desertlərdən biri də dondurmadır. Böyüklü-kiçikli demək olar ki, hər kəs tərəfindən sevilən bu qidanın dünyada bir çox çeşidləri var. Növlərinə görə təkcə ləzzəti deyil, onun qida dəyərləri də dəyişir. Bəs hər kəs onu rahatlıqla yeyə bilərmi? 

Tarixinə nəzər salsaq məlum olur ki, dondurma ilk dəfə dondurulmuş meyvədən hazırlanmışdır. Sonralar get-gedə qida əlavələri qatılaraq tərkibi dəyişmiş, getdikcə reseptlərinə görə fərqli növlərə ayrılmışdır. Ortalama olaraq onların tərkibi süd və ya süd tozu, şəkər, qaymaq, yağ və ya yağ tozu, dadlandırıcılar, bəzən isə meyvədən ibarət olur.

Həkimlər hər kəsin istədiyi zaman dondurma yeyə bilmədiyini söyləyirlər. Onlar xüsusilə diabet xəstələri, qlutein həssaslığı və inək südünə allergiyası olanların dondurma seçərkən diqqətli olmalarını tövsiyə edirlər. Son zamanlar şokolad örtüklü dondurmalar daha da çoxalıb. Bu da kalori, şəkər və doymuş yağ tərkibinin artması deməkdir. Əsasən diabet xəstələri vaflisiz, şokoladsız dondurma seçimləri etməlidir. Onlar qida tərkibi olaraq yağlılığı və şəkəri az olan dondurmalara üstünlük verməlidir. Həmçinin südə qarşı allergiyası olan insanlar da dondurma seçərkən daha diqqətli olmalıdırlar.

 

Alzheimer xəstəliyinin səbəbi bu imiş

Bu yaxınlarda Virciniya Texnoloji İnstitutunun alimləri Alzheimer xəstəliyi ilə bağlı əlamətdar bir yeniliyə imza atıblar. Belə ki, elm adamları sözügedən xəstəliyə düçar olan insanların beynini tədqiq edərək xəstəliyə səbəb olan defisiti tapıblar.

Məlumat üçün qeyd edək ki, Alzheimer beyin hüceyrələrinin məhvinə səbəb olan mütərəqqi nevroloji xəstəlikdir və ümumi demensiya (unutqanlığın ön planda olduğu bir xəstəliyə verilən ümumi ad) növüdür. Düşüncə, yaddaş və davranış funksiyalarının azalmasına səbəb olan bu xəstəlikdə əlamətlər yaşla birlikdə tədricən özünü göstərir. Xəstəliyin inkişaf etmiş mərhələlərə keçməsi illər çəkə bilər. İlkin mərhələdə yalnız sadə unutqanlıqla özünü göstərən bu xəstəlik zaman keçdikcə xəstənin yaxın keçmişdə baş verənləri unutmasına, ailə üzvlərini və yaxın ətrafını tanıya bilməməsinə qədər irəliləyə bilər.

Demensiyalı xəstələrin donor beyinlərini tədqiq edən alimlər onların beynində lütein, likopin və tokoferolların kifayət qədər az olduğunu ortaya çıxarıblar. Tədqiqatçılar müəyyən ediblər ki, xəstələrin beynində bu vacib antioksidantların miqdarı normadan 2-3 dəfə azdır. Gözün torlu qişası lütein və zeaksantini qidadan alaraq, özündə toplayır ki, bu da görməni yaxşılaşdırır və fotoreseptorları qoruyur. Alimlər məhz makulyar piqmentin sıxlığının müayinəsi ilə baş beyində lüteinin konsentrasiyasını təyin ediblər. Nəticələr göstərib ki, karotenoidlər və antioksidantlarla zəngin qidaların istehlakı (ərik, yemiş, pomidor, qreyfurt, qara qarağat və s.) Alzheimer diaqnozu qoyulsa da koqnitiv pozulmaları ləngidə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".