Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Dünyanın ən qeyri-adi peşələri

Dünyada bizim bilmədiyimiz yüzlərlə peşə növü mövcuddur. Müxtəlif ölkələrdə fərqli adətlərə xidmət edən bu peşələr barədə eşidəndə təəccüblənməmək mümkün deyil. Əgər hələ də öz peşənizdən şikayət edirsinizsə, yaxşı olar ki, bu peşələrə bir nəzər yetirin...

Məsələn, Hindistanda qulaq təmizləmək ayrıca bir peşə növüdür. Yalnız orada rast gələ biləcəyiniz bu peşə sahibləri ictimai yerlərdə xüsusi olaraq qulaq təmizləmək üçün fəaliyyət göstərir. Onu da qeyd edək ki, bu peşə nəsildən-nəslə ötürülərək qorunub saxlanılır. Çində isə yalançı qohum-əqrəba təklif edən xüsusi bir şirkət var ki, oradan toylarında insanların sayının çox olmasını istəyənlər bir günlük qohum-əqrəba icarəyə götürə bilirlər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var.

Bədxəbər daşıyan peşəsi də haqqında çox az eşitdiyimiz, qeyri-adi peşələrdəndir. ABŞ-da bu peşənin rəsmi adı "ağır itkilərlə əlaqədar koordinator" adlanır. Bu peşə sahibləri ildə 57 min dollar maaş müqabilində insanların həyatları barəsindəki qara xəbərləri onların yaxınlarına çatdırırlar. İnəklərin pedikürünə xidmət edən peşə də maraqlı peşə növləri arasında yer alır. Belə ki, Avropanın bəzi elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

Heç düşünmüsünüzmü, kimisə yüksək bir yerdən itələmək üçün pul qazanmaq olar? Dünyanın ən ekstremal atraksionlarına sahib olan "AJ Hackett" firmasında bu iş üçün maaş alan xüsusi işçilər var. Həm də nə az, nə azacıq - ilə 46000 dollar. Bu işdə çalışanlar 233 metr yüksəklikdə təhlükəsizlik qaydalarına riayət etməklə yanaşı, tullanmaqdan qorxanları itələməklə məşğul olurlar.

 

"Kəpənək effekti" nədir?

"Kəpənək effekti" teoremi daha çox 2004-cü ildə eyniadlı filmin işıq üzü görməsiylə populyarlıq qazanıb. Bəlkə də filmin rejissorları onu ictimaiyyətə ilkin versiyadakı adı ilə, "Xaos nəzəriyyəsi" kimi təqdim etsəydi hadisələr başqa cür olardı. Gəlin mövzunun kino tərəfini bir kənara qoyub, "kəpənək effekti"nin nə olduğunu öyrənək...

Kəpənək effekti kiçik hadisələrin böyük hadisələrə səbəb ola biləcəyini ifadə edən bir anlayışdır. Sadə bir dillə desək, bir mıx bir atın, bir at bir əsgərin, bir əsgər bir ordunun, bir ordu bir xalqın, bir xalq isə bir dövlətin varlığına səbəb ola bilər. Bu anlayış Eduard Lorenzin 1963-cü ildə apardığı hava durumu hesablamasıyla bağlıdır. Alim iki hesablama arasındakı fərqin 0,001 qədər olduğunu müəyyən etsə belə alınan nəticələrin fərqli olduğunu görüb. O, bunu "xaos nəzəriyyəsi" aldandırıb. Bu nəticələrə əsaslanaraq Lorenz təklif irəli sürüb ki, "bir kəpənəyin qanad çalması atmosferdə kiçik dəyişikliklər yaradaraq başqa yerdə fırtınaya səbəb ola bilər, yaxud onun qarşısını alar. Doğrudan da keçmişdə elə hadisələr baş verib ki, tarixdə böyük dəyişikliklərə səbəb olub. Məsələn, I Dünya müharibəsinin sonlarında ingilis ordusunda xidmət edən əsgər Henri Tendi yaralı alman əsgəri ilə qarşılaşır, silahı ona yönəldir, amma öldürmür. Bu yaralı əsgər Adolf Hitler idi. Daha sonra Hitler Almaniyanın yeni lideri olur və II Dünya müharibəsinin başlamasında böyük rol oynayır. Hitlerin başlatdığı müharibəyə görə 80 milyon insan həyatını itirir. Əgər Adolf Hitler Henri tərəfindən öldürülsəydi, bəlkə də heç II Dünya müharibəsi başlamayacaq, milyonlarla insan müharibənin qurbanı olmayacaqdı.

Odur ki, hər hansı bir qərarı verməmişdən qabaq çalışın diqqətli olun, yüz ölçüb, bir biçin. Çünki bu qərarlar gələcəkdə nəinki sizin, bütün dünyanın taleyini dəyişə bilər...

 

Sən demə, onlar da bizim kimi...

İndiana Universitetinin yaşlanma üzrə tədqiqatçısı Daniella Chusid fillərin və insanların orqanizmini müqayisəli şəkildə təhlil etdikdən sonra hər iki canlının təxminən eyni ömür uzunluğuna və bənzər xüsusiyyətlərə sahib olduqları qənaətinə gəlib.

Alim orta hesabla 70 ilə qədər yaşayan müxtəlif fil növlərinin bu qədər uzun yaşamasının səbəbini elmin köməyi olmadan öyrənmək istəyib. O, məhz bu araşdırmanı həyata keçirmək üçün Afrika, Zambiya, Konqo Respublikası, həmçinin Uqandada uzunmüddətli səfərlərdə olub və oradakı filləri hərtərəfli tədqiq edib.

"Fillər və insanlar ömür uzunluğu və sosiallıq kimi bəzi əsas xüsusiyyətlərə görə çox oxşasalar da, lakin fərqli təkamül yolları keçiblər. Bu heyvanlarda inkişaf etmiş bəzi unikal strategiyaları müəyyən edə bilsək, insanın sağlam qocalmasını daha yaxşı başa düşə bilərik. Bilirik ki, erkən yaşda çətinliklərlə üzləşən uşaqların sonrakı həyatlarında xəstəlik riski daha çox olduğu üçün onlar qısa ömür sürürlər. Düşünürəm ki, fillərin də bu uşaqlar kimi sabitlik və dəstəyə ehtiyacları var. Çünki onlar da hər şey üçün ailələrinə güvənməkdə uşaq kimidirlər. Çox sosialdırlar, geniş bir duyğu nümayiş etdirirlər və müstəsna yaddaşa sahibdirlər. Buna görə də erkən yaşda travmatik hadisələr yaşayan fillərin psixoloji durumlarının insanlarınkına tam olaraq nə qədər bənzədiyini öyrənməyə davam edəcəyik. Onların sağlamlığına və qocalmasına hansı amillərin daha çox təsir etdiyini araşdıracağıq", - deyə alim qeyd edib.

 

"Qanlı şəlalə"nin sirri bu imiş

Uzun illərdir "Qanlı şəlalə" ilə bağlı qaranlıq qalan bəzi müəmmalı məqamlar üzə çıxıb. Nəhayət ki, elm adamları Antarktida materikində olan bu şəlalənin sirrini ortaya çıxarıblar.

Qan rəngində qırmızı su şəklində axan şəlalənin yaşı milyon ildən artıqdır. Qeyd edək ki, qan kimi qırmızı şəlalə Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağarası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Daha bir maraqlı fakt da odur ki, ətrafda buzlaqlar olduğu halda, bu şəlalə heç vaxt donmur. Bunun səbəbi isə göl suyunun duzluluğunun okean suyunun duzluluğundan 10 dəfə artıq olmasıdır. Şəlalənin qırmızı rənginin  əvvəllər yosunlardan qaynaqlandığı, təxminən yarım əsrdən sonra isə dəmir duzları ilə əlaqəli olduğu ortaya çıxmışdı. Bu yaxınlarda isə yeni araşdırmada elm adamları bu fenomen haqqında daha maraqlı faktları üzə çıxarıblar.

Mütəxəssislər bildiriblər ki, su əvvəlcə şəffaf rəngə malik olur, lakin buzun altından çıxdıqdan dərhal sonra parlaq qırmızı rəngə çevrilir. Çünki dəmir havada oksidləşir və orada qeyri-adi formada olur. Alimlərin fikrincə, o, insanın qırmızı qan hüceyrələrindən 100 dəfə kiçik olan nanosferlər formasını alır. Bu nanosferlər dəmirlə, eləcə də kalsium, alüminium, natriumla zəngindir və bütün bu elementlər fərqlidir.

Tədqiqatçılar onu da vurğulayıblar ki, bir neçə il əvvəl onlar suyun mənbəyində milyonlarla ildir xarici aləmdən təcrid olunmuş mikrob ekosistemini də kəşf ediblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".