Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bu tərəvəz bizi niyə ağladır?

Yemək hazırlamaq üçün soğan doğrayacaqsınızsa, bu, artıq gözlərinizin yaşarmasına hazırsınız deməkdir. Soğanı doğramağa başladıqda ortaya çıxan yanma hissi ilə əvvəlcə gözlərimiz yaşarır, daha sonra isə refleks olaraq bu yanma hissini azaltmaq üçün gözlərimizi qırpırıq. Heç düşünmüsünüzmü bu nə üçün baş verir?

Göz hüceyrələrində üzvi birləşmələr, sistein sulfoksidlər, alliinaza fermentləri ayrı-ayrı şəkildə olur. Ancaq soğan doğramağa başlayan kimi bu maddələri ayıran maneələr qırılır və onlar birləşirlər. Nəticədə kimyəvi reaksiya baş verir - alliinazın təsiri altında sistein sulfoksidlər sulfon turşusuna çevrilir.

Sulfon turşusu çox sabit olmadığı üçün qismən qatılaşır və üzvi kükürd birləşməsinə çevrilir. Bundan əlavə, sulfon turşusu soğan hüceyrələrində mövcud olan başqa bir fermentlə birləşərək gözyaşardıcı və ya lakrimator faktoruna - uçucu üzvi birləşməyə çevrilir, havadan gözlərə çatır və onların selikli qişasının həssas sinir uclarını qıcıqlandırır. Göz yaşları gözlərdən axmağa başlayır - lakrimal vəzlərin aktiv işinin köməyi ilə gözlər qıcıqlandırıcıdan xilas olmağa çalışır.

Alimlərin fikrincə, soğanın tərkibində olan həm üzvi kükürd birləşmələri, həm də lakrimator faktoru bitkinin təkamül prosesində qoruyucu mexanizm kimi meydana çıxıb. Güman edilir ki, güclü kəskin qoxu, dad və "gözyaşardıcı qaz" bitkiyə zərər verə bilən heyvanları, həşəratları və ya parazitləri qorxutmaq üçündür.

 

Əgər insan yalan danışırsa...

Görəsən insanlar nə üçün yalan danışırlar? Bəli, əlbəttə ki, hər zaman həqiqəti danışmağa çalışan insanlar da var. Amma bununla belə, yalanı adi bir şey, həyatının bir hissəsi kimi qəbul edənlər də az deyil. Yalançı ümid edir ki, heç kim onu yaxalaya bilməyəcək. Lakin bəzi işarələr onun yalan danışdığını ələ verə bilər.

Adətən insan kimisə aldatmaq istəyəndə cavabını əvvəlcədən düşünür. Həmsöhbətin müəmmalı cavabından sonra eyni sualı fərqli formada veririk. Yalançı əvvəlki cavabını bir daha təkrarlayacaq. Aldatmaq istəyən insan cavabının ətrafında müxtəlif detallardan ibarət olan labirint qurmağa çalışır, onun əsas məqsədi yalanı gizlətməkdir. Konkretlik həqiqətə işarə edir. Müəyyən müddətdən sonra bu mövzuya yenidən qayıdın. Adətən yalançı daha əvvəl söylədiyi təfərrüatları xatırlamaqda çətinlik çəkir. Sizi aldatmaq istəyən insan çox güman ki, "nağılını" əvvəlcədən düşünüb və buna görə də tərəddüd etmədən sualınızı dərhal cavablandıracaq. Sizə elə gələ bilər ki, sanki o əvvəlcədən qeyd dəftərinə yazdığı sözləri üzdən oxuyur. Narahatedici suala hazır olmayan yalançı adətən vaxt uzatmaq üçün öskürür, əsnəyir və ya başqa bu kimi vasitələrə əl atır.

Belə bir zamanda çalışın jestlərə diqqət edin. Belə ki, insan yalan danışarkən, sözləri və jestləri bir-birinə uyğun olmaya bilər. Məsələn, "yox" deyib başı ilə "hə" cavabına işarə edən jestdən istifadə ehtimalı yüksəkdir. Həmçinin burada vizual əlaqə də böyük rol oynayır. Yalan danışan insan adətən həmsöhbətinin gözlərinə baxmır. Lakin nəzərə almaq lazımdır ki, insanların gözlərinin içinə baxmağa öyrəşməyən tiplər də var. Buna baxmayaraq, bu iki insan arasında fərq var: yalançı yalanlarına reaksiya görməkdən qorxur, buna görə də həmsöhbətinin gözləri ilə qarşılaşanda dərhal gözlərini çəkir. Ancaq təcrübəli yalançılar bilərəkdən həmsöhbətinin gözlərinin içinə baxaraq, gözlərini bir saniyəlik də olsa çəkmirlər.

Bütün bu metodlardan istifadə edərək sizi aldatmağa çalışan yalançıları müəyyən edə bilərsiniz. Çalışın belələrinin əlində "alətə" çevrilməyin!

 

Dünyanın ən qeyri-adi inancları

Dünyada yaşayan hər bir millətin özünəməxsus inancları var. Bu inancların bəziləri cəmiyyət tərəfindən maraqlı, bəziləri isə qəribə qarşılanır. Gəlin onlardan bir neçəsinə nəzər yetirək...

Məsələn, İndoneziyada Torayan adlı etnik qrupun dəfn mərasimi aylarla davam edə bilər. Dəfn mərasimi üçün lazımi vəsait toplanana qədər ailənin ölən üzvü zirzəmidə saxlanılır. Bu inanca görə, insan öldükdən sonra ruhu doğulduğu yerə qayıtmalıdır. Torayanlar ölənin ruhunun dəfn mərasiminə qədər ailə ilə yaşadığına inanırlar. Pakistanda isə Günəş tutulmasının müalicəvi gücünün olduğuna inanılır. Guya Günəş tutulması zamanı xəstə uşaqlar sinəsinə qədər torpağa basdırılarsa, o, xəstəlikdən sağalacaq. İspaniyada ilin hər bir ayı üçün 1 dəqiqədə 12 gilə üzüm yeyilir. Bu, bütün il boyunca şanslı olacaqları mənasına gəlir. Ən qəribəsi isə odur ki, 1 dəqiqədə 12 gilə üzüm yeməyi heç kim bacara bilmir. Qardaş Türkiyədə də qəribə inanclar var. Burada nahar yeməyindən sonra saqqız çeynəyən insanlara pis baxırlar. Onların fikirlərinə görə gecə vaxtı saqqız çeynəmək olmaz. İnanca görə, nahar yeməyindən sonra saqqız çeynəmək ölülərin cəsədlərini çeynəmək kimi bir şeydir. Yaponiya və Çində isə 4 rəqəmi uğursuz hesab edilir, çünki "dörd" sözü "ölüm" sözünə çox bənzəyir. Bu səbəbdən də bəzi binalarda dördüncü mərtəbə yoxdur və xəstəxanada olan liftlərdə belə 4 rəqəmi olmur. Yaponiyada belə bir qəribə inanc var. Onlar qəbiristanlığın yanından keçərkən baş barmaqlarını gizlədirlər, çünki qədim bir inanca görə, barmağını gizlətməyən adam ölüm ayağında olan valideynləri ilə vidalaşa bilmir. Buna səbəb isə böyük barmağın "valideyn barmağı" adlandırılmasıdır.

Gördüyünüz kimi, bir çoxu gülüş doğuran bu batil inanclar bəzi insanların həyatında mühüm rol oynayır. Hətta inkişaf etmiş Avropa ölkələrində belə, bir qrup insanlar bu inanclar əsasında hərəkət edir, ciddi şəkildə plan qurub dəyişdirirlər...

 

Göyərçinim, ağ quşum...

Göyərçinlər ta qədimdən sülh quşları hesab edilib. Qeyri-adi xüsusiyyətləri ilə seçilən bu quşlar həm sirli, həm də müəmmalı olmaları ilə fərqlənir. Tarix boyu onların sirlərini açmaq insanlar üçün maraqlı olub.

Keçmişdə əhliləşdirilərək poçtalyon kimi də istifadə edilən göyərçinlərin insan həyatını xilas etdiyi bir çox hadisələr baş verib. Məsələn, 1942-ci ildə almanlar ingilis sualtı qayığını vururlar. Qayıq xəsarət alaraq suyun dibinə çökür. Əgər bir cüt göyərçin olmasaydı ekipaj həlak olacaqdı. Sualtı qayıqdan torpedo aparatı vasitəsilə quşlar buraxılır. Erkək göyərçin sudan çıxana qədər boğularaq ölsə də dişi göyərçin havaya çıxmağa müvəffəq olur və təyin edilən ünvana özünü çatdırır. Sualtı qayığın ekipajı xilas edilir.

Göyərçinlər heyrətamiz görmə qabiliyyətinə malikdir. Onların gözlərini nə günəş şüası nə də şimşək işığı qamaşdırmır. Hətta bu cür şəraitdə göyərçinlər yerdə daşlar arasında düşüb qalmış kiçik buğda dənəsini belə görə bilirlər. Günəş şüaları bir yana, hətta lazer şüaları ilə də göyərçinlərin görmə qabiliyyətini sarsıtmaq mümkün deyil. Bu xüsusiyyəti onların gözünə xüsusi birləşdirici toxumalar verir. Bu toxumalar sıxlığı dəyişmək, şəffaflaşaraq və ya tündləşərək şüaları buraxmamaq kimi xüsusiyyətlərə malikdir. Çox qəribədir ki, bu quşların gözü insanlara nisbətdə saniyədə daha çox kadr qəbul etməyə malikdirlər. Müqayisə üçün qeyd edək ki, insan gözü saniyədə 24, göyərçinlərin gözü isə 75 kadr qəbul edə bilir.

Göyərçinlərin bədən quruluşları da özünəməxsusdur. Qısa, lakin möhkəm ayaqları üzərində şişman bədən və kiçik bir baş. Lələkləri cod, lakin hamar olur. Onların bədənlərində lələklərin yerləşmə sistemi uçuş zamanı hava axınına nəzarət etməyə imkan verir. Bəzi növlərində lələklər qeyri-adi formada olur və bu, onlara daha asta sürətlə uçmağa imkan yaradır. Başqa bir növlərində isə lələklər uçuş zamanı xüsusi səslər çıxarmağa imkan verir. Ən maraqlısı isə odur ki, göyərçinlər elə bu səslərin vasitəsilə ünsiyyət qururlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".