AĞSTAFANIN QIŞ QAYĞILARI
Region

AĞSTAFANIN QIŞ QAYĞILARI

Əhalinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, özəl sektorun fasiləsiz elektrik enerjisi ilə təminatı xüsusi əhəmiyyət kəsb etdiyindən Ağstafa Elektrik Şəbəkəsi tərəfindən bu sahəyə diqqət artırılmış, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması ilə bağlı konkret addımlar atılmışdır.

Rayonun ən iri yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndinin elektrik təsərrüfatı tamamilə yenidən qurulmuşdur. Kənd ərazisində 10/0,4 kV-luq şəbəkəsinin yenidən qurulması istiqamətində 10 kV-luq taxta dayaqlar metal dayaqlarla əvəz olunub, 0,4 kV-luq metal dayaqlar basdırılıb və müasir tipli yeni KTM-lər quraşdırılıb. Poylu kəndinin inzibati ərazisində 35/10 kV-luq elektrik yarımstansiyası tikilmişdir. Həmin yarımstansiya tam gücü ilə istifadəyə verildikdən sonra 5 yaşayış məntəqəsində də elektrik enerjisi ilə təminat yaxşılaşacaqdır. Bununla bərabər, Ağstafa şəhərinin mərkəzində və Poylu qəsəbəsindəki elektrik yarımstansiyalarının yükünün azalmasına səbəb olacaqdır.

Əhalinin mavi qazla fasiləsiz təmin olunması üçün Şəmkir Regional Qaz İstismarı İdarəsi Ağstafa Xidmət Sahəsi daxili imkanlar hesabına qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə şəhərin M.Ə.Rəsulzadə küçəsində diametri 57 mm-lik 320 metr, 20 Yanvar küçəsində diametri 57 mm-lik 340 metr, Füzuli küçəsində diametri 57 mm-lik 500 metr yerüstü qaz xətti çəkilmişdir. Rayon ərazisində müxtəlif diametrli 180 metr istismarı dayandırılmış 4 ədəd ŞQTM tipli qaz tənzimləyici quraşdırılmış, istismara yararsız 3 ədəd müxtəlif diametrli siyirtmə yenisi ilə əvəz edilmişdir.

Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında təmizləmə işləri aparılmış, Səməd Vurğun küçəsi 98, M.Ə.Rəsulzadə küçəsi 92 A nömrəli 5 mərtəbəli yaşayış binalarının dam örtüklərində, Şıxəli Qurbanov küçəsi 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının fasadlarında təmir işləri yerinə yetirilmişdir.

"27 №-li Yol İstismarı" MMC tərəfindən bir sıra vacib tədbirlər həyata keçirilmişdir. MMC 59 kilometr respublika, 109,0 kilometr yerli - cəmi 168,0 kilometr avtomobil yoluna xidmət edir və həmin yollarda payız-qış mövsümünə hazırlıqla bağlı ilin əvvəlindən tədbirlər planı hazırlanmış və plana uyğun tədbirlər həyata keçirilir.

Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tabeçiliyində 18 kənd həkim məntəqəsi, 14 tibb məntəqəsi, 1 Ailə Sağlamlıq Mərkəzi (ASM), 1 doğum və 1 uşaq xəstəlikləri şöbəsi fəaliyyət göstərir. Uşaq və doğum şöbələrinin istiliklə təminatı istilik sistemləri İstismarı Sahəsi tərəfindən həyata keçirilir. Kənd məntəqələri dizel sobaları ilə təmin edilmiş, Mərkəzi Xəstəxananın qazanxanasında təmir işləri aparılmış və hazırda bina istiliklə təmin edilir.

Ağstafada qış aylarında problem yaşanmır.

Vəli VƏLİYEV,

"Respublika".