DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNANIN BƏRPASI ÜÇÜN 1 TRİLYON DOLLARDAN ÇOX VƏSAİT TƏLƏB OLUNUR

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin bərpası üçün tələb olunan vəsaitin miqdarını açıqlayıb. Bu barədə “Report” agentliyi “RBK Ukraina”ya istinadən xəbər verib.

Dövlət başçısı qeyd edib ki, Ukraynanın müharibədən sonrakı bərpası üçün 1 trilyon dollardan çox vəsait tələb olunur. Zelenskinin sözlərinə görə, bu səbəbdən müəyyən şəhər və rayonları himayə altına ala biləcək prosesə tərəfdaş ölkələr də cəlb olunacaq. “Artıq biz onlarca tərəfdaş ölkəni Ukraynanın bərpasına cəlb edirik. Ümumi işlərin həcmi bir trilyon dollardan çoxdur”, - deyə o vurğulayıb.

Zelenski əlavə edib ki, himayə sistemi sayəsində ölkələr və şirkətlər konkret bölgələri, şəhərləri, əraziləri və ya müəssisələri bərpa etməyə başlaya bilərlər. Fransa, Böyük Britaniya, Niderland, Almaniya, Danimarka, Finlandiya, Polşa, Portuqaliya, İtaliya, Türkiyə, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya belə bir sistemə maraq göstərib.

Xatırladaq ki, bir müddət öncə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya yardımın yeni formasını - qardaşlaşmış şəhərlərin cəlb olunmasını təklif edib.

 

NATO ÖLKƏLƏRİ ÇİNDƏN ASILILIĞI AZALTMAQLA BAĞLI QƏRAR QƏBUL EDİBLƏR

NATO üzvü olan ölkələr Çindən asılılığı azaltmaq barədə qərar qəbul ediblər. “Trend” agentliyinin məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Yens Stoltenberqin sözlərinə görə, nazirlər Çinin “iddialı hərbi inkişafını, texnoloji sıçrayışını, artan hibrid və kiber fəaliyyətini” nəzərdən keçiriblər.

NATO-nun baş katibi qeyd edib ki, Ukrayna böhranı təchizat zəncirləri, texnologiyalar və infrastruktur baxımından alyansın ən azı Çindən asılılığının yenidən qiymətləndirilməsinə gətirib çıxarmalıdır.

“Biz Çinlə ticarət və iqtisadi əlaqələri davam etdirəcəyik, lakin biz həm də asılılığımızdan xəbərdar olmalıyıq, zəifliklərimizi azaltmalı və riskləri idarə etməliyik”, - deyə Yens Stoltenberq vurğulayıb.

 

İRANDA ETİRAZLAR ZAMANI 448 NƏFƏR ÖLDÜRÜLÜB

İranın təhlükəsizlik qüvvələri sentyabrın ortalarında başlayan və bu günə qədər davam edən etiraz aksiyaları zamanı azı 448 nəfəri öldürüb. “Report” agentliyinin məlumatına görə, bu barədə Norveçdə yerləşən İranın İnsan Haqları Qrupu bildirib.

Qrupun açıqlmasına əsasən, öldürüldüyü təsdiqlənən 448 nəfərdən 60-ı 18 yaşdan kiçik yeniyetmə və uşaqlar, habelə 9 qız və 29 qadındır. Qeyd olunur ki, təkcə son bir həftədə təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 16 nəfər öldürülüb, onlardan 12-si etirazların xüsusilə intensiv olduğu ərazilərdə qətlə yetiriliblər.

Əvvəlki həftələrdə qətlə yetirilən insanların ölümləri barədə məlumatlar təsdiqləndikdən və siyahıya daxil edildikdən sonra həlak olanların sayı daha da artıb. Bildirilir ki, qeyd edilən saya yalnız repressiya zamanı qətlə yetirilən vətəndaşlar daxildir, təhlükəsizlik qüvvələrinin əməkdaşları bu siyahıya daxil deyil.

Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda etiraz aksiyaları başlayıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq etməklə, onları kütləvi şəkildə həbs edir.

 

“TESLA”nın ELEKTRİK YÜK AVTOMOBİLİNİN NƏ QƏDƏR YOL QƏT ETDİYİ MƏLUM OLUB

Satışlara hazırlanan “Tesla Semi” elektrik yük avtomobilinin göstəriciləri açıqlanıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, “Tesla Semi” real şəraitdə bir dəfə doldurulmaqla 36740 kiloqram ağırlığında olan yük konteyneri ilə birlikdə 804 kilometr yol qət edə bilib.

Şirkətin məlumatına görə, “Tesla Semi” hətta tam yüklü olduqda belə 20 saniyəyə 96 kilometr saat sürət yığmaqla, magistral yolda, hətta sıldırımlı yoxuşlarda belə sürəti saxlaya bilir.

Qeyd edilir ki, sözügedən yük maşınının satışları 4 dəfə təxirə salınıb. 2017-ci ildə baş tutmuş təqdimatdan sonra isə “Tesla Semi”ni sifariş etmiş ilk şirkətlərdən biri “Pepsi” olub. Şirkət 100 ədəd bu yük maşınından sifariş edib. İlon Mask-ın sözlərinə görə, 1 dekabr tarixində “Pepsi” şirkəti artıq həmin avtomobilləri istifadəyə verə biləcək.

 

TÜRKİYƏ KƏŞFİYYATI TƏHLÜKƏLİ TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror PKK-nın sözdə kəşfiyyat idarəçisi “Kinda Maraş” kod adlı Fatma Onuru İraqın şimalındakı Sincar şəhərində keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Fatma Onur terror təşkilatına 1990-cı illərdə İngiltərədən qatılıb.

Məlumata əsasən, terrorçu uzun illər təşkilatın silahlı qanadında xidmət edib. Fatma Onur 2016-cı ildə təşkilatın kəşfiyyat strukturu olan NLP-də məsul səviyyəyə gətirilib və təşkilat üzvlərinə kəşfiyyatla bağlı təlimlər keçib.

Təşkilatın kəşfiyyatçıları arasında olan, İraq və Suriyada müxtəlif fəaliyyətlər həyata keçirən Fatma Onur xüsusilə İraqın Süleymaniyyə bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən çoxsaylı əməliyyatlar səbəbindən MİT-in hədəf siyahısına daxil edilmişdi.

MİT agentlərindən ibarət xüsusi bir qrup “Kinda Maraş” ləqəbli Fatma Onurun fəaliyyətini deşifrə etmək üçün ətraflı araşdırmaya başlayıb. MİT onun Sincardakı kəşfiyyat fəaliyyətini gizlətmək üçün Qəndildən gizli missiya çərçivəsində Sincara göndərildiyini müəyyən edib.

 

AVROPA KOMİSSİYASINDAN PUA BAZARI İLƏ BAĞLI YENİ STRATEGİYA TƏKLİFİ

Avropa Komissiyası pilotsuz uçuş aparatları üzrə Avropa bazarının gələcək inkişafı üçün yeni strategiya təklif edib. Bu barədə “Trend” agentliyi “İnterfaks”a istinadən məlumat yayıb.

“Yeni strategiya Avropanın pilotsuz uçuş aparatları ilə irimiqyaslı kommersiya əməliyyatlarını necə həyata keçirə biləcəyini aydınlaşdırır”, - deyə Avropa Komissiyasının  açıqlamasında qeyd olunur.

Məlumata əsasən, Avropa İttifaqının hərtərəfli tənzimləyici normativ-bazası sayəsində dronlar Avropa səmasında yüz minlərlə saat ərzində təhlükəsiz uçuşlar həyata keçirir. İnfrastrukturun tədqiqi, neft itkisinin monitorinqi və ya torpaq nümunələrinin götürülməsi buna misaldır.

Avropa İttifaqında tibb sahəsində də dronlardan istifadə etməklə, məsələn, səhiyyə xidmətləri arasında tibbi nümunələrin daşınması üçün layihələr də uğurla inkişaf edir.

Avropa Komissiyası bəyan edib ki, 2023-cü ilin yanvarında “U-space” dronların təhlükəsiz hərəkəti üçün dünyada yeganə Avropa sistemi”nin tətbiqi əməliyyat növlərinin genişləndirilməsinə zəmin yaradacaq.

 

ABŞ YENİ STRATEJİ BOMBARDMANÇISINI TƏQDİM EDƏCƏK

ABŞ dekabrın 2-də yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edəcək. “Report” agentliyinin məlumatına görə, bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder keçirdiyi brifinqdə bildirib.

“Müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatının Palmdeyl şəhərində “B-21 Raider”strateji bombardmançısının təqdimat mərasimində iştirak edəcək”, - deyə Rayder vurğulayıb.

Eyni zamanda, “19FortyFive” hərbi portalı “B-21 Raider”in nüvə qabiliyyətinə malik olduğunu və beləliklə, ölkənin nüvə triadasında mühüm rol oynayacağını açıqlayıb.

Bildirilir ki, “B-21” Hərbi Hava Qüvvələrinə düşmən hava məkanında olarkən dəqiq zərbələr endirməyə imkan verəcək.

Məlumata əsasən, bombardmançının ilk uçuşu 2023-cü ilin əvvəlinə planlaşdırılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.