DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİL TERROR TƏHLÜKƏSİNƏ GÖRƏ BƏZİ SƏFİRLİKLƏRİNİN İŞİNİ DAYANDIRIB

İsrail hakimiyyəti İrandan gələn təhdidlər səbəbindən müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilir ki, İranın mümkün cavabına qarşı çıxmaq üçün İsrail Müdafiə Ordusu hava qüvvələrinin və hava hücumundan müdafiənin döyüş hazırlığını artırıb, eləcə də hərbi məzuniyyəti ləğv edib.

Bu ərəfədə “Kan” radioşirkəti də bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyə edilməsi ilə bağlı məlumat yayıb. Diplomatik nümayəndələrə də ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.

İsrail ordusunun mətbuat katibi bildirib ki, ölkə özünə qarşı istənilən təhlükəyə ciddi yanaşır və istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə avizərbə endiriblər.  İran prezidenti İbrahim Rəisi açıqlamasında İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü hücuma görə İsraildən qisas alacağını vəd edib.

PENTAQON RUSİYANIN NEFT EMALI ZAVODLARINA HÜCUMLARI DƏSTƏKLƏMİR

Pentaqon Ukraynanın Rusiyada neft emalı zavodlarına hücumlarını dəstəkləmir. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

Pentaqon rəsmisinin sözlərinə görə, Ukrayna bu hücumları müstəsna olaraq öz gücü hesabına və öz silahları ilə həyata keçirir. “ABŞ Rusiya ərazisinə hücumlar üçün yardım göstərmir”, - deyə mətbuat katibi əlavə edib. Onun sözlərinə görə, bununla bağlı şərhlər üçün Ukrayna tərəfinə müraciət etmək lazımdır.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına reaksiyasının müsbət olmadığını bildirib. Dövlət başçısı bu hücumların Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab olduğunu diqqətə çatdırıb.

FRANSANIN MALİYYƏ VƏZİYYƏTİ FƏLAKƏTLİ HƏDDƏ ÇATIB

Fransanın maliyyə vəziyyəti fəlakətli həddədir. Ölkənin 2017-ci ildən bəri 900 milyard avro borcu yığılıb və borc yükü bu il 57 milyard avro artacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə Avropa Parlamentinin Fransadan olan üzvü Joffrua Didye Avropa Komissiyasına müraciətində bəyan edib.

Eyni zamanda, parlamentari xəbərdarlıq edib ki, agentliklər Fransanın reytinqini aşağı salsa, bu, ölkə prezidenti Emmanuel Makron və onun hökumətinə inamı pisləşdirəcək.

Joffrua Didyenin sözlərinə görə, Fransa Senatının Maliyyə Məsələləri Komitəsi ölkənin İqtisadiyyat Nazirliyini yoxlayıb və Fransa hökumətini məlumatları gizlətdiyinə görə tənqid edib.

Senat komitəsi xəbərdarlıq edib ki, kəsir hökumətin nəzarətindən çıxmağa davam edərsə, 2024 və 2025-ci illərdə müvafiq olaraq ÜDM-in 5,7 və 5,9 faizi səviyyəsinə çata bilər. Bununla belə, Komissiyaya təqdim edilən rəsmi statistikaya əsasən, onun göstəriciləri 4,4 faiz və 3,7 faiz təşkil edib.

BRİTANİYALI MİLYARDER 5 MİLYON DOLLAR CƏRİMƏLƏNİB

Böyük Britaniyadan olan 87 yaşlı milyarder Co Luis öz tanışlarına şirkətlər haqqında qeyri-qanuni səhm tövsiyələri edərək onların təxminən yarım milyon dollar pul qazanmasına imkan yaradıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, ABŞ-da keçirilən məhkəmədə Co Luisin iki il həbsi tələb olunub.

Bildirilir ki, milyarderin səhhəti, yaşı nəzərə alınaraq və ittihamlarla üzləşmək üçün Vaşinqtona gəlməsi səbəbindən ona həbs cəzası yerinə beş milyon dollar cərimə kəsilib. Milyarderin şirkətlərindən biri olan “Broad Bay Ltd” də 44 milyon dollar cərimələnib.

Məlumata görə, Baham adalarında yaşayan Co Luis müxtəlif korporativ şuralarda tutduğu mövqe sayəsində bəzi şirkətlər haqqında məxfi məlumatlar əldə edib. O, daha sonra dostlarına və şəxsi pilotlarından ikisinə həmin şirkətlərin səhmlərini almağı tövsiyə edib. Onun ötürdüyü informasiya sayəsində bu şəxslər yarım milyon dollar pul qazanıblar.

“Bloomberg” agentliyinin milyarderlər indeksinə əsasən Co Luisin və ailəsinin sərvəti 7,2 milyard dollardır. Onun hazırkı sərvətinə müxtəlif ölkədəki evlər, 90 milyon dollar dəyərində şəxsi təyyarələr, 100 milyon dollarlıq sənət kolleksiyası, və 250 milyon dollarlıq yaxta daxildir.

QƏRBİN SANKSİYALARI TÜRKİYƏNİN RUSİYA İLƏ TİCARƏTİNƏ TƏSİR EDİB

Qərbin davam edən sanksiyaları səbəbindən Türkiyənin Rusiya ilə ticarətində yavaşlama müşahidə olunur. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, ötən il Türkiyənin Rusiyaya tədarüklərindəki artımdan ən çox faydalanan maşın ixracatçıları sürətlə genişlənən sanksiyalar siyahısı və hərbi məqsədlər üçün istifadə oluna biləcək mallara qarşı sərt tədbirlər səbəbindən bu il satışlarının 1 milyard dollar azaldığını bildirirlər.

Açıqlamaya görə, bank sistemi və təchizat zəncirlərinə artan təzyiq səbəbindən iri korporativ avadanlıq istehsalçılarının Rusiyaya maraqlarını qoruyub saxlamaları mümkün deyil.

Agentliyin məlumatına əsasən, bu onu göstərir ki, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları müharibəyə baxmayaraq rəsmi Moskva ilə iqtisadi əlaqələri saxlamağa çalışan Türkiyə kimi ölkələrdə də getdikcə təsirli olur.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, birinci rübdə Rusiyaya ixrac ötən illə müqayisədə 33,7 faiz azalıb. İddiaya görə, artıq ruslar Türkiyədən neft ödənişləri üçün həftələrlə gözləməli olurlar.

ALMANİYA SON 35 İLİN ƏN RADİKAL İSLAHATINI KEÇİRMƏYƏ HAZIRLAŞIR

Almaniya hakimiyyəti ordusunun döyüş hazırlığını artırmaq məqsədilə son 35 ilin ən radikal hərbi islahatlarını həyata keçirəcək. “Financial Times” qəzetinin xəbərinə görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Nazirin sözlərinə görə, islahatların məqsədi Almaniya silahlı qüvvələrini müharibə zamanı müdafiəyə ən yaxşı şəkildə hazırlamaqdır. O, vurğulayıb ki, “heç kəsin ağlından belə NATO ərazisinə hücum etmək keçməməlidir”.

Eyni zamanda, Boris Pistorius qeyd edib ki, əsas aspekt orduya çağırışdır. Qarşıdakı həftələrdə Müdafiə Nazirliyi bu sahədə dəyişikliklər üçün yeni bir model təqdim edəcək.

İslahatlar həmçinin kibermühitdə əməliyyatların quru, dəniz və hava qüvvələri ilə eyni səviyyədə olacağını və ordunun dörd komponentinə vahid əməliyyat komandanlığının rəhbərlik edəcəyini nəzərdə tutur.

CƏNUBİ KOREYADAN UKRAYNAYA 2,3 MİLYARD DOLLARLIQ MALİYYƏ YARDIMI

Cənubi Koreya 2024-cü ildə Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq. “TASS” agentliyinin verdiyi xəbərə görə, bunu Koreya Respublikasının xarici işlər naziri Ço Txe Yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşü zamanı bildirib.

“Ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, Cənubi Koreya yaralanan Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.

Cənubi Koreyanın XİN başçısının sözlərinə görə, ölkəsi rəsmi Kiyevi silah və döyüş sursatları ilə təmin etmir və ona yalnız humanitar, eləcə də maliyyə yardımı göstərir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.