Xatirə kompleksi, qürur zirvəsi
Region

Xatirə kompleksi, qürur zirvəsi

Biləsuvarda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elçin Tağızadənin xatirəsi ehtiramla anıldı. Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib üzərinə tər qərənfillər düzdülər.

Anım mərasimində şəhid kapitan Elçin Tağızadənin ailəsi tərəfindən Zəhmətabad kəndində şəhidin xatirəsinə ucaldılmış kompleksin və yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu, qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anıldı. Bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimiz bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Tağıyev Elçin Ağaqulu oğlu 1 iyul 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı.

Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" rütbəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirməyə başlayır.

Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda döyüşüb, oktyabrın 1-də qəhrəmancasına şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Elçin Ağaqulu oğlu Tağıyev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 Ərəstun ABDULOV,

 "Respublika".