Neftçala: “Vətən Müharibəsi Qəhrəmanı” nın medalı ailəsinə şəhidin doğum günündə təqdim olundu
Sosial həyat

Neftçala: “Vətən Müharibəsi Qəhrəmanı” nın medalı ailəsinə şəhidin doğum günündə təqdim olundu

Vətən müharibəsində tarix yazan şəhidlərimizdən biri də Camal Vidadi oğlu İsmayılovdur. Camal İsmayılov 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində dünyaya gəlib. Orta məktəbi  bitirdikdən sonra 2002-ci ildə hərbi xidmətə yollanır. Hərbi xidməti zamanı yüksək rütbəli komandirlər  onun cəsurluğunu görüb. Camalın  Xüsusi Təyinatlı Qüvvələrdə  xidmət etməsini məsləhət bilmişlər. Bununla da həyatının 18 ilini hərbiyə həsr edən Camal İsmayılov bu illər ərzində Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi fəaliyyət göstərib.

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Camal İsmayılovun 37 yaşı ehtiramla anıldı. Baş gizir Camal İsmayılovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunaraq, ruhuna dualar oxundu.

Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Sumqayıt RİH-in nümayəndəsi, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər tədbirdə iştirak etdilər. İştirakçılar Camal İsmayılovun xatirəsinə yaradılan guşə ilə tanış oldular.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı Prezident cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində yağı düşmən tapdağından azad olundu. Rayon rəhbəri qeyd etdi ki, Vətən müharibəsində Azərbaycan ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin ekspertləri tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan xalqı Camal İsmayılov kimi oğullarla fəxr edir. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və Sumqayıt RİH nümayəndəsi çıxış edərək Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində dəmir yumruq ətrafında necə birləşməsini, şəhid Camal İsmayılov kimi qəhrəman oğullarımızın şücaətindən, keçdiyi döyüş yolundan söhbət açdılar.

Şəhidin anası Filarə xanımın dediklərindən məlum olur ki, oğlu Camalın həkim olmasını istəyirmiş. Camal hərbi xidmətdə olanda hərbçi peşəsini sevir və bu peşəyə qulluq etməyi qarşısına məqsəd qoyur. Hələ 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə “Yenilməz Ohanyan Xətti” olaraq tanınan müdafiə xəttini Camal və silahdaşları 40 dəqiqə ərzində darmadağın etmişlər. Bu döyüşdə göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif olunub. Camal rus və erməni dilində mükəmməl danışırmış. Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan ordusunun rabitə qovşağına qoşularaq erməni dilində erməni zabitlərinə tutduqları mövqeyi dəyişmək əmri verib, həmin  mövqeyi boşaltdırmağa nail olmuşlar. Ana bildirdi ki, Vətən müharibəsi zamanı Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin dörd nəfərdən ibarət olan qrupunun — baş gizir Camal İsmayılov, Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və Elyar Vəliyev Hadrut qəsəbəsi istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınmasında müstəsna xidmətləri olmuşdur. Camalın son döyüşü 40 nəfərdən ibarət olan qrupla oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün önəmli və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərdə olmuşdur. Ermənistan tərəfdən 200 hərbi qulluqçunun qoşulduğu bu döyüş 7 saat davam etmişdi. Nəticədə Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun Şəxsi heyətindən olan dörd nəfər baş gizir -- Camal İsmayılov, Sübhan Cəbrayılov və gizir Şəhriyar Quliyev, Elyar Vəliyev qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldilər. Ailənin dediyinə görə Camal öz valideynlərinə, ailəsinə, uşaqlarına çox bağlı olub. İki qızının intellektual yetişməsi üçün əlindən gələni etməyə çalışıb. Bir neçə ay sonra dünyaya gələcək övladı ilə bağlı da arzular, planlar qurubmuş. Lakin ən böyük arzusu olan Şuşaya bayraq sancmaq və yeni doğulacaq körpəsi ilə bağlı planlarını həyata keçirmək ona qismət olmur. Onun şəhid olması xəbərini anası Filarə xanım öz doğum günündə oktyabrın 21-də alır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı”  medalları ilə təltif olunub.

Şəhidin atası Vidadi İsmayılov, anası Filarə İsmayılova oğullarının hərbdəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri İsmayılov Camal Vidadi oğlu idi.

Şəhidin “Vətən Müharibəsi Qəhrəmanı” medalı şəhidin oğluna Neftçala RİH başçısı tərəfindən təqdim olunub.  

 

 

  Ərəstun ABDULOV,

  “Respublika”.