Xatirə bulağı
Sosial həyat

Xatirə bulağı

Yevlax rayonunun Yuxarı Salamabad kəndində 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Bəhruz Tahir oğlu Məmmədovun ad günündə xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının, YAP Yevlax rayon təşkilatının əməkdaşları, ağsaqqallar, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak etmişlər.

Yenicə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir. Tədbir iştirakçıları şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Qeyd edilmişdir ki, dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. İkinci Qarabağ savaşında şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində də tarixi nailiyyətlərə imza atdı. Fəxarət hissilə bildiririk ki, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Zəfər və mütləq Qələbə olmamışdır. Beynəlxalq aləm Azərbaycan xalqının öz müdrik liderinin, qətiyyətli Sərkərdəsinin ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən münaqişədə erməni faşizmini məhv etdiyinin, düşmən üzərində parlaq Qələbə, Zəfər qazandığının, böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişdiyinin şahidi oldu.            

Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən şəhidin xatirəsinə şahmat turniri, şəhidin təhsil aldığı Xaldan kənd tam orta məktəbi və Yuxarı Salamabad kənd tam orta məktəbi tərəfindən isə şeir müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.

Şəhid Bəhruz Məmmədov 2020-ci il noyabrın 7-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Zabit XƏLİLOV,

“Respublika”.