Veliko Turaşvili: Arzu edirəm ki, heç bir ölkədə müharibə olmasın, insanlar sülh şəraitində yaşasınlar
MÜSAHİBƏLƏR

Veliko Turaşvili: Arzu edirəm ki, heç bir ölkədə müharibə olmasın, insanlar sülh şəraitində yaşasınlar

Azərbaycanı çox sevirəm və ölkənizə məhəbbətim sonsuzdur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Cəbrayıl və Füzuli rayonlarına səfər edən gürcüstanlı müğənni Veliko Turaşvili söyləyib.

Gürcü müğənni Azərbaycan mədəniyyəti ilə maraqlandığını, xüsusilə xalq mahnılarımızı çox sevdiyini bildirib: "Azərbaycan musiqilərindən ibarət albom üzərində işləyirəm. Albomda yer alan xalq mahnılarınızı həm gürcü, həm də Azərbaycan dilində ifa edəcəyəm".

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalçılıq siyasətindən də danışan V.Turaşvili bildirib ki, müharibənin yaxşı tərəfi yoxdur, o, dağıntılar gətirir. "Çox sevinirəm ki, Qarabağda müharibəyə son qoyulub. Arzu edirəm ki, heç bir ölkədə müharibə olmasın və insanlar sülh şəraitində yaşasınlar", - deyə o əlavə edib.

Gürcüstanlı müğənni müsahibə zamanı "Sarı gəlin" xalq mahnısını da oxuyub.

AZƏRTAC