Türkiyənin təcili tibbi yardım xidməti üzrə təcrübəsinin Azərbaycanda tətbiqinə başlanılıb
Səhiyyə

Türkiyənin təcili tibbi yardım xidməti üzrə təcrübəsinin Azərbaycanda tətbiqinə başlanılıb

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müraciəti əsasında təcili tibbi yardım xidmətləri, infeksiyanın qarşısının alınması və nəzarət üzrə birgə fəaliyyətin planlaşdırılması üçün Türkiyənin Səhiyyə Nazirliyi və universitetlərindən ekspertlər dəvət edilib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti (ATU) ilə bu sahədə işbirliyinə başlayıb. Onlar ATU-nun klinikalarının təcili yardım şöbələrində, Kliniki Tibbi Mərkəzin təmir olunan Təcili Yardım şöbəsində və 103 Təcili Tibbi Yardım stansiyasında olublar, hazırda Sumqayıt xəstəxanalarında işlərini davam etdirirlər.

Layihənin açılış və təqdim mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəliyinin, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri iştirak ediblər.

Çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Halil İbrahim Durak bu təşəbbüsün Azərbaycanda təcili tibbi yardım xidməti üzrə biliklərin təkmilləşdirilməsi istiqamətində faydalı olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşlığı zəruridir: "İnanıram ki, Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi fayda verəcək. Fikir mübadiləsi aparılaraq daha uyğun modelin ölkədə tətbiqi xidmətin keyfiyyətini yaxşılaşdıracaq".

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə çıxışında Türkiyənin təcili tibbi yardım xidməti sahəsindəki təcrübəsinin pilot olaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tətbiq ediləcəyini bildirib. O qeyd edib ki, Türkiyə təcilli tibbi yardım təcrübəsinin həmin xəstəxanada sınaq mərhələsinə artıq başlanılıb: "Burada məqsəd Azərbaycandakı təcili və təxirəsalınmaz yardım xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, həmçinin coğrafi və digər faktorlar da nəzərə alınmaqla, Türkiyə təcrübəsinin Azərbaycana uyğun modelini hazırlamaqdır. Təcili tibbi yardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması ÜST-nin prioritetlərindəndir. Türkiyə təcrübəsinin Azərbaycanda olduğu kimi deyil, sadəcə, ölkəyə uyğun formatda tətbiqi planlaşdırılıb. Həmçinin ölkədəki təcili tibbi yardım xidməti üzrə biliklərin təkmilləşdirilməsi üçün Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə əlaqələrin genişləndirilməsi də vacibdir. Təcili tibbi yardım üzrə ixtisaslaşmış tibb işçilərinin yetişdirilməsi vacib faktordur. Bu, tibb təhsili verən müəssisələrlə əməkdaşlıq əlaqələrinin artırılmasını zəruri edir".

Layihə çərçivəsində ÜST-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ekspertlərlə bir sıra sahələr üzərində iş aparılacaq. Xəstəxanaya qədər və təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması, təcili tibbi yardım xidmətləri göstərən işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün yeni proqramların yaradılması, xəstəxanalarda infeksiyaların qarşısının alınması və nəzarət edilməsi üzrə biliklərin təkmilləşdirilməsi əsas istiqamətlərdir. Bu gün keçirilən simpozium qısa, orta və uzunmüddətli perspektivdə bu məsələlərlə bağlı birgə görüləcək işlərə dair texniki fikir mübadiləsinə dəstək olmaq və xəstəxana direktorlarını Türkiyə təcrübəsi barədə məlumatlandırmaq məqsədilə təşkil edilib.

AZƏRTAC