Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
Digər xəbərlər

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Nümayəndə heyətinin rəhbəri Numan Kurtulmuş “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC