Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra daha da artacaq
Türk dünyası

Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra daha da artacaq

Ölkələrimiz arasındakı ənənəvi dəyərlərə söykənən siyasi və ictimai həmrəyliklə yanaşı, iqtisadi və ticarət əlaqələri də inkişaf etdiriləcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının yüksək  səviyyəli sammiti yeni dünya nizamının formalaşması fonunda önəmli tarixi hadisə olaraq böyük rezonans yaratdı. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi statusunda üzv qəbul edildi. Bu Zirvə Görüşü, Türk Şurasının Türk Dövlətləri Təşkilatı  adlandırılması, Türkmənistanın təşkilata gətirilməsi, türk coğrafiyasının genişlənməsi sözügedən strukturun güc mərkəzinə çevrilməsi hesab oluna bilər. Bunun sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək.

Dövlət Başçıları Şurasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram". "Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışaraq dedi: "Bu çərçivədə "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş"i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır".

Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul edildi. Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi dövlət başçımızın böyük şəxsiyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk Birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

Ali Ordeni  təqdim edərkən Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsinin türk dünyasının birliyini və bərabərliyini genişləndirdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır".

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxışında bildirdi ki, "Bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir".

Xatırlamaq lazımdır ki, ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türk dövlətləri arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Türk Mədəniyyət və Miras Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif istiqamətlər kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir. Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr də mövcuddur. Belə ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir. Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır. İlk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçməsindən sonra Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olmuşdur ki, bu imkanları ilə Ələt regionda ən böyük qeyri-neft yüklərin daşınması limanıdır. Limanın da əhəmiyyəti çox önəmlidir, Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması onun önəmini artırır. Dövlətimizin iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Hazırda ölkələrimizin yerləşdiyi regionlarda həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş 121 maddədən ibarət İstanbul Bəyannaməsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması dəstəklənir. Kiprin türk xalqı ilə həmrəylik ifadə olunub, Qırğızıstanın Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti sülh yolu ilə həll etmək istiqamətində səyləri dəstəklənib. Sənəddə terrorizm, ekstremizm, separatizm, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya və nifrət təzahürlərinin bütün formaları ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq arenada bu istiqamətlərdə səylərin gücləndirilməsi qərara alınıb. Türkiyədə və regionda baş verən meşə yanğınları və sel kimi fəlakətlərdən dərin narahatlığın ifadə olunduğu bəyannamədə vurğulanıb ki, Türkiyənin təklifi ilə təbii fəlakətlərin təsirlərini azaltmaq məqsədilə ortaq axtarış-xilasetmə və reabilitasiya tədbirləri aparmaq üçün "Türk Dövlətləri Təşkilatı Mülki Mexanizmi" adı altında Türk Dövlətləri Təşkilatı strukturunda aidiyyəti qurumun yaradılması istiqamətində çalışmalara başlanmasına göstəriş verilib.

Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar qəbul edildi. Bu mühüm hadisədir. Çünki Türkmənistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərarası münasibətlərə qapalı bir ölkədir. Digər türk ölkələri müstəqillik sonrası bir çox beynəlxalq təşkilata üzv olub dünyaya inteqrasiya etsə də, Türkmənistanla vəziyyət heç də belə olmadı. Rəsmi Aşqabatın xarici siyasətdə ehtiyatlı davranması təəssüf ki, uzun müddət soykökü bir olan türk ölkələri üçün də belə oldu. Bu mənada bu gün Türkmənistanın təşkilata üzv olması olduqca vacib bir hadisədir. Türkmənistanın təşkilata üzv olması təşkilatın və ümumilikdə türk ölkələrinin iqtisadi potensialını ciddi ölçüdə artıracaq. Məsələ ondadır ki, Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib ölkələrdəndir. Bunu həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir. Xüsusilə Azərbaycanın son illərdə ərsəyə gətirdiyini TAP və TANAP layihələri ilə Avropa bazarına təbii qaz nəql edən daşıyıcı və ixracatçı ölkə olmaq istəyir. Hazırda həmin layihələr ilə Avropaya Azərbaycan 10 milyard kubmetr qaz nəql edir. Türkmənistanın "Türk Dövlətləri Təşkilatı"na qatılması sonrası Avropaya nəql olunacaq qazın həcmi 30, hətta 50 milyard kubmetrə çatdırıla bilər. Digər tərəfdən, Türkmənistanın təşkilata üzv olması həm də Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizin reallaşmasını sürətləndirə biləcək. Bu türkmən qazının Xəzər dənizi vasitəsilə TAP və TANAP layihələrinə qoşulması beləcə Avropa bazarına nəqlini sürətləndirəcək.

Türk Dövlətləri Təşkilatında əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi Azərbaycanın Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmasından sonra başladı. Bu zamana qədər Türk dünyasında siyasi bağların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl rolunu oynayıb. Konfliktin başa çatmasından sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirir. Zəngəzur dəhlizi də bu formatda yer alan bir platformadır, bu koridoru Rusiya, Çin, Avropa İttifaqı da dəstəkləyir, ABŞ-dan gələn son açıqlamalar isə Vaşinqtonun mövqeyinə korrektə etməsinin göstəricisidir. Bunun səbəbinə gəlincə, bu, regionda qlobal güclərin artan maraqlarından qaynaqlanır. "Biz Şuranın adını dəyişdirməyi qərara aldıq. Bundan sonra o, Türk Dövlətləri Təşkilatı adlanacaq. Yeni ad və strukturun sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək", - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yekun bəyanatla çıxış edərək bildirib. Türk dövlətləri Təşkilatının fəaliyyəti başqa ölkələri narahat etməməlidir: "Türk ölkələri minilliklər ərzində mədəniyyət və sivilizasiya mərkəzi olaraq qalıb. Mən əminəm ki, bundan sonra da belə olacaq. Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir. Əksinə, tarixi birliyə əsaslanan bu yüksələn qurumun bir hissəsi olmağa çalışmaq lazımdır. Bu təşkilat dövlətlərarası əlaqələrin inkişaf platformasıdır".

Mustafa KAMAL,

"Respublika".