Senator: Parlamentlərarası əlaqələr İtaliya-Azərbaycan münasibətlərinin mühüm istiqamətini təşkil edir
Siyasət

Senator: Parlamentlərarası əlaqələr İtaliya-Azərbaycan münasibətlərinin mühüm istiqamətini təşkil edir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17- İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatda Avropa İttifaqı siyasəti Komissiyasının katibi senator Marko Skurrianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost tərəfdaş ölkələr olan Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib. Münasibətlərin dərinləşməsində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin mühüm rolu diqqətə çatdırılıb. Vurğulanıb ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Parlamentlərimiz arasında əməkdaşlığın inkişafından danışan Milli Məclisin sədri hazırda hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq etdiyini bildirib.

İtaliya nümayəndə heyəti, həmçinin hazırda regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri barədə məlumat verib.

Həmçinin Ermənistanın bölgədə baş verən proseslərlə bağlı həqiqətdən uzaq məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığı, bu cür yalan məlumatların ifşa olunmasında italiyalı parlamentarilərin beynəlxalq parlament təşkilatlarında fəaliyyətinin önəmi qeyd edilib.

İtaliya parlament nümayəndə heyətinin üzvü Ettore Rosatonun Vətən müharibəsindən dərhal sonra Azərbaycana, Ağdama səfər etməsi məmnunluqla xatırlanıb. Qeyd olunub ki, onlar Ağdamda gördüklərindən dəhşətə gəliblər.

Marko Skurria ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, münasibətlərin hazırkı yüksək səviyyəsindən razı qaldıqlarını bildirib. Senator parlamentlərarası əlaqələrin ölkələrimizin münasibətlərinin mühüm bir istiqamətini təşkil etdiyini, bu sahədə uğurlu nəticələr əldə edildiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.