Peter Siyarto: Macarıstan münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası prosesində iştirakda maraqlıdır
Siyasət

Peter Siyarto: Macarıstan münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası prosesində iştirakda maraqlıdır

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 22-də Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulanıb.

Həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verib.

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqlı olduğunu ifadə edib.

Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

AZƏRTAC