Özgələrinə məxsus torpaqdan digər ehtiyaclar üçün istifadə imkanları
İQTİSADİYYAT

Özgələrinə məxsus torpaqdan digər ehtiyaclar üçün istifadə imkanları

Vətəndaşlar mülkiyyətlərində olan torpaq sahələrinə giriş-çıxış yolu kimi, o cümlədən müxtəlif kommunikasiya xətlərinin, boruların çəkilməsi məqsədilə digər şəxslərə məxsus torpaqlardan hər hansı hüquqi əsas (servitut müqaviləsi) olmadan istifadə edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, bu isə tərəflər arasında bəzən mübahisələrə yol açır.

Mülki Məcəllənin 255-ci maddəsində nəzərdə tutulmuş "servitut" anlayışı vətəndaşların bu probleminin qanunvericiliyə uyğun olaraq həllində əsas vasitədir. Belə ki, servitut müqaviləsinə əsasən vətəndaş özünəməxsus torpaq sahəsinin bir hissəsindən başqa şəxsə piyada avtomobil keçidinə, elektrik, rabitə xətlərinin, boru kəmərlərinin, su təchizatı üçün kanal (arx) çəkilişinə digər bu kimi ehtiyaclarının təmin edilməsinə dair icazə verir.

Servitut hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır tərəflərin birlikdə istifadə etdiyi hissə servitut verənin mülkiyyətində qalır. Yəni daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmçinin müqavilə əsasında mülkiyyətçi ilə yanaşı, digər şəxsin hüquqları qorunur. Belə ki, servitutla yüklü edilmiş torpaq sahəsi satılsa hüquqlar başqa şəxsə keçsə belə, servitut saxlanılır.

Qeyd edək ki, notariat qaydada təsdiqlənən müqavilədə servitutla yüklü olan daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş şəxslərdən sahədən istifadə üçün müəyyən haqq nəzərdə tuta bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

Servitutun dövlət qeydiyyatı üçün müraciət sənədlərin qəbulu elektron şəkildə həyata keçirilir. Belə ki, istifadəçilər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalına (e-emlak.gov.az) daxil olaraq müvafiq xidməti seçməklə özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət edə bilərlər.

Elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrinə müraciət edə bilərlər.

N.CAVADOV,

"Respublika".