Ot kökü üstündə bitər
Region

Ot kökü üstündə bitər

Vətən torpağını canından, qanından, hətta dünyaya gələcək övladlarından üstün tutan şəhidlərimiz düşmən üzərində Şanlı Zəfər çalmaqla, təkcə ailələrinin deyil, bütövlükdə xalqımızın başını uca etdilər, adlarını tarixə yazdılar. İkinci Qarabağ müharibəsinin Şirvan şəhərindən olan cəsur döyüşçüsü, 2020-ci il oktyabrın 3-də qəhrəmancasına şəhid olan Həsən Həsənovun ikinci övladının 1 yaşı münasibətilə ad günü şənliyi keçirildi. Bakıda yerləşən şadlıq saraylarından birində təşkil olunan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, hərbçilər, qazilər, şəhid anaları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Şəhidin 1 yaşlı oğlu Həsəncamalın babası və nənəsi tədbir iştirakçılarını salamladı, şəhid yadigarının xoş günündə onun yanında olduqları üçün tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər.

Baba və nənə onu da dedilər ki,  şəhidimizin şərəflə daşıdığı adını əbədiləşdirmək, həm də onun arzusunu həyata keçirmək məqsədilə körpəyə Həsəncamal  adı verilib.
Şəhidin xanımı Qəriyyə Həsənova hər iki övladını həyat yoldaşının adına layiq, mərd, qəhrəman böyüdəcəyini, ailəsinin və xalqının başını uca edən Həsənin adını həmişə uca tutacağını söylədi. “Ot kökü üstündə bitər”, dedi. Atalarının keçdiyi yol bütün ömür boyu övladlarıma mayak olacaq.

Qəriyyə xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Şəhidin döyüş yoldaşları balaca Həsəncamalın atası Həsənin keçdiyi  döyüş yolu, göstərdiyi şücaət nümunələrindən bəhs etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin təbriklərini və xoş arzularını şəhidin ailə üzvlərinə çatdıran aparatın əməkdaşları Rəfael Nəsirov və Sənan Qafarov şəhidlərin ən yüksək ehtirama layiq olduqlarını bildirdilər. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb şəhidlərin övladlarının dövlətimizə və xalqımıza əmanət olduğunu vurğuladılar. Şirvan Şəhər İcra Hakimiyyəti adından şəhidin övladına və xanımına hədiyyələr  təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.