Moldovanın sabiq Baş naziri: Şadam ki, azad edilmiş ərazilərdə artıq bütün diqqət müharibəyə deyil, quruculuq işlərinə yönəlib
MÜSAHİBƏLƏR

Moldovanın sabiq Baş naziri: Şadam ki, azad edilmiş ərazilərdə artıq bütün diqqət müharibəyə deyil, quruculuq işlərinə yönəlib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumu kimi bu cür tədbirlərin beynəlxalq səviyyədə qəbul olunan qərarlara təsiri böyükdür. Çünki bu tədbir cəmiyyətlər üçün ciddi təhlükə yaradan, eləcə də həyati əhəmiyyət kəsb edən bir çox qlobal məsələlər ətrafında açıq, səmimi və birbaşa müzakirələrin aparılması baxımından səmərəli platformadır.

Bunu VIII Qlobal Bakı Forumunda iştirak edən Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi AZƏRTAC-a açıqlamasında deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə münasibətilə təbriklərini çatdıran Moldovanın sabiq Baş naziri deyib: "Bu Qələbə sayəsində 30 il davam edən işğal başa çatdı. Mən çox şadam ki, artıq müharibə bitib. Artıq bütün diqqət müharibəyə deyil, bərpa və quruculuq işlərinə yönəlib. Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinə başlayıb. Bu, Qarabağa qayıdıb orada yaşayacaq insanların həyat şəraitinin yaxşılaşdırılması üçün gözəl fürsətdir", - deyə K.Qaburiçi bildirib.

O, həmçinin Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfəni, o cümlədən Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüsləri yüksək qiymətləndirib. "Siyasi liderlər Azərbaycanın təşəbbüslərinə qoşularaq onları dəstəkləyəcəklər. Ümid edirəm ki, biznes dairələri sırasında olan vacib oyunçular da bu təşəbbüslərə təkan verəcəklər. Əsas mexanizm ümumi bir yol, bir plan, bir hədəfə doğru irəliləməkdən ibarət olmalıdır. Biz hamımız birlikdə olmasaq, səfərbər olmasaq koronavirusa qalib gələ bilmərik. Çünki bu hamımızı narahat edən və qlobal gündəlikdə dayanan bir nömrəli məsələdir. Bu virusa qalib gəlmək üçün vahid cəbhədə mübarizə aparmalıyıq", - deyə keçmiş Baş nazir əlavə edib.

AZƏRTAC