Bərdə: Qarayusifli kəndində erməni terroru nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksi
Region

Bərdə: Qarayusifli kəndində erməni terroru nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksi

44 günlük Vətən müharibəsi böyükdən-kiçiyə hər bir Azərbaycan vətəndaşının Ali Baş Komandan İlham Əliyevlə, yenilməz Azərbaycan Ordusu ilə birliyini bir daha sübut etdi. Mənfur ermənilərin törətdikləri saysız-hesabsız təxribatlar Vətən oğullarını torpaqlarımızı azad etmək, düşməni müqəddəs yerlərdən qovub çıxarmaq üçün bir çağırış oldu. İgid Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq döyüş meydanında hərb tarixində analoqu olmayan cəsurluq göstərdilər.

Ötən il Vətən müharibəsində hər gün cəbhədən qələbə xəbərləri gəlir. Məramı yalnız irəli getmək olan Azərbaycan əsgəri düşməni müqəddəs torpaqlardan qovub çıxarırdı. Düşmənin yüzlərlə hərbi texnikası qənimət kimi ələ keçirilirdi. Hiyləgər düşmən Müzəffər Azərbaycan Ordusu ilə bacarmadıqda yenə də bütün insani hisslərini itirərək döyüş bölgəsindən uzaq məsafələrdə yerləşən yaşayış məntəqələrini, günahsız dinc əhalini hədəf seçirdi.

Düz bir il bundan öncə qədim Bərdə düşmən tərəfindən istifadəsi qadağan olan raketlərdən atəşə tutuldu. Nəticədə dinc sakinlər, hətta azyaşlılar həlak oldu.

Bu terror hücumu nəticəsində Qarayusifli kəndinin dinc sakinlərindən 5 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bərdədə mülki şəhidlərin xatirəsinin anılması üçün bir sıra silsilə tədbirlər keçirilir.

Erməni terroru zamanı şəhid olanların xatirəsinə inşa olunmuş  abidə-kompleksinin açılışı oldu. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, şəhid ailələrinin, məktəblilərin və kənd ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimiz anıldı, xalqımızın Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək  göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıldı.

Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn, erməni terrorunun qurbanı olan həmvətənlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.

Vəli VƏLİYEV,

“Respublika”.