Azərbaycana sərmayə yatırımı strategiyasında yeni mərhələ
İQTİSADİYYAT

Azərbaycana sərmayə yatırımı strategiyasında yeni mərhələ

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, neft-qaz layihələrinin icrası və digər sahələrdə aparılan infrastruktur islahatları nəticəsində ölkəmizdə potensial investisiya iqlimi yaradılmışdır

Yola saldığımız 2020-ci il Azərbaycan dövləti və xalqı üçün ən yaddaqalan və şanlı bir dövr kimi tarixin səhifələrinə yazıldı.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dünya müstəvisində mövqelərimizin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq Qələbə qazanılmasını, işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etdi.

Bu məqsədyönlü siyasət və iqtisadi islahatlar bu gün də uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun daha bir nümunəsidir. Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycan iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına yeni töhfə vermək məqsədi daşıyır. Əsas hədəf qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.

Məlumdur ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın çoxşaxəliliyi, Azərbaycanın ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib və mühüm layihələr icra olunub.

Dövlət başçısı cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub və Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi: “Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək”.

Məlumat üçün bildirək ki, əlverişli coğrafi vəziyyəti olan ölkələrdə (xüsusilə açıq dənizlərə çıxışı olan) bu zonalar çox böyük uğur qazanıb. Bunu nəzərə alan Azərbaycan daha səmərəli addımlar atıb və investorlar üçün daha da cəlbedici şərtlər təqdim edir. Dövlət başçısı cənab İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq sərəncam imzalayıb və 2018-ci ildə qanun qəbul edilib. Bu, həm Azərbaycanın dövlət maraqlarını, həm də investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bunun önəminə diqqət çəkən cənab İlham Əliyev bildirib ki, əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, onları buraya cəlb etmək olmazdı. Xüsusilə son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların da həcmini azaldıb. Digər tərəfdən, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Azərbaycan Prezidenti böyük cəsarətlə belə bir məqamda inamına güvənib bu tarixi addımı atdı.

Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq ki, bunun da 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri uğurla davam etdirilir, infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlər görülür.

İnvestorları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək digər vacib məsələ ölkəmizdə müasir infrastrukturun mövcud olmasıdır və bu infrastruktur layihələri son illər ərzində davamlı və ardıcıl şəkildə həyata keçirilib. İnvestorlar üçün infrastruktur layihələri, iqlimi çox önəmli şərtlərdir, - deyən cənab İlham Əliyev bildirib ki, potensial investorlar, ilk növbədə Dünya Bankının “Doing Business” hesabatına, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar.

Azərbaycan bu hesabatlarda dünya miqyasında üstün mövqelərə malikdir. Ölkəmizin kadr potensialı, mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələlərində dünyada nümunə olması və s. müsbət investisiya iqlimi yaradır. Və bunun əsas şərtlərindən biri də Azərbaycandakı ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Müsahibədə səslənən fikirlərə əsasən demək olar ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana sərmayə yatırımı strategiyasında yeni mühüm mərhələ olacaq.

Birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz, - deyən cənab İlham Əliyev bir daha vurğulayıb: “Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”.

Şükür ƏLİZADƏ,

“Respublika”.