Faktlar və rəqəmlər
İQTİSADİYYAT

Faktlar və rəqəmlər

86 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Dövlət Statistika Komitəsi bildirir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Qeyri neft-qaz sektorunda məhsul 7,1 faiz artmışdır.

Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 7,3 faiz artmışdır.

 

Əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində vəsait yönəldilib

2022-ci ildə əsas kapitala 18272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 10611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3, büdcə vəsaitləri 36,4, əhalinin şəxsi vəsaitləri 6,7, bank kreditləri 2,6, sair vəsaitlər isə 5,0 faiz təşkil etmişdir.

 

İstehlakçılara 52,2 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb

2022 -ci ildə pərakəndə ticarət şəbəkəsində, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artmışdır. 2022-ci ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,0 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları almışdır.

"Respublika".