Zamanla yüksələn nüfuz
Siyasət

Zamanla yüksələn nüfuz

Dövlət qayğısının və gərgin əməyin sayəsində ərsəyə gələn “Respublika” qəzeti nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yol keçmişdir

Azərbaycanda XIX əsrin ikinci yarısında regionda gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə sıx bağlı olan milli dövri mətbuatın yaranması və formalaşması başlandı.

İlk nömrəsinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsini qoyan “Əkinçi” qəzeti maarifçi və demokratik ideyalar təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişdir. Mütərəqqi ideyaların carçısı və tribunası olan “Əkinçi” tərəfindən bəyan edilən maariflənmə, müasirləşmə, məfkurə saflığı, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması və digər başlıca prinsiplər Azərbaycanda milli demokratik mətbuatın təməli rolunu oynadı. Bu prinsiplərdən qaynaqlanan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqın maariflənməsində, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayıb.

Şanlı tariximizin güzgüsü olan milli mətbuatımızın özü də mürəkkəb və şərəfli inkişaf yolu keçmiş, milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rol oynamış, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

Hazırda mətbuatımızın coğrafiyası və ifadə vasitələrinin çeşidi zənginləşib, qəzet və jurnalların şəbəkəsi genişlənərək respublikanın ictimai-siyasi həyatının, demək olar ki, bütün sahələrini əhatə edir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyatın digər sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, söz və məlumat azadlığının təmin edilməsi, siyasi plüralizm və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması üçün mühüm tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə azad mətbuatın fəaliyyətinin konstitusion əsasları formalaşdırıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının ictimai-siyasi fikrə təsirini, sosial-iqtisadi həyatımızın inkişafındakı mühüm rolunu və böyük əhəmiyyətini nəzərə alaraq ölkəmizdə məlum hadisələrdən öz fəaliyyətini dayandırmış və nəşr oluna bilməyən bir çox qəzetlərin çapına göstəriş verdi. Həmin dövrdə nəşrə başlayan qəzetlərdən biri də “Respublika” oldu.

1995-ci il oktyabrın 9-da üç qəzetin - “Respublika”, “Xalq qəzeti” və “Bakinski raboçi”nin nəşrə başlaması razılaşdırılsa da, “Respublika”nın ilk nömrəsinin çapı yubadılırdı. Çünki redaksiyanın fəaliyyəti üçün məkan məchul idi. İnventar və lazımi texniki avadanlıqlardan isə söhbət belə gedə bilməzdi. Bir sözlə, hər şey “sıfır”dan başlamalı idi. Nə qədər cəhd etsək də, vəziyyəti həmin “sıfır” nöqtəsindən tərpətmək mümkün olmurdu. Çoxlu sayda əngəllər, bəzi kiçik məmurların ənənəvi bürokratçılığı və s. redaksiyanın formalaşdırılmasına və fəaliyyətə başlamasına imkan vermirdi.

Jurnalist əməyinə böyük hörmətlə yanaşan, həqiqətlərin xalqa çatdırılmasında KİV-in əvəzsiz vasitə olduğunu nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət sonra vəziyyətlə maraqlanmış, mövcud situasiyadan dərhal müsbət dönüş yaradılmasına göstəriş vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin prosesə müdaxiləsindən sonra onun xeyir-duası və dəstəyi ilə “Respublika”nın ilk nömrəsi xalqımız üçün əziz və müqəddəs olan bir gündə - 1996-cı il martın 20-də işıq üzü gördü. Həftədə bir dəfə ilə nəşrə başlayan qəzetin ilk bir neçə nömrəsi “isti metalla yığım” qaydası ilə çap olundu. Ölkə başçısının yenidən xüsusi diqqət və qayğısı sayəsində qısa müddət ərzində redaksiyada həmin dövr üçün mükəmməl olan kompüter mərkəzi yaradıldı. Son model İBM kompüterlərindən (Windows-95), lazer (A3), rəngli (A4) çap qurğuları, fax-modem aparatları və digər periferik qurğulardan təşkil olunmuş kompüter mərkəzində qəzetin növbəti nömrəsi hazırlandı və 1996-cı ilin may ayında ofset üsulu ilə çap olundu.

“Respublika” qəzetinin nəşrə başlaması milli jurnalistika tarixində əlamətdar hadisə oldu. “Respublika” kimi məsuliyyətli bir ad daşıyan bu mətbu orqanı digərlərindən fərqləndirən başlıca cəhət o olmuşdur ki, xalqımız və taleyimiz üçün sınaq anlarında öz yolunu, dəst-xəttini müəyyənləşdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən hadisələri real qiymətləndirmiş, onlara düzgün mövqe bildirmişdir.

Bundan ruhlanan kollektiv qəzetin dövriliyinin gündəlik olması üçün var gücü ilə çalışmağa başladı. Redaksiya çətin sınaqlarla üzləşsə də, oxucu ilə ünsiyyət tapdı, öz yolunu, dəst-xəttini müəyyənləşdirdi.

İlk nömrələrindən yeganə məqsədi Azərbaycan dövlətçiliyinə və milli maraqlara xidmət etmək, oxucuya obyektiv və qərəzsiz informasiya çatdırmaq, respublikamızda və dünyada baş verən hadisələri doğru-dürüst işıqlandırmaq, hadisə və faktlara daha dərindən nüfuz etmək olan redaksiya qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmaqla yüksək nüfuza və hörmətə layiq olduğunu təsdiq etdi.

“Respublika” qəzetinin nəşrə başlaması milli jurnalistika tarixində əlamətdar hadisə oldu. “Respublika” kimi məsuliyyətli bir ad daşıyan bu mətbu orqanı digərlərindən fərqləndirən başlıca cəhət o olmuşdur ki, xalqımız və taleyimiz üçün sınaq anlarında öz yolunu, dəst-xəttini müəyyənləşdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən hadisələri real qiymətləndirmiş, onlara düzgün mövqe bildirmişdir.

“Respublika” çox keçmədən gündəlik qəzetə çevrildi və tirajı artmağa başladı. 1998-ci ildə 10 mindən artıq tirajla nəşr olunan qəzet bu sahədə də analoji qəzetlər arasında inamla liderlik edir və respublikamızın hər bir regionunda tədricən geniş oxucu rəğbəti qazanırdı.

Həmin dövrdə ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi və inkişafı üçün əlverişli şərait yaratmaq naminə mühüm tədbirlər həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 aprel tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 1993-cü il 15 aprel tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.

Mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi sahəsində düzgün istifadə edilməsi və s. dövlət siyasətinin əsas məqsədlərindən olduğu üçün 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edildi. KİV-in yaradılması və fəaliyyəti üçün müasir demokratik cəmiyyətdə qəbul edilmiş qanunvericilik mühitinin formalaşdırılması məqsədilə beynəlxalq standartlara cavab verən yeni qanunun qəbulu və 2000-ci il martın 6-da “2000-2001-ci illərdə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı”nın təsdiq edilməsi mətbuatın inkişafına güclü təkan verdi.

Tədbirlər Proqramına əsasən KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, KİV məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti əlavə dəyər vergisindən azad olundu.

KİV nümayəndələrini cəmiyyətin aparıcı qüvvəsi hesab edən, onların qaldırdıqları problemlərə həssaslıqla yanaşan, mətbuata göstərdiyi diqqət və qayğıda israrlı və dönməz olduğunu dəfələrlə bəyan edən ulu öndər Heydər Əliyevin bu münasibəti redaksiya kollektivini yaradıcılıq imkanlarını səfərbər etməyə, qazandığı mövqeyi qoruyub saxlamağa və yeni çalarlarla zənginləşdirməyə sövq edirdi.

Xalqımızın Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda formalaşmış qədim mədəniyyətə malik olmasına əsaslanan demokratik milli mətbuatımız zəngin və mənalı inkişaf yolu keçsə də, onun yaradılması mühüm tarixi hadisə və gün kimi rəsmi qaydada, demək olar ki, qeyd olunmurdu.

Müstəqil Azərbaycanda bir çox sahələrlə yanaşı, mətbuatın yaranmasının mühüm tarixi gün kimi qeyd olunması da ulu öndər Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə reallaşdı. İlk dəfə olaraq həmin fərmanla 22 iyul 2000-ci il tarixdə müstəqil Azərbaycanda demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli surətdə qeyd olundu.

Mətbuatın inkişafına göstərilən bu diqqət və qayğının yaratdığı işgüzar mühitdən redaksiya kollektivi ciddi şəkildə yararlanır və yaradıcılıq fəaliyyətini daha da genişləndirirdi. Artıq jurnalistlər hiss edirdi ki, onların demokratikləşmə prosesində rolu artıb, informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görülür.

Qloballaşma və informasiya əsrində dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün onların qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüququna hörmətlə yanaşılması vəzifəsinin qoyulması mətbuatın hərtərəfli inkişafına təkan verdi. Həmin dövrdə redaksiyamız dövlətin artan qüdrətindən qəzetin inkişafı yolundakı çətinliklərin aradan qaldırılması, ölkəmizdə reallaşdırılan islahatlarda, aktual problemlərin həllində, imkanları daxilində, qəzetin daha yaxından iştirakının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirməyə başladı.

Bu məqsədlə redaksiya tərəfindən ilk dəfə ictimai-siyasi məzmunlu kitabın hazırlanması üçün zəruri işlər görüldü. Kitab Rusiya Federasiyasının prezidenti V.Putinin 2001-ci ilin 9-10 yanvarında Azərbaycana ilk rəsmi səfərinə həsr olunmuşdur. “Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ” adlanan bu kitab 2001-ci ildə səfərdən dərhal sonra işıq üzü gördü. Kitabda Rusiya dövlət başçısının Azərbaycana səfərinin fotoşəkillərlə müşayiət olunan xronikası, səfərlə bağlı bir sıra xarici ölkə mətbuatında dərc olunan materiallar verilmişdir. Kitab ictimai-siyasi həyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Yeni yüzilliyin ilk illəri vətənimizin iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması, sahibkarlığın inkişafının sürətləndirilməsi, eləcə də ölkəmizin tərəqqisinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən digər ürəkaçan tədbirlərlə səciyyələndi. Həmin illərdə qəzetdə ictimai-siyasi və sosial-iqtisadi sahədə qazanılan uğurlara həsr olunmuş çoxsaylı yazılar, şərhlər və publisistik məqalələr çap olundu. BTC əsas ixrac boru kəmərinin təməlinin qoyulmasına qədər Azərbaycanda neft istehsalının tarixinə həsr olunmuş xronoloji ardıcıllıqla analitik-təhlili yazılar, aktual və çevik müsahibələr, bir sözlə, müxtəlif janrlarda yazılmış dolğun məqalələr dərc olundu.

İqtisadi islahatların sürətləndirilməsi Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edən əsas amillərdəndir. Azərbaycanda iqtisadiyyatın və sosial sahənin yüksəlişinin özəl sektorun inkişafından asılılığını düzgün müəyyənləşdirən ulu öndər Heydər Əliyev 2002-ci il aprelin 25-də yerli sahibkarlarla, mayın 14-də isə xarici iş adamları ilə görüşdü. Həmin il avqustun 17-dən sentyabrın 28-dək ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı haqqında müxtəlif fərmanlar imzalandı, əsasnamələr, proqramlar, qaydalar və tədbirlər planı qəbul edildi. Bu tarixi görüşlər və sənədlər iqtisadi islahatları sürətləndirmək, müstəqil Azərbaycanın iqtisadi qüdrətini artırmaq üçün kiçik və orta sahibkarlığın sürətli inkişafına dövlət qayğısının parlaq təzahürü olduğundan redaksiya da bu işə öz töhfəsini əsirgəmədi. Həmin görüşlər, sənədlər, bu sahəyə aid olan məqalələr və çıxışlar fotoillüstrasiyalarla birgə toplu halda redaksiya tərəfindən kitab şəklində tərtib olunaraq kütləvi tirajla “Azərbaycanda iqtisadiyyatın və sosial sahənin yüksəlişi özəl sektorun inkişafından asılıdır” adı ilə nəşr olundu.

Bundan sonra həmin sahəyə aid olan - “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair” ikinci bir kitab redaksiya tərəfindən hazırlanıb çap olundu. Bu kitablar yerli və xarici sahibkarlar üçün dəyərli vəsait olduğu üçün geniş yayıldı. Qeyd edək ki, kitablar eyni zamanda rus dilində də nəşr olunmuşdur.

Hələ sovetlər dövründə Azərbaycan dilinin dövlət dili statusunun qorunub saxlanmasında xüsusi xidmətlər göstərən ümummilli lider Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra da bu işə xüsusi önəm verdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində latın qrafikalı Azərbaycan əlifbasına keçid haqqında qərar qəbul edilsə də, bu işin gerçəkləşməsi baş tutmurdu. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alan ölkə başçısı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında 28 iyun 2001-ci il tarixli fərman imzaladı. Həmin fərmanla ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın qrafikasına keçirilməsinin təmin olunması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyuldu.

Eyni zamanda KİV-in imkanlarından Azərbaycan dilinin inkişafı sahəsində də düzgün istifadə edilməsi prioritet məsələlərdən idi. Bu baxımdan 20 iyul 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “KİV-ə dövlət qayğısının artırılması haqqında” fərmanda KİV-in inkişafına dövlət qayğısının artırılması və latın qrafikasına keçidlə bağlı yarana biləcək maddi çətinliklərin aradan qaldırılması məqsədilə dövlət səviyyəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutuldu. Həmçinin Prezidentin göstərişi ilə qəzetlərin tam latın qrafikalı əlifba ilə çap olunması qətiləşdirildi. Qeyd edək ki, həmin müddətə qədər qəzetlər həm latın, həm də kiril qrafikalı əlifba ilə çap olunurdu. Redaksiyada qəzetin latın qrafikası ilə tam şəkildə nəşri üçün xeyli işlər görüldü. Kənardan, informasiya agentliklərindən redaksiyanın elektron ünvanına gələn məlumatların (simvol-siqnal) modulyasiya olunaraq mətnə çevrilib qəzetin səhifələnmə prosesində istifadəsi problem olaraq qalırdı. Analoji redaksiyalardan biri bu prosesdə faydalı bir iş görmək istəsə də, nəticə çox səmərəsiz oldu. Belə ki, həmin redaksiya ortaya çıxan problemlərin həllini öz öhdəsinə götürüb hazır kompüter proqramı təqdim etməli olsa da, son anda bunun reallaşdırılması, istismarı baş tutmadı. Çünki rəsmi məlumatların və informasiyaların redaksiyalar tərəfindən qəbulu və emalında ciddi problemlər yarandığından qəzetin çapı qeyri-mümkün oldu. Redaksiyamız bu sahədə də öz sözünü dedi. Yaranan problem “Respublika”nın əməkdaşlarının hazırladığı alqoritmik proqram təminatı ilə aradan qaldırıldı.

Kompüter mərkəzinin işçilərinin iki günlük fasiləsiz gərgin əməyi sayəsində nəzərdə tutulan işi yerinə yetirə biləcək mükəmməl kompüter proqramı ərsəyə gəldi və ilkin istismarda özünü doğrultdu. Bununla da redaksiya yuxarıda adıçəkilən fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini vermiş oldu. Digər rəsmi qəzet redaksiyaları vəziyyətdən çıxmaq üçün həmin dövrdə Prezident Aparatına müraciət etdilər. Onların istəyini və operativliyi təmin etmək üçün Prezident Aparatının rəhbərliyinin xüsusi göstərişi ilə analoji redaksiyaları da həmin proqramla təmin etdik. Bu gün də əksər qəzet redaksiyaları həmin proqram təminatı ilə işləyir.

Jurnalistikamızın mütərəqqi ənənələrinə xidməti özünün əsas qayəsi hesab edən qəzet müasir və müstəqil Azərbaycanın şanlı tarixinin yeni salnaməçisi olmağa başladı. Onun səhifələrində ulu öndər Heydər Əliyevin müstəqil, hüquqi, demokratik Azərbaycan dövlətinin quruculuğu naminə gördüyü işlər, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində danılmaz xidmətləri öz geniş və hərtərəfli əksini tapdı.

Dilimizin saflığını, zənginliyini, zövqoxşayan şirinliyini qoruyub saxlamaq və müasir elmi-texnoloji terminlərin analoqu ilə daha da zənginləşdirmək üçün dilçi alimlərlə redaksiya sıx əməkdaşlıq yaratdı. Dil canlı varlıq kimi daim qayğı tələb edir. Nə qədər nəvaziş göstərilib cilalanarsa, dil bir o qədər gözəlləşir və daha da kütləviləşib elmi məna kəsb edir. Bu baxımdan dilçilik sahəsində çalışan alimlərin, Terminologiya Komissiyasının üzvlərinin və ekspertlərin məqalələri, mülahizə və rəyləri qəzetimizin daimi mövzularından oldu. Bəzən də konkret mövzular və terminlər barədə qəzet səhifələrində polemikalar açdıq, dəyirmi masalar təşkil etdik. Bu ənənələr bu gün də davam edir.

Azad sözə və onun daşıyıcılarına münasibətini öz mütərəqqi əməlləri ilə dəyərləndirən görkəmli dövlət xadimi Heydər Əliyev bu istiqamətdə imzaladığı yeni fərman və sərəncamlarla demokratik, plüralist mətbuatın formalaşmasına, azad sözün, fikir və məlumat azadlığının tam təmin edilməsinə çalışırdı. Yaradılan şəraitdən bəhrələnən yüzlərlə mətbuat orqanı, sürətlə inkişaf etməyə başlayan internet resursları cəmiyyət quruculuğunun fəal iştirakçısına çevrilirdi.

Mətbuat və informasiya sahəsində münasibətləri tənzimləyən dövlət qurumunun olmadığı şəraitdə ictimai özünütənzimləmə orqanının yaradılması da vacib idi. Bu baxımdan da KİV haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına ictimai nəzarətin təmin edilməsi, elektron və internet KİV-in istehsalı və yayımının tənzimlənməsi, dövlət orqanları ilə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi məqsədilə 20 iyul 2001-ci ildə “Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman bu sahədə növbəti addım oldu.

O dövrdə güclü maddi-texniki bazaya və müasir poliqrafiya avadanlığı ilə təchiz olunmuş mükəmməl kompüter mərkəzinə malik redaksiyanın elektron ünvanı və saytı yeniləndi. Bununla da redaksiyanın informasiya almaq və ötürmək imkanları daha da genişlənir, ölkənin ictimai-siyasi həyatında və müasir demokratik cəmiyyətdə rolu getdikcə artırdı.

Həmin dövrlərdə “Respublika” əhalinin müxtəlif təbəqələri arasında geniş yayılmaqla rəsmi qəzetlər arasında çoxtirajlı olması ilə seçilirdi.

Jurnalistikamızın mütərəqqi ənənələrinə xidməti özünün əsas qayəsi hesab edən qəzet müasir və müstəqil Azərbaycanın şanlı tarixinin yeni salnaməçisi olmağa başladı. Onun səhifələrində ulu öndər Heydər Əliyevin müstəqil, hüquqi, demokratik Azərbaycan dövlətinin quruculuğu naminə gördüyü işlər, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində danılmaz xidmətləri öz geniş və hərtərəfli əksini tapdı. Xalqımızın firavan və xoşbəxt gələcəyi naminə həyata keçirilən ürəkaçan tədbirlər müstəqillik mərhələsinin yeni salnaməçisinə çevrilən qəzetin aparıcı mövzuları oldu. Onun səhifələrində doğma Azərbaycanımızın siyasi, iqtisadi və mədəni sahədə qazandığı nailiyyətlərdən bəhs edən yazılarla yanaşı, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, xaricdə yaşayan azərbaycanlıların həyat tərzini və diasporun fəaliyyətini əks etdirən məqalələr də üstünlük təşkil etdi.

2003-cü ilin oktyabrında seçicilərin yüksək fəallığı ilə demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərində xalq ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamına - sabitliyə və inkişafa səs verdi. Bu seçkilərin demokratik seçki qanunvericiliyi əsasında və beynəlxalq standartlara uyğun keçirilməsi, hər bir seçiciyə öz siyasi iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şəraitin yaradılması barədə qəzetimizdə çoxsaylı məqalələr, reportajlar və analitik-təhlili yazılar dərc olundu.

Müstəqil Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşması və hüquqi bazasının yaradılması, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsi, onun qanunvericilik əsaslarının təkmilləşdirilməsi prosesləri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.