Zamanla yüksələn nüfuz
SİYASƏT

Zamanla yüksələn nüfuz

Dövlət qayğısının və gərgin əməyin sayəsində ərsəyə gələn “Respublika” qəzeti nailiyyətlərlə zəngin 25 illik çətin və şərəfli yol keçmişdir

(əvvəli 14 iyul tarixli sayımızda)

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu yolunda, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi daxili və xarici siyasət kursunun dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurlu davamına start verildiyi dövrdə də həyata keçirilən tədbirlər qəzetin aparıcı mövzusu olmaqla onların şərhi verilirdi.

Ulu öndər Heydər Əliyev tərəfindən mətbuata göstərilən qayğı və diqqətin ləyaqətlə, uğurla davam etdirilməsindən ruhlanan redaksiya kollektivi öz ənənələrinə sadiq qalaraq əməli işləri ilə bu proseslərdə daha yaxından iştirak etməyə çalışırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il 11 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.

Proqramda Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və yoxsulluq səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi kimi taleyüklü məsələlərin həlli nəzərdə tutulmuşdu.

Bu tarixi sənədin reallaşmasının ölkəmizin məhsuldar qüvvələrindən səmərəli istifadə edilməsinə, iqtisadiyyatın dinamik inkişafına və xalqımızın firavan həyat səviyyəsinin təmin edilməsinə xidmət etdiyini yetərincə duyan redaksiya şurası həmin Dövlət Proqramının kitab şəklində nəşrini qərarlaşdırdı. Qısa müddət ərzində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” kitabı işıq üzü gördü. Kitabın regionlara və orada fəaliyyət göstərən yerli sahibkarlara çatdırılması təmin edildi. Bundan sonra redaksiyanın təşəbbüsü və iştirakı ilə Proqram əsasında yaradılmış iqtisadi rayonların əksəriyyətində yerli rəhbərlərin, məsul şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirildi. Görüşlər zamanı bir-birindən iqtisadi-coğrafi mövqeyi, təbii şəraiti və ehtiyatları, əhalisinin məskunlaşma səviyyəsi, sahə və ərazi quruluşu, tarixi inkişaf xüsusiyyətləri ilə fərqlənən iqtisadi rayonlarda Dövlət Proqramının mahiyyəti daha da açıqlanırdı. Proqramın məqsədinin iqtisadi rayonların mövcud potensialından istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsulları emalının genişləndirilməsini təmin etmək və digər analoji tədbirləri həyata keçirmək olduğu xüsusi vurğulanırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərlə görüşlərində və bu sahəyə aid fərman və sərəncamlarında da mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinin, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılmasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələr olduğu xüsusi qeyd edilir.

Ölkəmizdə hərtərəfli inkişaf yeni vüsət aldığından redaksiya əməkdaşları daha çox obyektivlik, peşəkarlıq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək aktual problemlərin həllinə diqqəti artırırdılar. Oxuculara və aidiyyəti şəxslərə çatdırılası mövzunun həqiqi dəyərinə güclü inam müxbirlərimizi bu prosesdə fəal iştirak etməyə, daha dolğun və məzmunlu yazılar yazmağa sövq edirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin bir ili ərzində ölkəmizin sosial-iqtisadi inkişafına, daxili və xarici siyasətinə sonsuz oxucu, mütəxəssis və tədqiqatçı marağını nəzərə alan redaksiya Prezidentin birillik ictimai-siyasi fəaliyyətinə həsr olunmuş irihəcmli kitab hazırlamağı planlaşdırdı. Kollektivin gərgin əməyi sayəsində 2004-cü ilin dekabrında yüksək poliqrafik keyfiyyətli, nəfis tərtibatlı irihəcmli kitab böyük tirajla çap olundu. Kitabda bir il ərzində dövlət başçısının daxili və xarici siyasəti, regionlara və xarici ölkələrə səfərləri, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, nitq və çıxışları xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Kitab cəmiyyətin bütün sahələrinin inkişaf dinamikası, ölkənin sosial-iqtisadi, ictimai-siyasi prosesləri, xarici siyasət məsələləri barədə oxucuda hərtərəfli və dolğun təsəvvür yaradır.

Azərbaycan milli mətbuatının və onun bir nümayəndəsi olan “Respublika”nın ölkəmizin ictimai-siyasi həyatında və müasir demokratik cəmiyyətdə artan rolu getdikcə daha da möhkəmlənirdi. Onun uğurlu reputasiyası, zaman keçdikcə, yeni çalarlarla zənginləşirdi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, plüralist mətbuatın formalaşması, onun hüquqi bazasının yaradılması, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsi prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə idi. Azərbaycanda milli mətbuatın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2005-ci il tarixli sərəncamı bunun daha bir bariz nümunəsi oldu. Həmin sərəncamın bir bəndində Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması qərara alınmışdı. “Respublika”nın 10 əməkdaşının əməyi bu sərəncamla yüksək qiymətləndirildi. Belə ki, 5 əməkdaş “Tərəqqi” medalı ilə təltif olundu, 3 əməkdaş “Əməkdar jurnalist”, 2 əməkdaş isə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görüldü. Bu, əməyimizə verilən ən ali mükafatlardan idi.

Bu təltiflər kollektivin də özünəinamını gücləndirməklə işgüzarlıq həvəsini daha da artırdı. Jurnalistlərin dövlətin ali mükafatları ilə təltif olunmaları redaksiya kollektivini yaradıcılıq imkanlarını səfərbər etməyə, gündən-günə mövqeyini möhkəmləndirməyə, hadisə və faktlara daha dərindən nüfuz etməyə, malik olduğu səviyyəni və nüfuzu qoruyub saxlamağa və yüksəltməyə ruhlandırırdı.

Qeyd edək ki, milli mətbuatımızın 130 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn bir vəzifə kimi redaksiya kollektivi mətbuatımızın ad gününə “Heydər Əliyev və mətbuat” dördcildliyini hədiyyə etməyi qarşısına məqsəd qoydu. Yenə də bu sahədə qazanılmış təcrübəyə və ənənəyə əsaslanan kollektiv qısa müddət ərzində irihəcmli (hər bir cildi 600 səhifədən artıq) dördcildlik kitab ərsəyə gətirdi. Dördcildlik kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çoxcəhətli ictimai-siyasi fəaliyyətinin bir cəhəti - 1990-2003-cü illər ərzində ölkə daxilində, eləcə də rəsmi səfərlər zamanı xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri, müsahibələri, bəyanatları, müraciətləri və çıxışları xronoloji ardıcıllıqla öz əksini tapmışdır.

Dünya səviyyəli siyasi xadim və müdrik dövlət başçısı Heydər Əliyevin mətbuatla sıx əlaqəsini işıqlandıran dördcildlik ictimai-siyasi fikir və mətbuat tariximizlə maraqlanan oxucular, tədqiqatçılar və politoloqlar üçün fundamental tədqiqat mənbəyi olmaqla Heydər Əliyevin ölkəmizin dünya birliyində sivil ölkə kimi tanınmasında müstəsna rolu, son dərəcə gərgin, səmərəli və məhsuldar ictimai-siyasi fəaliyyəti haqqında dolğun təsəvvür yaradır.

İndi ölkəmiz sürətlə inkişaf edir, demokratikləşmə prosesi dərinləşir və cəmiyyət həyatının bütün sahələri yeniləşir. Bütün bunlar milli mətbuatımızın, o cümlədən “Respublika” qəzetinin qarşısında yeni vəzifələr qoyur.

Hazırda yüzlərlə mətbuat orqanı ilə yanaşı, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Bu gün redaksiya qarşısında duran vəzifələri yeni informasiya resurslarının ardıcıl inkişafı ilə şərtlənən mürəkkəb rəqabət mühitində yerinə yetirir.

Ölkəmizin artan imkanları KİV-in inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu şəraitdən də lazımınca istifadə olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərlə görüşlərində və bu sahəyə aid fərman və sərəncamlarında da mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinin, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılmasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələr olduğu xüsusi qeyd edilir.

2008-ci ilin oktyabrında 133 illik çətin və şərəfli yol keçmiş milli mətbuatımızın tarixində keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Ölkəmizdə ilk dəfə kütləvi tirajlı gündəlik qəzetlər MDB məkanında yeganə olan texniki çap avadanlığının köməyi ilə ən yüksək standartlar səviyyəsində rəngli çap olunmağa başlandı. Böyük oxucu auditoriyasına malik olan “Respublika” qəzeti bu prosesdə də öncüllərdən oldu. Bu, qanunvericilikdən irəli gələn dövlət qayğısının növbəti parlaq təzahürü idi.

Dövlət başçımızın 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərinin tənzimlənməsini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Bu sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) yaradılması haqqında” cənab İlham Əliyevin imzaladığı fərman həmin istiqamətdə atılmış mütərəqqi addımdır. Fondun yaradılmasında məqsəd azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etməkdir.

KİVİDDF fəaliyyətə başladıqdan sonra bir çox tədbirlərlə yanaşı, mühüm tarixi hadisələr, günlər və milli bayramlar münasibətilə jurnalist yazılarının müsabiqəsini də keçirirdi. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun istiqamətlər üzrə keçirilən jurnalist yazıları müsabiqəsində redaksiya əməkdaşları da fəal iştirak edirdi. “Respublika” müxbirləri tərəfindən müsabiqəyə təqdim olunan yazılar jurnalist əsaslandırmasına, informasiya səviyyəsinə, dil və üslub xüsusiyyətlərinə, obyektivliyinə və s. görə mükafatlara və diplomlara layiq görülmüşdür.

Azərbaycanın ictimai-siyasi həyatında, demokratikləşmə və müasir vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın mühüm rolunu nəzərə alan redaksiya bu sahədə də öz funksiyasını şərəflə yerinə yetirməkdədir. Belə ki, əməkdaşlarının peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmələri, söz və məlumat azadlığından sui-istifadənin qarşısının qətiyyətlə alınması üçün redaksiyada xüsusi tədbirlər həyata keçirilir və kollektiv bu işə səfərbər olunur.

Prezident İlham Əliyevin 2010-cu il iyunun 10-da imzaladığı “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam bu sahəyə olan diqqət və qayğının növbəti bariz nümunəsidir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ölkə mətbuatına göstərilən diqqət və qayğını uğurla davam etdirən Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuatın 135 illiyi ilə bağlı tədbirlərdə də yaxından iştirak etdi. Eyni zamanda mətbuat işçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi, KİV-ə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında sərəncamları jurnalist təşkilatları, birlikləri və redaksiyalar tərəfindən böyük rəğbətlə qarşılandı. Redaksiyamızın bir əməkdaşına həmin sərəncamla “Əməkdar mədəniyyət işçisi” fəxri adı verildi.

Yaşadığımız yeni yüzilliyin ilk dekadası həm də KİV sahəsində iri sosial layihələrə start verilməsi ilə yadda qaldı. Bu, mediaya dövlət qayğısının keyfiyyətcə tam yeni bir mərhələsinin başlanğıcı oldu. Dövlətimizin başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamında bu öz əksini tapmışdır. Həmin sərəncamda qərara alındı ki, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5.0 (beş) milyon manat vəsait ayrılsın. Həmin sərəncama uyğun olaraq üç il ərzində dövlət vəsaiti hesabına jurnalistlər üçün 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina inşa olundu və bütün mənzillər təmir edildi.

2013-cü il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi. Mərasimdə geniş nitq söyləyən dövlətimizin başçısı dedi: “Bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi”.

Doğrudan da ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi əməli nəticələrini KİV-imizin inkişafında və jurnalistlərimizin də rifah halının yaxşılaşmasında göstərir. Belə ki, qısa müddət ərzində jurnalistlər üçün yaraşıqlı, gözəl yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir.

Azərbaycanın ictimai-siyasi həyatında, demokratikləşmə və müasir vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın mühüm rolunu nəzərə alan redaksiya bu sahədə də öz funksiyasını şərəflə yerinə yetirməkdədir.

Qeyd edək ki, iyulun 22-də dövlətimizin başçısı İlham Əliyevin yeni binanın istifadəyə verilməsi mərasimindəki dərin məzmunlu nitqi, dəyərli tövsiyələri 138 illiyini qeyd edən Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin tədbirdə çağdaş Azərbaycan jurnalistikasının 156 nümayəndəsinin Prezidentin müvafiq Sərəncamı ilə tikilmiş binadan mənzil alması ölkəmizdə mətbuata dövlət qayğısının ən bariz nümunəsindən biri kimi tarixə düşdü. “Respublika” qəzeti redaksiyasının 3 (üç) əməkdaşına da bayram münasibətilə iki bloklu binadan mənzillər hədiyyə olundu. Bu hədiyyənin müstəqil Azərbaycanın Prezidenti tərəfindən təqdim olunması onun dəyərini qat-qat artırır.

Müasir Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətinin uğurla davam etdirilməsinin təzahürlərindən biri də jurnalistlərin fərdi yazı müsabiqələrinin keçirilməsidir. Müxtəlif mövzular üzrə keçirilən bu yazı müsabiqələrində redaksiyamızın əməkdaşları müsabiqənin qalibi adına və mükafatlara layiq görülmüşdür. Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə - “Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir” müjdəsini verən cənab Prezident İlham Əliyev elə həmin gün jurnalistlər üçün inşa ediləcək növbəti 17 mərtəbəli, 3 bloklu binanın təməlqoyma mərasimində iştirak etdi.

22 iyul 2013-cü il tarixli - “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Həmin sərəncamda qərara alındı ki, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında KİVİDDF-na ilkin olaraq 5.0 (beş) milyon manat ayrılsın.

Cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, xüsusilə qəzetlərin daha səmərəli fəaliyyət göstərməsinin vacibliyini hiss edən redaksiya əməkdaşları bu qayğıdan ruhlanaraq qəzeti geniş coğrafiyada yaymağı özləri üçün şərəfli vəzifə, Vətən, xalq qarşısında borc hesab etdilər.

Məhz həmin illərdə “Respublika” qəzetinin uğurlu və parlaq reputasiyasına qısqanclıqla yanaşanlar redaksiyaya qarşı gizli təqib və təzyiqlərə başladılar.

Müxtəlif forma və metodlardan istifadə edərək “xüsusi” göstərişlə qəzetin çapını da əsassız şəkildə dayandırdılar. Öz imtiyazlarından sui-istifadə etməklə inhisarçılıq və monopoliya yaradanların bu ənənəvi üsuludur. İnhisarçıların təlimində deyilir: Savaşdırır silah satarıq, xəstələndirir dərman satarıq, borclandırır para satarıq. Doğrudan da redaksiyaya qarşı olan bu “səlib yürüşü” təsirsiz ötüşmədi. Vaxtilə abunə və tirajı ilə ölkə qəzetləri arasında liderlik edən “Respublika”nın tirajı yarıbayarı azaldığından ciddi maliyyə sıxıntıları yaşanmağa başladı və qəzet bağlandı. Bizə “pul tapıb borcunuzu ödəyin” - mesajını çatdırdılar. Maliyyə mənbələri formalaşdırıb redaksiyanı yaşatmağın tək yolu abunənin yenidən yüksəldilməsi idi. Əməkdaşlar arasında, necə deyərlər, “abunə səfərbərliyi” elan olundu. Bəziləri vəziyyətlə barışıb, təslimçilik nümayiş etdirsələr də, vəziyyəti düzgün dəyərləndirən, fədakar, qətiyyətli və inadkar  əməkdaşlarımız sayəsində qəzetin çapı üçün kifayət edəcək abunə toplaya bildik.

Ulu öndərimiz Heydər Əliyevin ideallarına sadiq olan redaksiya əməkdaşları öz şərəfli missiyalarını yüksək səviyyədə yerinə yetirməyə, etimadı bundan sonra da layiqincə doğrultmaqda israrlı olduqlarından belə hallar onları sarsıtmadı. Əksinə yüksək həvəs və tükənməz enerji ilə milli mətbuatımızın növbəti yubileyinə yeni töhfələrlə gəlməyə hazırlaşdılar. Onları buna ruhlandıran da azad sözə, siyasi plüralizmə, fərqli düşüncəyə kifayət qədər plüralist yanaşan dövlət başçısının Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı idi.

200-dən çox qəzetin nəşr olunduğu ölkəmizdə redaksiyamız milli həmrəyliyin möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, diaspor quruculuğu, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdə fərqlənirdi.

Görkəmli ziyalı, publisist, təbiətşünas-alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazdığından “Respublika” qəzeti yubiley münasibətilə xüsusi buraxılış seriyasından “Həsən bəy Zərdabi” adlı kitabı kütləvi tirajla nəşr etdirdi. Oxuculara təqdim olunan kitab “Əkinçi” qəzetini nəşr etməklə milli mətbuatın bünövrəsini qoyan Həsən bəy Məlikov Zərdabinin həyatı, mühiti və mübarizəsi barədə dolğun təsəvvür yaradır.

Yubileylə əlaqədar milli mətbuatın inkişafında xidmətləri olan bir qrup jurnalist Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mükafatlandırıldı. Müxtəlif fəxri ad və mükafatlara layiq görülənlər arasında “Respublika” qəzetinin də 6 əməkdaşı var idi. Onlardan 2-si “Əməkdar jurnalist” fəxri adına, 1-i “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 3-ü isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması prosesinin 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyduğu hamımıza bəllidir. Son illər isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələrin icra edilməsi ənənə halını alıb. Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, KİV nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.

Son illər Azərbaycan öz inkişaf göstəriciləri, beynəlxalq aləmdə nüfuzu ilə diqqəti cəlb etdiyindən ölkəmizə gələn turistlərin sayı da artıb. Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir, həmçinin cəmiyyətdə islahatlar təkamül yolu ilə aparılır.

Redaksiya əməkdaşları öz məqalə, müsahibə və yazılarında bu məsələləri önə çəkir, insanları narahat edən problemlərdən söhbət açır, cəmiyyəti məlumatlandırırlar. Bu səbəbdən də dövlətimizin başçısı çıxışlarının birində demişdir: “Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə də jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.

Özləri də bilmədən ölkə başçısının köməkçiləri olan jurnalistlərimiz Azərbaycanın qazandığı böyük uğurlardan, icra olunan meqalayihələrdən həvəslə yazılar hazırlayarkən vətənpərvərliyi və milli maraqları hər şeydən üstün tutur. Çox mühüm, mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ölkəmizin ev sahibliyi etməsi haqqında məqalələrin hazırlanması artıq redaksiyada ənənəyə  çevrilib.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi zamanı redaksiya əməkdaşları xüsusi fəallıq və operativlik göstərdilər.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.