Yeni məntəqələrdə azad seçki üçün tam şərait yaradılıb
Sosial həyat

Yeni məntəqələrdə azad seçki üçün tam şərait yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad olunaraq quruculuq dövrünə qədəm qoyan Zəngilan və Qubadlı rayonlarında da siyasi kampaniyanın uğurla keçirilməsi üçün həlli vacib işlər görülür.

Belə ki, 30 ildən sonra ilk dəfə olaraq yeni seçki məntəqələri yaradılıb. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin sədri Əli Mönsümov bildirdi ki, 63 seçki məntəqəsinin 35-i Zəngilan, 28-i isə Qubadlı rayonunun seçiciləri üçün nəzərdə tutulub. Düşmən əsarətində olan bütün torpaqlarımız azad edildiyindən Zəngilan rayonunda 3, Qubadlı rayonunda isə 1 yeni seçki məntəqəsi yaradılıb. Seçkilərin keçirilməsinin qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi üçün yanvar ayının 2-dən başlayaraq 3 dəfə hər iki rayona gedərək yeni məntəqələr yaratmışıq. 33 saylı seçki məntəqəsi (1217 seçici) Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində, 61 saylı seçki məntəqəsi (615 seçici) Alıbəyli kənd "DOST AQROPARK"ın inzibati binasında, 62 saylı seçki məntəqəsi (557 seçici) "KAL YON" şirkətinin binasında, 63 saylı seçki məntəqəsi (1312 seçici) isə Qubadlı rayonunun Xanlıq kəndində "POLAT YOL" şirkətinin inzibati binasında yerləşir. İki gün əvvəl yeni yaradılan bütün məntəqələrin iş şəraiti ilə yerində tanış olmuşam. Seçki dairəsinin bütün məntəqələrində olduğu kimi, həmin məntəqələrin hər birində də qanunvericiliyə uyğun olaraq seçki prosesini normal keçirmək üçün hərtərəfli şərait yaradılıb. Təhlükəsizliklə bağlı bütün məsələlər öz həllini tapıb. Polis əməkdaşları qanunvericiliyə əsasən ictimai qaydanın qorunması və ictimai asayişin bərpa edilməsi kimi xidməti vəzifələrini yerinə yetirir. Ümumilikdə, 32307 seçici Zəngilan rayonu üzrə 62, 25027 seçici isə Qubadlı rayonu üzrə 28 məntəqədə səs verəcək.

Seçicilərin yaş həddinə toxunan Əli Mönsümov qeyd etdi ki, 57 334 seçicinin ən böyüyü olan Məstan Əsədovanın 114, Telli İsmayılovanın 111, Məmmədalı Mustafayev, Firəngiz Aslanova və Nobat Vəliyevanın isə hər birinin 100 yaşı var. Uğur Əlmuradov və Əli Heydərzadənin isə seçki günü 18 yaşı tamam olacaq. Bu iki gənc seçiciyə seçki bülleteni ilə bərabər, MSK tərəfindən xüsusi təbrikin də verilməsi nəzərdə tutulub.

İşğaldan azad olunmuş bölgələrdə yaradılan seçki məntəqələrində səs verən seçicilərə də Mərkəzi Seçki Komissiyasının özəl müraciəti təqdim ediləcək. Həmin müraciətdə qeyd olunacaq: "Hörmətli seçici, Siz işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə keçiriləcək səsvermədə iştirak imkanı əldə etmiş seçicisiniz. Bu əlamətdar hadisə münasibətilə Sizi təbrik edir, konstitusion hüququnuzun azad və sərbəst şəkildə reallaşmasında müvəffəqiyyətlər arzulayırıq".

Zəngilan rayonunun Ağalı kəndində yaşayan, müharibə veteranı Baloğlan Mirzəyev növbədənkənar prezident seçkilərinin azad olunmuş torpaqlarımızda keçirilməsini sevinc hissi ilə qarşıladığını bildirdi. Qeyd etdi ki, bu gün biz dünyanın ən xoşbəxt insanlarıyıq. Qəhrəman ordumuzun yüksək döyüş rəşadəti və igidliyi sayəsində torpaqlarımız düşmən tapdağından azad edilib. Bununla yanaşı, Ermənistanın vandal siyasəti nəticəsində darmadağın edilən yurd yerlərimiz müasir tələblər səviyyəsində yenidən qurulub və biz öz doğma torpaqlarımızda rahat və təhlükəsiz şəraitdə yaşayırıq. İndi isə növbədənkənar prezident seçkilərində azad və sərbəst şəkildə səs verməyə hazırlaşırıq. Dünyada bundan da böyük xoşbəxtlik ola bilərmi? Mən bir müharibə veteranı olaraq bu hissləri daha dərindən dərk edir və rayonumuzda görülən işləri yüksək qiymətləndirirəm. Çünki ölkəmizin necə böyük sürətlə tərəqqi etdiyini hər gün görürəm, qələbəmizin əsrlər boyu bizə əbədi xoşbəxtlik bəxş edəcəyinə əminəm.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".