Xankəndidə alovlanan Novruz tonqalıhər birimizi fərəhləndirdi
Sosial həyat

Xankəndidə alovlanan Novruz tonqalıhər birimizi fərəhləndirdi

Novruz xalqımızın ən əziz bayramıdır. Bu bayram illərin sınağından çıxıb, təzyiqlərə, qadağalara baxmayaraq, öz dəyərini qoruyub saxlayıb. Uzun illər xalqımız tərəfindən böyük istəklə, təmtəraqla, xoş ovqatla qeyd olunan Novruzda nə qədər sevinsək də, Qarabağ həsrəti bizi rahat buraxmırdı. Hər dəfə arzu edirdik ki, növbəti bayramı Şuşada, digər işğal altındakı torpaqlarımızda qeyd edək. Bu, uşaqdan böyüyə hər bir azərbaycanlının müqəddəs arzusu idi. "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır", - deyən ulu öndər uzaqgörənliklə bu günü təsvir edirdi. Artıq bir neçə ildir bu arzularımız çin olub. Məhz Heydər Əliyev ideyalarının müdrikliyi, onun siyasi kursunun gücü, layiqli davamçısı cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı və sərkərdəlik qabiliyyəti bizi öz torpaqlarımıza qaytardı.

Artıq Şərqi Zəngəzur və Qarabağımıza həyat qayıdıb. Sakinlər öz ata-baba yurdlarında, onlar üçün dövlətimiz tərəfindən inşa edilmiş evlərdə Novruzu qarşılayırlar. Qarabağımızda alovlanan Novruz tonqalını görəndə hər birimizin qəlbi fərəh hissi ilə dolur, çünki biz uzun illər bu həsrətlə yaşadıq. Şəhidlərimizi unuda bilmərik, onlar öz canları bahasına bu həsrətə son qoydular. Eləcə də qazilərimizin, bütün müharibə iştirakçılarının Vətən qarşısında xidməti xalqımızın qəlbindən silinməyəcək. Onlar dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük və çətin missiyanı rəşadətlə, şərəflə, ləyaqətlə yerinə yetirdilər. Odur ki, onlar bizim cəmiyyətin ən hörmətli, əziz üzvləridir. Həmçinin şəhid valideynləri, onların yadigar qalan övladları... Dövlətimiz tərəfindən onlara hər cür dəstək var, hətta mən deyərdim ki, dünyada Azərbaycan qədər şəhid ailələrinə yüksək qayğı göstərən başqa dövlət yoxdur. Təbii ki, bu, ölkəmizin başçısı cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin mahiyyətindən, xalqımıza olan dərin məhəbbətindən irəli gəlir.

Möhtərəm Prezidentimiz artıq dördüncü ildir ki, Novruz tonqalını işğaldan azad edilmiş torpaqlarımızda qalayır, xalqımızı oradan təbrik edir. Bu dəfə də cənab İlham Əliyev bizi Xankəndidən təbrik etdi. Xalqımızın bütün arzu və istəklərini yerinə yetirən Prezidentimiz oradan daha bir müjdəni səsləndirdi - keçmiş məcburi köçkünlər bu il Xankəndiyə qayıdacaqlar. Separatçılar uzun illər bu şəhəri özününküləşdirmək üçün bütün vasitələrə əl atdılar, saxta yollarla şəhəri öz milli kökündən ayırmağa, kimliyini dəyişməyə çalışdılar. Hətta yalanlarına, uydurmalarına özləri belə inanmışdılar. Hesab edirdilər ki, həmin ərazilər, şəhərlər onlarındır. Amma Prezidentimiz cənab İlham Əliyev onların bütün işğal planlarını məhv etdi, separatçıların liderlərini, dinc azərbaycanlıların hədəf alınması qərarını verənləri əli-qolu bağlı Bakıya gətirtdi. Sübut etdi ki, bu ərazilər azərbaycanlılara məxsusdur, Qarabağın digər şəhərləri kimi, Xankəndi də Azərbaycanın maliyyə vəsaiti hesabına tikilib. Şəhərdəki əsas inzibati binaların memarları azərbaycanlılardır. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək idarəçilik keyfiyyətlərinin, böyük diplomatik bacarığının, qətiyyətinin və əzmkarlığının, xalqına və dövlətinə olan sonsuz məhəbbətinin göstəricisidir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.