“Xankəndi-Bakı
Siyasət

“Xankəndi-Bakı" reysinin əsas “sərnişin lər"indən biri-Arkadi Qukasyan

Azərbaycan Respublikası sentyabr ayının 19-da 23 saatlıq lokal antiterror tədbirləri ilə Qarabağdan separatçı ünsürləri təmizləməklə bu ərazilərdə suverenliyi tam bərpa etdi. Artıq geridə bir vacib məsələ qalırdı. Əli qana batmış qatilləri, 30 il ərzində özlərinə "dövlət" quran marionet "rəhbərləri" bir-bir qandallamaq.

Ölkəmizin qətiyyətli tədbirləri sayəsində bu günə qədər separatçı rejimə müəyyən vaxtlarda "rəhbərlik" etmiş və müxtəlif "icraedici" qurumlarda çalışmış bir sıra şəxslər həbs edilərək Bakıya gətirildi. Bunlardan biri olan Arkadi Qukasyan isə xüsusi diqqət çəkir. Belə ki, bu şəxsin qondarma rejimə 1997-2017-ci illər arasında "rəhbərliyi" dövrü hərc-mərclik, kütləvi həbslər və digər analoji hadisələrlə zəngin olub. Arkadi Qukasyan separatçı rejimin 2-ci "prezidenti" hesab olunsa da, ondan əvvəl bu "mötəbər" vəzifəni icra etmiş Robert Köçəryanın zamanı müharibə dövrünə təsadüf etdiyindən və həmin vaxt qondarma rejim hələ qismən Ermənistanın tabeliyində olduğundan Arkadi qeyri-rəsmi olaraq ilk "prezident" sayılır.

Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb və baş redaktor müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə Qukasyan qondarma rejimin ilk parlamentinə üzv seçilib. 1992-ci ilin sentyabr ayında "dövlət müdafiə komitəsinin" "sədri" təyin olunub.

1993-cü ildən rejimin "təhlükəsizlik şurası" üzvü, həmin il iyulun 23-də xuntanın ilk "xarici işlər naziri" olmuşdur. Elə həmin dövrdən sonra Qarabağda vəziyyət kritikləşir. 1994-cü il yanvarın 1-dən 30-dək qondarma rejimin "rəhbərlər"inə qarşı kütləvi sui-qəsdlər təşkil olunur. O vaxt xarici media bunun Azərbaycan tərəfindən təşkil olunması barədə əsassız məlumatlar dərc etsə də, Ermənistan hökumətinin apardığı kütləvi istintaq tədbirləri zamanı hadisənin paralel olaraq rəsmi İrəvanda baş verən mütəşəkkil cinayətlərlə əlaqəsi sübuta yetirilir. Arkadi isə həmin vaxt gizlənərək sui-qəsddən yayınmağı bacarır. O, bu dövr ərzində, həmçinin Azərbaycan tərəfi ilə keçirilən görüşlərdə "təmsilçi" rolunda çıxış etsə də, təxribatçı ifadələri ilə münaqişənin həllini qeyri-mümkün duruma gətirib. "Xarici işlər naziri" vəzifəsini icra edən Arkadi Qukasyan üçün 1994-cü il hərəkətli olur. Məhz Azərbaycan və Ermənistan arasında Bişkek protokolu əsasında sülh müqaviləsi imzalanana qədər davam edən işğalın maliyə məsələlərində əsas aktorlardan biri olur. Belə ki, onun vasitəsilə 1994-cü ildə bir sıra dövlətlər erməni separatçılara silah və pul yardımı etmişlər. Atəşkəsin imzalanmasından sonra ermənilərin Qarabağa qanunsuz köçlərini xarici təşkilatlara bir yolla izah etmək lazım idi. BMT-nin 1993-cü il ərzində qəbul etdiyi 4 qətnamə bu prosesə imkan vermirdi. Məhz Arkadi Qukasyan erməni lobbisinin dəstəyi ilə qətnamələrin icrasını ləngitmiş və bunun sayəsində həmin il 25 minə yaxın erməninin Qarabağa qanunsuz köçünə zəmin yaratmışdır.

Bu dövrdə ilkin olaraq Arkadinin "prezidentlik" xülyaları yaranır. Bu "vəzifə"yə ən real namizəd kimi görünən Qukasyan maliyə dəstəyi ilə də öz arxasını gücləndirir. Çıxışlarında Qarabağda qanunsuz yaşayan ermənilərə tez-tez "status" vədləri verir. Lakin həmin dövrdə özü də anlayırdı bu proses qeyri-mümkündür. Münaqişədə ən önəmli xarici faktorlar hesab olunan Rusiya və ABŞ-ın ortaq maraqlarının toqquşduğu tək yer Azərbaycan neftidir. Bu baxımdan, Qukasyanın məlum arzusu küçə tribunalarından uzağa gedə bilməyəcəkdi.

1997-ci ildə o zamankı "rəhbər" Robert Köçəryan vəzifəsindən istefa verərək Ermənistanın baş naziri təyin edilir. Planlaşdırılan "seçkidə" Qukasyanın ən böyük rəqibi Leonard Petrosyan olur. Onu isə biz məşhur təxribatçı çıxışından tanıyırıq: "Qarabağ artıq heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq". Tribunalardan səsləndirilən bu kimi "fikirlər" Petrosyana kömək olmur və Arkadi Qukasyan "prezident" seçilərək "Xankəndi-Bakı reysinə bilet qazanır".

Hakimiyyətinin ilk dövrlərində qərbyönümlü siyasəti və BMT-nin təklif etdiyi xarici missiyaya müsbət yanaşması zaman keçdikcə əks-nəticələr verir və müxalif partiyaların qəzəbinə səbəb olur. Artan etirazlar 2000-ci ildə partlayır. Həmin dövrdə qondarma rejimin "müdafiə naziri" vəzifəsində çalışan, terrorçu "Daşnaksütyun" partiyasına rəhbərlik etmiş, Xocalı faciəsinin iştirakçılarından biri olan Samvel Babayan Arkadiyə sui-qəsd təşkil edir. Arkadi bu çevriliş cəhdindən sağ çıxaraq "kəfəni yırtmağı bacarır". Samvel Babayana 14 il həbs verən Arkadi daha sonra Köçəryanın təmasları nəticəsində bu vaxtı 4 ilə endirir. Günahkarlar isə bu dövrdə öz möhtəşəm ikipərdəli tamaşalarına başlayırlar. Bu oyunların əsasında Ermənistan və separatçı rejim dayanır. Sanki ayrı dövlət kimi bir-birlərinə səfərlər edirlər. Qıraqdan çox gülünc görünən bu "dramatik səhnələr" bəzi dövlətləri kifayət qədər qane edir.  Məhz bu qurmaca ssenarilər ilə Arkadi Qarabağın işğaldan azad olunma prosesini ləngitməyi bacarır.

2002-ci ildə keçirilən "seçki"lərdə yenidən "prezident" seçilən Qukasyan bu dövrdən sonra artıq nisbətən sakit siyasət yürüdür. Cəbhədə atəşkəsi pozub, mülki əhaliyə atəş açan separatçı rejimin "rəhbəri" öncədən qurduğu ssenari ilə artıq bu təxribatları ört-basdır etmək işini lobbiyə tapşıraraq var-dövlətini artırmaqla məşğul olur. 2007-ci ilə kimi öz "vəzifə"sini davam etdirən Arkadi həmin il keçirilən seçkilərdə iştirak etməyəcəyini bildirir.

"Prezidentlik" dövrü başa çatan Arkadi bir müddət qeybə çəkilir. Daha sonra 2015-ci ildə "Respublika partiyası"nı yaradaraq yenidən hakimiyyətə gəlmə meyilləri güdərək zaman-zaman qalmaqallarla gündəmə gəlir. 2020-ci il İkinci Qarabağ müharibəsində isə səlahiyyəti "təcili keçirilmiş iclaslar"dan qabağa gedə bilmir. 2023-cü ilin sentyabrında isə Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra "mübarizə"nin mənasız olduğunu başa düşən Arkadi törətdiyi cinayətlərin fərqinə vararaq Xankəndidən qaçmağa çalışır. Lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq Bakıya gətirilir. Və bununla da 26 il əvvəl "qazanılan bilet" Azərbaycan Respublikasının qətiyyətli mövqeyi nəticəsində reallaşır. Lakin həmin "biletin" satıcısı onları aldadaraq üç nəfərə 1 bilet satıbmış. Digər 2 şəxs - Bako Saakyan və David İşxanyan da bu tələnin fərqinə varmayıb.

Beləcə, ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri görülən hər üç şəxs Qukasyan Arkadi, Sahakyan Bako və İşxanyan Davit istintaqa cəlb olunublar. Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma "Dağlıq Qarabağ respublikasının prezidentləri" və "prezident vəzifəsinin müvəqqəti icraçıları" və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərin həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah daşınması və digər əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Arkadi Qukasyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb ediliblər...

Tacir SADIQOV,

"Respublika".