Xaçmazın qaz təsərrüfatı qışa hazırdır
Region

Xaçmazın qaz təsərrüfatı qışa hazırdır

Məlum olduğu kimi, ölkəmizin şimal bölgəsində qış fəsli sərt keçir. Odur ki, aidiyyəti xidmət sahələri qışa ciddi hazırlaşır, zəruri tədbirləri vaxtında həyata keçirirlər. Qaz təsərrüfatı işçiləri də qış mövsümündə əhalinin fasiləsiz mavi yanacaqla təmin etmək üçün hazırlıq işlərini vaxtında görüblər.

Ötən dövr ərzində yaşayış massivlərində yeni qaz xətləri çəkilmiş, təmir-bərpa işləri aparılmışdır. Bu istiqamətdə görülmüş işlər barədə Xaçmaz regional Qaz İstismar İdarəsinin rəisi Azər Abbasov məlumat verərək bildirir ki, idarəmizin kollektivi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarına xidmət göstərir. Payız-qış mövsümünə hazırlıq məqsədilə hələ ilin əvvəlindən Tədbirlər planı təsdiq olunmuş, görüləcək işlər müəyyənləşdirilmişdir. Abonentlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə Xaçmaz rayonunda 2880 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunmuş, Qımılqışlaq, Arzu kəndlərində və şəhərin T.İsmayılov küçəsində yerləşən yeni yaşayış massivləri qazlaşdırılmışdır. Hazırda rayonun Ağçay və 4-cü şöbə adlanan kəndlərində qazlaşdırma işləri davam etdirilir. Quba rayonunda 2400 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunmuş, Qəcərzeyid, Qaraçay və Nügədi kəndlərində yerləşən yeni yaşayış massivləri və Cimi kəndi qazlaşdırılmışdır. Qrızdəhnə kəndində qazlaşma işləri davam etdirilir. Qusar rayonunda 1800 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunmuş, Köhnə-Xudat Qazmalar kəndində yeni yaşayış massivləri qazlaşdırılmışdır. Hazırda Mucuq və Avaran kəndlərində qazlaşma işləri davam etdirilir. Siyəzən rayonunda 2400 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunmuş, Zarat kəndində yerləşən yeni yaşayış massivləri qazlaşdırılmışdır. Şabran rayonunda 1600 metr, Xızı rayonunda 200 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunmuşdur.

Bundan əlavə, ayrı-ayrı xidmət sahələrinin qaz şəbəkələrində təmir-bərpa işləri görülmüş, kəmərlərin korroziyadan qorunması tədbirləri həyata keçirilmişdir. Xaçmaz Xidmət Sahəsi üzrə 12 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmış, 5 ədəd qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuşdur. 1420 metr qaz xətti torpaq səthindən qaldırılmış və 2555 metr qaz xətti isə rənglənmişdir. Quba Xidmət Sahəsi üzrə 4 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmış, 2 ədəd qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuşdur. 1255 metr qaz xətti torpaq səthindən qaldırılmış və 1492 metr qaz xətti isə rənglənmişdir. Qusar Xidmət Sahəsi üzrə 10 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmış, 2 ədəd qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuşdur.

Şəhid ailələri və qazilərin qaz təminatının yaxşılaşdırılması idarəmizin daim diqqəti mərkəzindədir. İdarəmiz tərəfindən onların qaz təchizatının yaxşılaşdırıması məqsədilə cari ildə Xaçmazda 16, Qubada 8, Qusarda 10, Siyəzəndə 5, Şabranda 6, Xızıda 10 fərdi yaşayış evi qazlaşdırılmışdır. Tərəfimizdən bu istiqamətdə iş mütəmadi surətdə davam etdirilir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".