Vətən, torpaq, dövlətçilik uğrunda canından keçənlər heç vaxt unudulmayacaq
Sosial həyat

Vətən, torpaq, dövlətçilik uğrunda canından keçənlər heç vaxt unudulmayacaq

2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr 2021-ci ildə Anım Günü ilə əlaqədar xalqa ünvanladığı müraciətində demişdir: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. ...Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq".

2020-ci il 27 sentyabr tarixinin torpaqlarımızın işğaldan qurtuluşu yolunda canını fəda etmiş qəhrəman hərbçilərimizin və Ermənistanın müharibə cinayətlərinin qurbanlarına çevrilmiş mülki vətəndaşlarımızın əziz xatirəsinin anıldığı gün kimi əbədiləşdirilməsi qazandığımız böyük Zəfərin mahiyyətinin növbəti təsdiqi olmuşdur. Prezidentin müvafiq Sərəncamına əsasən, hər il sentyabrın 27-si saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Torpaqlarımız düşmən tapdağından azad oldu, haqq-ədalət bərpa edildi. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

2020-ci il 27 sentyabr tarixi xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. Məhz həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Müharibə başlayan andan hər bir Azərbaycan vətəndaşının qəlbi cəbhədə döyünürdü. Cəbhədən gələn xəbərlər, ölkə başçımızın vaxtaşırı xarici kütləvi informasiya vasitələrinə müsahibələri, xalqa müraciətləri, sosial şəbəkədə paylaşdığı tvitlər xalq tərəfindən böyük diqqətlə izlənilirdi. Heç kəs unutmayıb ki, Azərbaycan Ordusunun sürətlə irəlilədiyi günlərdə Gəncə, Bərdə, Tərtər kimi rayonlarımız daimi olaraq düşmən hədəfinə tuş gəlirdi. İnsanların canı, malı, mülkü təhdid altında idi, amma yenə də vətəndaşlarımız canlarını, mallarını Vətənə fəda etməyə hazır olduqlarını bildirir, təki Vətən sağ olsun deyirdilər. Sözsüz ki, məhz bu düşüncə bizi Qələbəyə apardı, qalib ölkənin vətəndaşı olmağı bizə bəxş etdi.

30 ilə yaxın davam edən ədalətsizliyə son qoyan Qalib Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqlar hər birimizin qəlbində qürur hissi alovlandırır. Müdrik sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fədakarlığı, qətiyyəti, dəmir yumruğu və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələrinin 30 ildə möhkəmləndirdiyi istehkamlar darmadağın edildi. Vaxtilə bizi hədələyən erməni canilər, dırnaqarası qəhrəmanlar şanlı ordumuzun məharətindən başlarını itirərək döyüş meydanını tərk edirdilər. Dövlət, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Düşməni diz çökdürən igid oğullar öz qanları bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Bu gün vətən uğrunda şəhid olan bütün oğul və qızlarımızın xatirəsi dərin ehtiram və hörmətlə yad edilir. Milli birliyimizin və həmrəylimizin təcəssümü olan Anım Günü Azərbaycanın hüdudlarından kənarda da anılır. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ruhlarını bir dəqiqəlik sükutla yad edirlər.

Vətən müharibəsi kimliyimiz mənliyimizi, ləyaqətimizi və şücaətimizi bütün dünyaya nümayiş etdirən Zəfərin təntənəsi oldu. Bu Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və Qalib xalqın əməyi danılmazdır. Buna görə kiçikdən böyüyə hər birimiz qüdrətli Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana və Şanlı Ordumuza borcluyuq. Bu, bizim şərəfli tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq və ləyaqət dastanıdır. Müharibədə qazanılan Zəfər xalqımıza bundan sonra qalib kimi yaşamaq, qarşıya qoyduğu bütün hədəflərə yetişmək imkanı yaratmışdır. Bu gün "Qarabağ Azərbaycandır və nida" şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilmişdir.

Qazandığımız qələbə böyük qürurdur, fəxrdir. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi arenada, ordumuzun döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi.

Hərbi əməliyyatlar zamanı qazandığımız parlaq Zəfərlə Qarabağ münaqişəsinin həllinə nail olduq. Prezident İlham Əliyev regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazdı.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə həm də xalqın milli qürurunu, özünə güvənini, inamını qaytarmışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsılmaz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim qürur və fəxarətlə anacaqlar.

Qarabağ bizim müqəddəs vətən torpağımızdır. Bu torpaqlarda dövlətimiz tərəfindən infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu il "Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə ilk dəfə iyulun 19-da 201 nəfərdən ibarət 41, ikinci mərhələdə 125 nəfərdən ibarət 25 ailə, sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən yola salınan 13 ailədən ibarət növbəti karvan kəndə köç etdi. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.

 

Vəli ALBƏNDOV,

"Qarabağ - E.R" MMC-nin

baş direktoru, Əməkdar mühəndis.