Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin xatirəsi anılıb
Digər xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin xatirəsi anılıb

Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin rayonun Sədəfli kəndində xatirəsi ehtiramla yad olunub. Şəhidin uyuduğu kənd qəbiristanlığında məzarı yanında keçirilən anım mərasimində rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri, məktəblilər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Azərbaycan Ordusunun  giziri Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 600 nəfərlik erməni döyüşçüsünü hərbi texnikaları ilə birlikdə tamamilə məhv edərək qəhrəmancasına şəhid olub.

Döyüş zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tədbirdə iştirak edən şəhidin valideynləri ilə söhbət edərək qayğıları ilə maraqlanıb və şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirməklə Vətənimiz üçün igid övlad böyütdükləri üçün onlara təşəkkür edib.

M.NƏRİMANOĞLU,

"Respublika".