Vətən müharibəsi AZƏRTAC-ın fotomüxbirinin gözü ilə
Sosial həyat

Vətən müharibəsi AZƏRTAC-ın fotomüxbirinin gözü ilə

Azərbaycan İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin bir ilini qeyd edir. 8 Noyabr - Zəfər Günü münasibətlə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi bir sıra tədbirlər keçirir.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri də tanınmış azərbaycanlı fotoqraf, AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin Bakı Fotoqrafiya Evində açılmış "Cəbhədən xəbərlər" adlı fərdi sərgisidir. Ekspozisiyaya həm Vətən müharibəsi illərində, həm də hərbi əməliyyatlar başa çatdıqdan sonra çəkilmiş 18 fotoşəkil daxildir.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sərgini açan Tofiq Babayev müharibə ilə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyib.

Sonra Azərbaycan Ordusunun əsgər və zabitlərini, şəhərlərimizi, erməni təcavüzünün qurbanı olmuş dinc əhalini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou göstərilib, Qarabağ bölgəsinin əzəmətli təbiətini nümayiş etdirən kadrlar nümayiş olunub.

Fotoqraf vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda gördüyü dağıntılar heç cür izah oluna bilməz: "Təkcə evlər və tarixi-dini abidələr dağıdılmayıb, hətta məzar daşları da gülləboran olunub. Bu, əsl vandalizmdir".

Sonra T.Babayev qonaqların və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, sərgi noyabrın 10-dək davam edəcək.

AZƏRTAC