“Valday” dan Xankəndiyə
Siyasət

“Valday” dan Xankəndiyə

3 oktyabr 2019-cu il ilk dəfə "Valday" dan səslənən "Qarabağ Azərbaycandır!" kəlamına Xankəndidə qeyri-qanuni məskunlaşmış separatçıların etinasızlığı lokal antiterror tədbirlərini də zəruri etdi

Qədim dövrlərdən üzü bəri tarixdə həmişə dövlət başçılarının üstünlüyü iki meyarla müəyyən olunub. Birinciyə xüsusi sərkərdəlik məharəti ilə əməli fəaliyyəti nəticəsində ölkələr fəth edənlər, ikinciyə isə müharibələrsiz, diplomatik yollar, gedişlərlə, böyük sosial-iqtisadi islahatlarla uğur qazanan və cəmiyyətin mütərəqqi tərəqqisinə nail olan liderlər aiddir. Bəllidir ki, baş vermiş hadisələrin salnaməsi olan tarixdəki yeniliklər liderlər və şəxsiyyətlər üçün meyarların prioritetini zaman-zaman dəyişdirir. Lakin hər iki meyara daxil olan arqumentlər üzrə öncül mövqe tutan, təsvirçi və təhlilçi tarixlərin yaddaşına əbədi həkk olunan liderlərə, dövlət rəhbərlərinə isə nadir hallarda rast gəlinir. Həmin şəxsiyyətlər böyük, müzəffər sərkərdə, fateh, əla natiq, həm də filosof, yaxşı ideoloq, qurucu və yaradıcı dövlət adamı olmaqla böyük sosial, mədəni-mənəvi iz qoyurlar. Onların böyüklüyü özlərində tarixi şansı, imkanları reallaşdırmaq əzminə söykənərək hərblə başladıqları işi quruculuqla başa çatdıra bilmələridir. Tarixdə belə nümunələrin az da olsa, mövcudluğu məlumdur.

Bazis

Güclü dövlətin yaradılması, sosial-iqtisadi təminat, mənəvi mütəşəkkillik hərbi-siyasi nailiyyətlər üçün zəmin rolunu oynadığından ulu öndər Heydər Əliyev bu bazisin formalaşdırılması üçün çox böyük əmək sərf etdi və qlobal layihələrin icrasına nail oldu. Birdən-birə məhz məqsəddən başlamağın məqsədə nail olmaq üçün kifayət etmədiyini yetərincə dəyərləndirən ulu öndər ölkədə qanunçuluğun, asayişin və əmin-amanlığın bərpası üçün güclü dövlətin məqsəd deyil, vasitə olduğunu vacib saydı. Bu səbəbdən də islahatlar, təkamül yolu ilə dəyişiklik yaratmağın tərəfdarı oldu. Azərbaycanda sürətli inkişaf və dirçəliş dövrü başlandı. Məhz insanlarda dövlətçilik şüurunun fərdi və milli özünüdərkin formalaşdırılması ilə yanaşı, fərddən vətəndaşa çevrilmə prosesinə rəvac verildi. Milli dövlətçilik duyğularının təkamülünün, mədəni-mənəvi yetkinliyinin nəticəsi məzmunca dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etdi. Lakin dövlətçiliyimiz üçün ən böyük təhdid və təhlükə olan Qarabağ problemi həll olunmamış qalırdı.

Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətdə olması ermənilərin və onların havadarlarının üstünlük əldə etmələrinin qarşısını alırdı. Siyasi mübarizə müstəvisində onlar öz məkrli niyyətlərinə nail ola bilmirdilər. Bunun əsas səbəblərindən biri də liderlərin siyasət müstəvisindəki qeyri-bərabərliyi idi. Beynəlxalq vasitəçilər də öz niyyətlərinə nail olmaq naminə bu fərqi aradan qaldırmaq, "tarazlıq" yaratmaq üçün bir növ, necə deyərlər, Ermənistan liderlərinə siyasi dəstək verirdilər. 2020-ci ilə qədər 28 il davam edən mənasız danışıqların heç bir nəticə verməməsi, status-kvonun əbədi saxlanılması üçün çalışırdılar. Amma unudurdular ki, haqq-ədalət böyük siyasətlə birləşibsə onu yenmək, məğlub etmək olmaz. Necə deyərlər, ədalətli dövlət, ölkə və ya ədalətli lider, dövlət başçısı ikiqat güclüdür. Arxasında böyük dövlətlər və hərbi güc mərkəzləri dayanan Ermənistan siyasi müstəvidə adekvat güc tapa bilmədiyindən terrora, separatçılığa, vandallığa əl atırdı. Azərbaycan isə haqq-ədaləti bütün qayda-qanunları, incəlikləri ilə müdafiə edirdi. Buna baxmayaraq, bir çox beynəlxalq vasitəçilər haqqı qoyub nahaqqı müdafiə edirdilər. Belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. İşğala son qoymaq üçün mandatı olan ölkələr istəsəydilər, buna çoxdan nail olardılar. Bu, mümkün idi. Amma etmədilər.

28 il beləcə ədalətin bərpa edilməsi üçün gözləmə mövqeyində olduq. Ölkəmiz ərazi bütövlüyünü dinc yolla həll etməyə hazır idi. Beynəlxalq vasitəçilər, mandatlı ölkələr belə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma işğalçıya heç bir təzyiq göstərmir, standart cavablar söyləyirdilər. Təkcə Ermənistanın işğalçılıq siyasəti deyil, danışıqlarda vasitəçi və işğala son qoymağa mandatı olan ölkələrin - beynəlxalq vasitəçilərin laqeydliyi, bəzən açıq şəkildə belə tərəfkeşliyi Azərbaycanın öz gücünə söykənməyin ehtimalını daha da artırırdı. O illərdə yaradılmış iqtisadi bazis əsasında ordu quruculuğunda dönüş oldu, dünyanın 50 ən güclü ordusu sıralarında olan müasir, modern hərbi texnika ilə təmin olunmuş ordu formalaşdırıldı. Müdafiə sənayesi ən müasir silahların ixracatçısına çevrildi. Əzmkar, Vətəni üçün bütün fədakarlıqlara hazır olan rəşadətli, vətənpərvər, o torpaqları görməsə belə torpağı vətən, vətəni bütöv etməyə qadir olan yeni gənc nəsil yetişdi. Bunun bir səbəbi də xalqımızın vətənə, torpağa bağlılığı, sovetlər dövründəki kosmopolit ideyalardan (məsələn, sovet xalqı) fərqli olaraq, müstəqilliyin həmin illərində yüksək vətənpərvərlik ideyalarının təbliği və milli mentalitetimizlə bağlıdır. Obyektiv, ədalətli, prinsipial xarici siyasət sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artdı. BMT-nin qətnamələrinin implementasiyası olmasa da, dövlətimizin başçısı cənab İlham Əliyevin aramsız səyləri, ardıcıl və çevik siyasi gedişləri ilə bizim haqlı mövqeyimizi dəstəkləyən dövlətlərin sayı getdikcə çoxalırdı. Erməni lobbisinin hökumətlərə, parlamentlərə güclü təsir imkanlarına, onların media imperiyasının var gücü ilə işləməsinə baxmayaraq, dünyanın məsələyə baxış mövqeyi əhəmiyyətli dərəcədə dəyişmişdi.

Bütün bunlar Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın üstün mövqeyinin təmin olunmasına, öz gücünə inamın artmasına xidmət edən əsas amillər idi. Ölkəmizin əsas qayəsi geosiyasi mövqeyindən, əldə etdiyi uğurlardan maksimum bəhrələnməklə işğal altında olan ərazilərin sülh danışıqları ilə azad olunması idi.

Son illər ən çox işlətdiyimiz, hamımızın ruhuna hopmuş, damarlarımızda qanımızı coşduran, xalqımızın taleyində qlobal mahiyyət kəsb edən, qürurla söylədiyimiz, aforizmə çevrilən "Qarabağ Azərbaycandır!" kəlamı ilk dəfə dövlətimizin başçısı İlham Əliyev tərəfindən "Valday"ın tribunasından dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edilən mesaj idi. Bu mesaj eyni zamanda Xankəndidə qeyri-qanuni məskunlaşmış rejimə, separatçılara, xuntaçılara, terrorçulara bir xəbərdarlıq idi.

Zərurət

"Nə sülh, nə müharibə" vəziyyətinin təxminən 30 ilinin tamam olması, heç bir dəyişikliyin olmaması, qarşı tərəfin qeyri-konstruktivliyi, vəziyyəti bu şəkildə də öz nəzarətində saxlamaq, dondurmaq istəyi məsələnin sülh yolu ilə həllinə ümidləri azaldırdı. Ermənistanın yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin ritorikaları isə bu ümidləri sıfırlayırdı. Ermənistanın baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" deməsi ilə danışıqların mənasız olduğunu bildirdi. İşğal etdikləri ərazidə cinayətkar, qondarma rejim yaratdıqları üçün baş nazirin məqsədi danışıqlar prosesinin formatını sarsıtmaq, mövcud status-kvonu saxlamaqla işğal etdikləri ərazilərin ilhaqına nail olmaq idi. Eyni zamanda eyforiyaya qapılan baş nazir unutdu ki, dözümlü, səbirli olsa da, ruhunda təslimçilik olmayan xalqımızın hissləri və səbri ilə oynadı.

Son yüz ilədək digər ölkələrin, imperiyaların tərkibində toplum, tayfa şəklində yaşamağa adət etmiş, milli dövlətçilik şüuruna yiyələnə bilmədiyi üçün terrorçuluğa, separatçılığa, başqasına ziyan vurmağı öz maraqlarından üstün tutma xislətinə yiyələnən xuntaçılar bir az da "irəli" gedərək ölkəmizi yeni işğalla hədələdilər.

Baş nazirinin sərsəm, əsassız bəyanatlarından ruhlanan ovaxtkı müdafiə naziri D.Tonoyan "yeni ərazilər uğrunda yeni müharibəyə" səsləyirdi. Bu çağırışlar diplomatiyanın imkanlarının tükəndiyinə, siyasi müstəvidə həllin qeyri-mümkün, hərbi-siyasi, müharibə yolu ilə reallaşmasına zərurət yaratsa da, Azərbaycan tərəfi yenə də səbir nümayiş etdirərək baş nazirin bəyanatına diplomatik mesajla cavab verdi. Belə ki, 4 il bundan əvvəl 2019-cu il oktyabrın 3-də Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev baş nazirin həmin bəyanatının yalan olduğunu, Qarabağın isə tarixi, mədəni, demoqrafik, geosiyasi və bütün mənalarda daim Azərbaycanın olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Bundan başqa, Azərbaycan Prezidenti bir neçə dəfə müxtəlif beynəlxalq tədbirlərdə fenomenal yaddaşı, güclü məntiqi, natiqlik məharəti, rasional düşüncəsi, qeyri-adi intuisiyası, müxtəlif dillərdə səlis nitqi ilə həqiqi sənədlərə istinadən Qarabağ haqqında faktları şərh edir, yaranmış vəziyyətin tarixi qaynaqlarını açırdı. Müzakirələr və danışıqlar məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyevin irrasionallıqdan uzaq prinsipiallıq və siyasi iradəsi əsasında açıq-aşkar diplomatik qələbəsi ilə sonlanırdı.

Azərbaycanın daxili imkanlarını səfərbər etməyi bacaran, geosiyasi vəziyyətdə sərrast gedişləri ilə müsbət dividendlər qazanan Prezident İlham Əliyev şəxsi keyfiyyətləri ilə də digər liderlərdən fərqlənirdi. Regionun ən güclü siyasi lideri olan Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəldiyini, şəxsi keyfiyyətlərinin nümunə gətirildiyini Serbiya Prezidenti Aleksandar Vuçiçin dedikləri tam mənasında, bütün çalarları ilə təsdiq edir: "Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".

Son illər ən çox işlətdiyimiz, hamımızın ruhuna hopmuş, damarlarımızda qanımızı coşduran, xalqımızın taleyində qlobal mahiyyət kəsb edən, qürurla söylədiyimiz, aforizmə çevrilən "Qarabağ Azərbaycandır!" kəlamı ilk dəfə dövlətimizin başçısı İlham Əliyev tərəfindən "Valday"ın tribunasından dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edilən mesaj idi. Bu mesaj eyni zamanda Xankəndidə qeyri-qanuni məskunlaşmış rejimə, separatçılara, xuntaçılara, terrorçulara bir xəbərdarlıq idi. Nə fayda ki, həmin məxluqlar bu xəbərdarlığı duymadılar, etinasız yanaşdılar. Onlar o qabiliyyətin sahibi də deyildilər. Özlərinin arxasında dayanan güclərin sayəsində əldə etdiklərinin həzzinə uyaraq onları marionet kimi "oynadanlar"ın nə düşündüklərini necə anlayardılar. Azərbaycanın potensialının, gücünün necə inkişaf etdiyinin fərqinə varmadan ötən əsrin 90-cı illərinin təfəkkürü və hesablamaları ilə yaşadılar. Ölkəmizin qırmızı xəttinin nədən ibarət olduğunun fərqində belə olmadılar.

Bəllidir ki, öz bilik-bacarığından artıq iddialar edən insanlar və ya öz gücündən, imkanlarından artıq iddiada olan ölkələr həmişə məğlub olurlar. Mövcud situasiyanı dəqiq qiymətləndirməmək, həm başçılıq etdiyi dövlətin, həm də özünün imkanlarını ölçüb-biçmədən yanlış hesablamalara yol vermək xüsusiyyətlərinə malik olan Ermənistanı bu keyfiyyətlərin əksinin daşıyıcısı olan Azərbaycanın yaratdığı reallıqlarla qəbul etmək məcburiyyətində qoydu. Ölkəmizin iqtisadi, hərbi potensialını, gücünü nəzərə almamaq Ermənistanı fəlakətlə üz-üzə qoydu.

Yeri gəlmişkən, qeyd etməliyik ki, Konfutsi nəzəriyyəsinə görə, insan üçün ən böyük məziyyət onun nəyi bilib, nəyi bilmədiyini fərqləndirmək qabiliyyətinin olmasıdır. Eyni zamanda öz bilik və qabiliyyətinin sərhədlərini, gerçəkliyi, situasiyanı düzgün qiymətləndirmək ən mühüm əlamətlərdəndir. Çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyəti isə nadir spesifik cəhətdir. Burada İsveç mütəfəkkiri Anri Fredorikin bir fikrini xatırlayaq: "Başqaları üçün çətin olan işi asanlıqla görən insan istedadlıdır. İstedadlının görə bilmədiyi işi görən insan isə dahidir".

Aydındır ki, çətinlik dərəcəsindən asılı olmadan bütün səyləri məhz problemin həllinə yönəltmək, mövqeyində israrlı olmaq, iradə sərgiləmək, görülən işin uğurla nəticələnəcəyinə böyük daxili inam və bu yöndə ardıcıl siyasət ancaq müzəffər sərkərdələrə, qurucu, yaradıcı dövlət adamlarına nəsib olur. 4 il bundan əvvəl "Qarabağ Azərbaycandır!" deyiləndə ona daxili inam, ideyanın aydın olması, məqsədyönlü səylərin ardıcıllığı və dözümlüyü, açıq etiraf edək ki, ancaq Prezidentimiz İlham Əliyevə məxsus idi. Qarşıya qoyulan ideyanın bir müddət gerçəkləşməməsi heç də o demək deyildi ki, bu ideyadan imtina edilib və ya unudulub. İdeya yaddaşda, hafizədə passiv şəkildə, lakin daim hər an aktivləşə bilən zonada yaşadılır və əlverişli mühit, münbit şərait, məkan, yaranan zaman yetişən kimi aktiv fazaya qayıdır, reallaşdırılır. Bu isə şəxsiyyətin keçmişi ilə bu günü arasında kəsilməz bir əlaqə yaratmaqla onun bütövlüyünü təmin edir. Buna görə də cənab Prezident, Müzəffər Ali Baş Komandan haqlı olaraq deyir: "Nəyi, necə, nə vaxt etmək lazımdır. Onu mən bilirəm".

Diplomatik səylər heç bir fayda vermədiyindən, əksinə, düşmənin iddiasını artırdığından, istəklərinin reallaşdırılması üçün hücum əməliyyatları sərt əks-hücumla qarşılandı. 44 gün davam edən həmin əks-hücum İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi tarixə yazıldı. Kapitulyasiya aktının imzalanmasından sonra bir müddət qarşı tərəfdən qırmızı xəttimizi keçən ifadələr və ciddi hərəkətlər olmasa da, son dövrlər belə hallar artmağa başlamışdı. Belə məqamda erməni politoloqu İqor Muradyanın İkinci Qarabağ müharibəsində Ermənistanın düşdüyü vəziyyəti şərh edərkən dediyi sözlər lap yerinə düşür: "Müharibədə pis şeylər var - kapitulyasiya. Bu, əsl kapitulyasiyadır".

Müharibədə qalib tərəf Azərbaycan olsa da, məlum 5 prinsip əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən də ölkəmiz olmuşdur. Müharibə bitdikdən təxminən bir il sonra Ermənistan tərəfinin mövqeyində müxtəlif dəyişikliklər baş verdi. Keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etsə də, Ermənistanın rəhbərliyi və onların himayə etdiyi Qarabağdakı separatçılar ziddiyyətli bəyanatlarla çıxış edirdilər. Azərbaycan Prezidenti İlham Əliyev isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün yenə də şansın varlığını, bunun üçün də onların Azərbaycana qarşı bütün ərazi iddialarına və ziqzaqlı bəyanatlarına son qoymalı olduğunu bildirirdi: "Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar".

Həmçinin aprelin 18-də uzaqgörənliklə deyilən bu fikirlər artıq reallıqdır: "...Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər".

Bu sözlərdən dörd ay sonra vardanyanların, balayanların və başqalarının Bakıya gətirilmə vəziyyəti onların əsl təlxək toplusu olduğunu təsdiq etdi. Və bu proses təlxəklərin, onların başçılarının son nəfərinin gətirilməsinə qədər davam edəcək.

Bundan başqa, sentyabrın 2-də Ermənistanın baş nazirinin qondarma rejimə "müstəqillik"lə bağlı təbrik məktubu, sentyabrın 9-da saxta "prezident" seçkiləri və bundan yenidən eyforiyaya qapılıb "status uğrunda mübarizə"nin elan edilməsi, necə deyərlər - "cəhənnəmə vasil olmuş statusun yenidən xortdaması" və bir neçə gün sonra mina terrorunun törədilməsi ilə 6 nəfər vətəndaşımızın həlak olması ölkəmizin səbri ilə oynamaq, heysiyyətimizə toxunmaq və qırmızı xətti növbəti dəfə pozmaq idi. Bunlara bənzər, hətta Ağır Atletika üzrə Avropa çempionatında Dövlət Bayrağımızı nümayişkaranə şəkildə yandırmaq və s. kimi hadisələri törədənlərə dəfələrlə xəbərdarlıq edilsə də, bir nəticə hasil olmurdu.

Azərbaycan Prezidenti bir neçə dəfə müxtəlif beynəlxalq tədbirlərdə fenomenal yaddaşı, güclü məntiqi, natiqlik məharəti, rasional düşüncəsi, qeyri-adi intuisiyası, müxtəlif dillərdə səlis nitqi ilə həqiqi sənədlərə istinadən Qarabağ haqqında faktları şərh edir, yaranmış vəziyyətin tarixi qaynaqlarını açırdı. Müzakirələr və danışıqlar məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyevin irrasionallıqdan uzaq prinsipiallıq və siyasi iradəsi əsasında açıq-aşkar diplomatik qələbəsi ilə sonlanırdı.

İsbat

Ermənistanın baş nazirinin məsuliyyətsiz siyasəti, himayədarlıq etdikləri separatçıların hərəkətləri haqlı və ədalətli tərəf olan Azərbaycandan ciddi addımlar tələb edirdi. Diplomatik cəbhədə, hərbi sahədə əldə etdiyimiz üstünlüklərlə, səbirli və qətiyyətli olmaqla haqlı olduğumuzu isbat etdik. 4 il ərzində Ermənistan və onun himayədarlıq etdiyi Xankəndidə qeyri-qanuni məskunlaşan separatçılar, xuntaçılar, terrorçular dəstəsi, onların başçıları da "Qarabağ Azərbaycandır!" kəlamına, olunan bəyanlara diqqət etsəydilər, antiterror tədbirlərinə lüzum qalmazdı və sülh çoxdan əldə olunardı. Bunu etmədilər, 23 saatlıq antiterror tədbirini zəruri etdilər.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, həm müzəffər sərkərdəlik, həm də qurucu, yaradıcı dövlət başçısı meyarlarını özündə əxz edən Prezident İlham Əliyev bəyan etdiklərini isbat etdi. Bu isbat 23/23 oldu, yəni 23-cü ildə 23 saatlıq lokal antiterror tədbiri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam etdi. Bununla da ermənilərin öz himayədarları və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycanı parçalamağa hesablanmış iki yüz illik layihələrinə, miflərinə, əsatirlərinə son qoyuldu.

Hümbət MUSAYEV.