Ümid, həsrət körpüsü
Tarix

Ümid, həsrət körpüsü

Sədərək-Dilucu yol qovşağının açılışı tarixi hadisə idi

"Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazilərində bərqərar etməkdən ibarətdir". Bu fikirləri ulu öndər Heydər Əliyev Naxçıvan üçün ağır və çətin günlərdə söyləmişdi. Dahi şəxsiyyət blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil edərək, onu təcavüzkarlardan qorudu.

Muxtar respublikada ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I sessiyasında muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" "Naxçıvan Muxtar Respublikası" adlandırıldı. 1990-cı il dekabrın 14-də keçirilən sessiyada isə yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin əleyhinə olduğunu bildirdi. Sözün əsl mənasında ən böyük hadisə isə 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi oldu. Bununla ulu öndər həm muxtar respublikada, həm də bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, eyni zamanda bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı. Həmin dövrdə Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində siyasi müstəvidə tədbirlər görülür, həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.

Ümummilli lider o ağır dövrdə beynəlxalq əlaqələrin qurulması istiqamətində də fəaliyyət göstərirdi. Bu isə çətin vəziyyətdə olan muxtar respublikanın mövcudluğu üçün yeganə vasitə idi. "Naxçıvan türk-islam dünyasına bir qapıdır", - söyləyən Heydər Əliyev Türkiyə ilə əlaqələrin qurulmasına da böyük önəm verirdi. 1992-ci ilin martında Türkiyə Cümhuriyyətinə səfəri zamanı qardaş ölkənin Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirdi. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələr də həmin vaxtdan yarandı. Səfər çərçivəsində imzalanan əməkdaşlıq protokolunda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı.

Ulu öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra siyasi müstəviyə çıxarılmış Qars müqaviləsinə yenidən baxıldı, böyük Atatürkün "Türk qapısı" adlandırdığı bu qədim yurd yerində "Bir millət, iki dövlət" şüarı reallığa çevrildi. Belə ki, 1991-ci il oktyabrın 29-da Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılsa da, əsas körpünün də inşası sürətləndirildi. Ümummilli liderin Türkiyəyə səfəri çərçivəsində Ankarada imzalanmış əməkdaşlıq protokolunda bu məsələ əks olunmuşdu.

İki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu sayılan Sədərək-Dilucu körpüsü 1992-ci il mayın 28-də istifadəyə verildi. Ulu öndər körpünün əhəmiyyətindən danışarkən deyib: "Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". Həmin körpünün istifadəyə verilməsilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına zəmin yarandı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev qeyd etmişdi ki, azərbaycanlılarla türklər əsrlər boyu qardaş kimi yaşayıblar. Ancaq 70 il bir-birimizlə görüşmək yasaq edilib. Bu görüşü 70 il həsrətlə gözləmişik. Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cərəyan edən hadisəni tək bir körpünün açılışı kimi deyil, 70 illik həsrətə son qoyan hadisə kimi dəyərləndirib: "Bu, bir birlik, milli coşqunluqdur... Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə Azərbaycan və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür".

Ümumiyyətlə, ümummilli lider Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay müddətində bu diyarın çətin vəziyyətdən çıxarılması üçün xarici əlaqələrin inkişafına geniş yer ayırırdı. Bütün bunlar isə Naxçıvanı çətinlikdən çıxardı, onu dirçəltdi. Öz prinsiplərinə sadiq qalan ulu öndər ona qucaq açan xalqının ümidlərini, etimadını doğrultdu.

Zümrüd QURBANQIZI,

"Respublika".