Türkiyədə baş verən zəlzələ: ilkin vəziyyət və mövcud reallıqlar
Digər xəbərlər

Türkiyədə baş verən zəlzələ: ilkin vəziyyət və mövcud reallıqlar

Bu il fevral ayının 6-da Türkiyə Respublikasının Kahramanmaraş - Qaziantep şəhərlərində baş verən dağıdıcı zəlzələ qardaş ölkədə çoxsaylı insanların tələfatı, yaralanması, minlərlə binaların tamamilə dağılması və qəzalı vəziyyətə düşməsi ilə müşayiət olundu. Həmin zəlzələlər Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən qeydə alınıb. 6 fevral 2023-cü il saat 04:17:36-da baş verən birinci zəlzələnin maqnitudası M=7.8, dərinliyi isə 7 kilometr, ondan 9 saat sonra saat 13:24:49-da olan ikinci böyük zəlzələnin maqnitudası isə M=7.6, zəlzələ ocağının dərinliyi isə 10 kilometr olmuşdur. Türkiyədə baş verən zəlzələnin dağıdıcı olmasının müxtəlif səbəbləri var. İlk olaraq qeyd etmək lazımdır ki, qardaş Türkiyə Respublikasının ərazisi seysmik baxımdan aktiv bölgədir. Burada çoxlu tektonik qırılmalar var və zəlzələ ocaqları da əsasən qırılmaların təmasında yerləşir.

Fevral ayının 6-da episentri Kahramanmaraş-Qaziantep olan zəlzələ Ərəbistan və Şərqi Anadolu plitələrinin horizontal hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, litosferdə gedən təbii proseslər nəticəsində plitələrin sıxılması zəlzələ ocaqlarını aktivləşdirir. Eləcə də zəlzələlərin hansı dərinlikdə qeydə alınması da əsas faktorlardandır. Türkiyədə zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir. Səthi zəlzələlər üçün bu göstərici 5 kilometrdən 20 kilometrə qədər dəyişir. Yeraltı təkanların baş verdiyi dərinlik az olanda zəlzələnin dağıdıcılıq gücü episentrdə böyük, əhatə dairəsi isə az olur. Zəlzələ ocağı daha dərində olanda isə zəlzələnin Yer səthinə o qədər də təsiri olmur. Lakin silkələnmənin əhatə dairəsi isə geniş olur. Türkiyədə yeraltı təkanların qeydə alındığı dərinlik az olduğuna görə, 7.8 və 7.6 maqnitudalı zəlzələlərin yerin üstündə təsiri 9 ballıq zəlzələyə bərabər olub. Zəlzələ Türkiyənin 10 (Qaziantep, Malatya, Hatay, Adana, Mersin, Kilis, Osmaniye, Adıyaman, Şanlıurfa, Diyarbəkir və s.) vilayətlərində hiss olunub və böyük dağıntılar əmələ gətirib. Zəlzələlərdən sonra 4000-dən çox afterşok qeydə alınıb. Zəlzələnin belə böyük dağıntıya və fəsadlara səbəb olmasının bir səbəbi də binaların düzgün və keyfiyyətli materiallardan tikilməməsidir. Çünki bəzi binalar tamamilə dağılsa da, ətrafında zədələnən, lakin dağılmayan binalar da var.

Qeyd etmək lazımdır ki, hər il dünyada minlərlə zəlzələ qeydə alınır. Həmin zəlzələlər arasında çox zəif zəlzələlərlə yanaşı, hiss olunan güclü zəlzələlər də olur. 19 mart 2011-ci ildə Yaponiyada baş verən Rixter cədvəli ilə maqnitudası 9 bal gücündə olan (12 ballıq cədvəldə 10 baldan artıq idi) zəlzələ zamanı 19 min nəfər həyatını itirmişdi. 26 noyabr 2004-cü ilə İndoneziyada - Sumatrada baş verən, maqnitudası 9.1 gücündə olan zəlzələ zamanı 230 mindən artıq insan həlak olmuşdu. Türkiyə Respublikasının ərazisində baş verən zəlzələ isə yaşadığımız əsrin ən güclü zəlzələsi hesab olunur. Amma belə güclü, dağıdıcı zəlzələlər tarixən qardaş ölkədə də, dünyanın başqa ölkələrində də qeydə alınmışdır. Hansı ki, həmin zəlzələlər zamanı minlərlə insan tələfatı və dağıntılar baş vermişdir. 26 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan şəhərində baş verən zəlzələnin maqnitudası 7,8, dərinliyi isə 20 kilometr olmuşdu. Həmin zəlzələ nəticəsində 33 min insan həlak olmuş, 100 min nəfər yaralanmış, 200 mindən çox bina dağılmışdı. 24 noyabr 1976-cı ildə Vanda baş verən, maqnitudası 7,5 olan zəlzələ zamanı 3840 nəfər həlak olmuş, 9232 bina dağılmışdı. 17 avqust 1999-cu ildə baş verən Kocaeli (İzmit) zəlzələsi zamanı (ml=7.6, dərinlik 15 kilometr) 18 min 373 nəfər həyatını itirmiş, 25 min insan xəsarət almışdı.

Türkiyədə baş verən zəlzələdən sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən 06.20.2023-11.02.2023-cü il tarixlərində Türkiyədə (350 km ərazidə) qeydə alınmış M>4 zəlzələlərin afterşoklarının sayı 312 olub. 06.02.2023-13.02.2023-cü il tarixlərində Türkiyədə baş vermiş maqnitudası M_>3.0 olan 1415 zəlzələ qeydə alınmışdır. 06.02.2023-13.02.2023-cü il tarixlərində Türkiyədə maqnitudası M_>2.0 olan 2595 zəlzələ qeydə alınmışdır. Hazırda afterşokların qeydə alınması davam edir.

Onu da qeyd edək ki, qardaş Türkiyənin ərazisi və geoloji, seysmo-tektonik quruluşu Azərbaycanın ərazisindən fərqli olduğuna görə, orada baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına hər hansı təsiri yoxdur. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində respublika ərazisi fasiləsiz olaraq 84 ədəd seysmik stansiya tərəfindən monitorinq edilir. Bundan başqa, ölkə ərazisində seçilmiş poliqonlar üzrə qravimetrik, maqnitometrik, GPS stansiyalar vasitəsilə ölçmələr həyata keçirilir. Yer altında gedən prosesləri, litosferdə blokların sürətlərini və istiqamətlərini GPS stansiyalar vasitəsilə də izləyirik. Həmçinin, mərkəzdə geokimyəvi tədqiqatlar aparılır. Başqa sözlə desək, hazırda mərkəz tərəfindən kompleks seysmik-geofiziki-geokimyəvi tədqiqatlar aparılır. Mərkəz beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin seysmoloji mərkəzləri, universitetləri ilə yaxından əməkdaşlıq edir. Türkiyə Respublikasının DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Boğaziçi Universiteti, Kandilli Rəsədxanası, Kocaeli Universiteti ilə geniş əlaqələrimiz var və qardaş ölkədə baş verən zəlzələ ilə bağlı hər iki tərəfdən olan alimlər arasında tez-tez onlayn iclaslar keçirilir. Zəlzələnin başvermə səbəbləri, zəlzələ ocağının mexanizmi, Türkiyənin seysmik aktiv bölgələrindəki vəziyyət müzakirə olunur.

Bu il Şuşa şəhərinin yaxınlığında Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunacaq quyudubi seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bundan başqa, işğaldan azad olunmuş digər ərazilərimizdə də seysmik stansiyalar quraşdırılacaq. Həmçinin, bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır ki, konfransda dünyanın 30-dan artıq ölkəsindən seysmoloq alim və mütəxəssislərin iştirakı da nəzərdə tutulur. Konfransda qardaş Türkiyədə baş verən zəlzələ, onun başvermə səbəbləri, bu istiqamətdə aparılmış elmi-tədqiqatların nəticələrinə dair müzakirələr aparılacaq. Konfrans çərçivəsində xarici ölkələrdən olan seysmoloq alimlərin Qarabağa səfərini də təşkil etmək niyyətindəyik. İstəyirik ki, onlar orada həm ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə görsünlər, həm də Azərbaycan dövlətinin apardığı abadlıq-quruculuq işləri ilə tanış olsunlar.                                             

Qurban YETİRMİŞLİ,

AMEA nəzdində Respublika Seysmoloji

Xidmət Mərkəzinin baş direktoru,

AMEA-nın müxbir üzvü,

professor.