Türk dünyasının böyük öndəri
Digər xəbərlər

Türk dünyasının böyük öndəri

Qardaş Türkiyənin şanlı tarixində möhtəşəm zəfərlər qazanmış Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki, Kocakasım məhəlləsində dünyaya göz açıb. Mustafa Kamal ibtidai təhsilini məhəllə məktəbində və Şəmsi Əfəndi məktəbində alıb. Orta təhsilini Saloniki mülki liseyində və Saloniki hərbi liseyində alan Mustafa daha sonra ali təhsil üçün Hərbi Akademiyaya üz tutur. Atatürk dərin zəkasına görə yoldaşlarından seçilirdi. Təsadüfi deyil ki, hələ 1893-cü ildə Hərbi Liseydə oxuyarkən riyaziyyat müəllimi Atatürkün ağlına, məntiqinə heyran qaldığı üçün ona Kamal adını verir. Bundan sonra Atatürkə Mustafa Kamal deyilir. Təhsil illərində savadlı tələbə kimi tanınan Mustafa Kamal Atatürk Hərbi Akademiyanı kapitan rütbəsi ilə başa vurur.

10 noyabr çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür

Mustafa Kamal Atatürk Trablus, Balkan və Birinci Dünya müharibələrində iştirak edib. Hələ Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri olub. Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Atatürk İstiqlaliyyət savaşına - Türk Milli Hərəkatına liderlik edib. Qardaş Türkiyə müharibə ərəfəsində Ankara Hökumətini qurub. Bundan başqa, Mustafa Kamal Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini alıb. Sonra Atatürk marşal rütbəsinə yüksəlib. Atatürk bu dövrdəki siyasi fəaliyyəti ilə Antanta dövlətləri və onların dəstəkçiləri üzərində də parlaq qələbə çalıb. Türk xalqının bu zəfərindən sonra dünyanın bütün güclü ölkələri Türkiyəni bir dövlət kimi qəbul etdilər. Şübhəsiz, bu, türk xalqının yenilməzliyi və böyük Atatürk dühasının, məharətinin birliyi sayəsində reallaşdı.

Atatürk müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurur və onun ilk sədri olur. Məhz Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edilib. Beləliklə, Türkiyə Cümhuriyyətinin əsası qoyulub. 1934-cü ildə isə Mustafa Kamala Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürk adı verilib. Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib. Böyük öndər ömrünün sonuna qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddətdə prezident olub, bir sıra islahatlar apararaq ölkəyə daha da nüfuz qazandırıb. Qardaş Türkiyə indi də onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.

Bu gün türklüyün yaşadılması Atatürkün yaşaması mənasına gəlir. Çünki məhz Türk dövlətləri birliyi Atatürkün ideyası ətrafında möhkəmlənir. Türkiyə-Azərbaycan qardaşlığı, sarsılmaz birliyi xüsusi əhəmiyyət kəsb edir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin perspektivlərinin mükəmməl formulu kimi qəbul edilir. Hazırda bütün dünya Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrinə böyük heyranlıqla baxır.

Azərbaycanda da Atatürkün şəxsiyyətinə böyük önəm verilir. 2001-ci ildə Azərbaycanda Atatürk Mərkəzinin yaradılması da bunun əyani sübutudur. Prezident İlham Əliyev noyabrın 10-da Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin noyabrın 8-nə dəyişdirilməsi barədə qərar qəbul edib.

Bu gün Atatürkün adı XX əsr dünya tarixinin yetişdirdiyi ən böyük siyasi, hərbi və dövlət xadimləri sırasında dayanır. Mustafa Kamalın şəxsiyyəti haqqında dünyanın müxtəlif ölkələrində yüzlərlə kitab yazılıb. Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal öz cəsarəti ilə bütün dünyada yüz milyonlarla insanın dərin ehtiramını qazanıb. Ən məşhur siyasətçilər belə bu böyük şəxsiyyətə heyranlıqlarını gizlətməyiblər. Məsələn, Nobel mükafatı laureatı Uinston Çörçill Atatürkün ölümünü nəinki Türkiyə xalqının, bütövlükdə Avropanın böyük itkisi adlandırmışdı. UNESCO tərəfindən 1981-ci il "Atatürk İli" elan olunmuşdu.

Atatürk tərəfindən yaradılmış Türkiyə Cümhuriyyəti hazırda həm regionun, həm də dünyanın qüdrətli ölkələrindən birinə çevrilib. Bu gün Türkiyə Cümhuriyyəti məhz Mustafa Kamalın yaratdığı ideyalar əsasında yaşayır.

Nəzrin ELDARQIZI,

"Respublika".