“Tramvay parka gedir...”
Sosial həyat

“Tramvay parka gedir...”

O nəhəng maşınlar

            Bakımıza çox yaraşırdı

Gecə saat bir,

            tramvay parka gedir.

Məftillərdən od qopur

            şimşək çaxan sayağı,

Məftillər fısıldayır

            qızıl ilan sayağı.

Uzunsov lampoçkalar

            yanır-sönür arabir,

Konduktor mürgü döyür...

            Tramvay parka gedir.

Xalq şairi Qabil yazıb bu misraları, tramvay sevdalısı hər kəsin ürəyini oxuyurmuş kimi. "Tramvay parka gedir..." şeirində. Həmişə xatırlanan bu şeir haqqında Xalq şairi Vaqif Səmədoğlu deyib ki, mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin "Tramvay parka gedir" şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata. Bəzimiz biletli, bəzimiz biletsiz. Əlbəttə, məqsədimiz heç də şairin yaradıcılığından söhbət açmaq deyil, sadəcə tarixi gün kimi, bu "dəmirbuynuzlu köhlən atların" - tramvayların Bakıya gəlişindən 100 il ötdüyünün fərqindəyəm. Və bu mövzuda yazı yazmaq qərarına gələndə Bakımızın tramvaylı günlərini xatırladım, o vaxtlar dillər əzbəri olan məşhur şeir yadıma düşdü:

Gün gələcək bizi də

            yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır

            tramvay bu şəhərə.

- Sürücülər, sizinlə

            qurtardıq, - deyəcəklər.

- Relslərin hamısını

            çıxardıq, - deyəcəklər.

Bəli, şair ötən əsrin 60-cı illərində yazmışdı bu şeiri. O zaman heç kəsin ağlına gəlməzdi ki, Bakının səsli-küylü küçələri o "şimşək çaxan" tramvaylara nə vaxtsa həsrət qalacaq...

Tramvay parka gedir. Bu yol uzun bir yoldur və o nəhəng maşınlar düz 76 il getdi bu yolu. Bəs tramvay "hardan gəlir?" 1887-ci il. Hacı Zeynalabdin Tağıyev beş nəfər kənardan gələn sərmayədarla birgə şirkət yaradır, şəhərdə konka (polad rels xəttilə işləyən fayton) yolu çəkməyə başlayır. Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə yenilik gətirir. Konkaya adətən iki at, yoxuş olan küçələrdə üçüncü atı da qoşurdular. Qara şəhər və Ağ şəhərə, bir də Bayıla işləyən konka iki cür olurdu: həm yay, həm də qış konkası vardı. Qış konkası şüşələrlə bağlı, yayınkı isə açıq olardı.

Bakıda konka ilə bərabər, digər nəqliyyat vasitələri də fəaliyyət göstərirdi. Minlərlə at, araba, qazalaq, fayton, kübarların karetaları və bir də tək-tək avtomobil... Bəli, XIX əsr Bakısı belə idi... Qarşıda isə onu çox yeniliklər gözləyirdi.

Şəhər küçələrində dəmir yollarının çəkilməsi təklifini ilk dəfə 1852-ci ildə fransalı mühəndis Luba irəli sürüb. Əvvəlcə yalnız yük daşınması üçün istifadə olunan konka ilk sərnişin xətləri çəkildikdən sonra sərnişinləri də daşımağa başladı. Belə bir yol onun tərəfindən Nyu-Yorkda da inşa edilmişdi. Bu yeni nəqliyyat növü çox keçmədən Amerika və Avropanın digər şəhərlərinə də yayıldı. Tezliklə Rusiyada da at arabası peyda oldu. 1854-cü ildə Sankt-Peterburqda, Smolenskaya Slaboda yaxınlığında mühəndis Polejayev dəmirlə örtülmüş uzununa taxta tirlərdən atlı yol, 1860-cı ildə mühəndis Domantoviç Peterburq küçələrində atlı dəmir yolu çəkdirir.

İlk elektrik tramvayı XIX əsrdə, 1881-ci ildə Almaniyada meydana çıxdı. Həmin il Ernst Verner fon Siemens və Halske tərəfindən inşa edilən ilk tramvay Berlin və Lixterfeld arasındakı dəmir yolu üzərində hərəkət etdi və bununla da tramvay nəqliyyatının əsası qoyuldu. Tramvaylar 1885-ci ildə Böyük Britaniyada göründü və daha sonra geniş yayılaraq məşhurlaşdı. Bakıya tramvay 1924-cü il fevralın 8-də gəldi və bu qədim şəhərə ilk qədəm qoyan konkanı aradan çıxardı.

XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növlərinə tələbatı artırır, 1889-cu ildə işə salınan konka və digər nəqliyyat vasitələri ehtiyacı ödəmirdi. Bu səbəbdən də 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin çəkilməsi barədə Şəhər Dumasına təklif verildi, lakin bu təklifin reallaşması 20 il ləngidi. 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlanıldı. İlk elektrik tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.

Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. O, xatirələrində yazırdı ki, ilk bir neçə saat sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə konka 9,9 milyon sərnişin aparırdısa, 1925-1926-cı illərdə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə tramvay yollarının uzunluğu artıq 102,5 kilometrə çatmışdı. 1980-ci illərin sonunda paytaxtda 7 dairəvi marşrut xətti mövcud idi.

Mən də çoxları kimi Bakını belə sevmişdim. Onun küçələrində şütüyən tramvayları hamı sevirdi. Təsadüfi deyil ki, onu ən poetik, romantik nəqliyyat növü kimi qəbul edir, haqqında mahnılar bəstələnir, kitablar, şeirlər yazılırdı. Tramvay ən təhlükəsiz nəqliyyat növü idi həm də. Düz xətt boyunca hərdən döngələri aşıb sərnişinləri mənzilbaşına vaxtında və rahat şəkildə çatdırırdı. Bu nəqliyyat növündən heç kəs şikayətlənməzdi, çünki ətrafda heç nəyə maneə yaratmadan asta-asta, ləngər vura-vura hərəkət edən tramvaylara da əngəl yox idi.

Gediş haqqını konduktorlar yığırdı, o dövrün tələbinə görə: "Za proezd" (gediş haqqı) - deyib vaqon boyu gəzir, dayanacaqlarda yeni minən sərnişinlərdən gediş haqqı alırdı. İndi hərdən insanı nostalji hiss bürüyür, Bakının o günləri üçün darıxırsan. Çünki uşaqlaşmış, gəncləşmiş, qocalmış, hətta şairləşmişik də tramvaylarda.

Bakının tramvaylı günləri cəmi 76 il sürdü. 2000-ci ildən paytaxtın küçələri tramvaysız qaldı... Qeyd edək ki, "Ağ şəhər" layihəsi reallaşdıqdan sonra Bakıda tramvay xətti bərpa ediləcək. Layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir. Ekspertlərin fikrincə, tramvay xəttinin mərkəzdə çəkilməsi problem yarada bilər, lakin şəhərətrafı ərazilərdə tramvay xətlərinin çəkilməsi mümkündür.

Bakımıza yenidən dönəcək deyirlər, tramvaylar. Tramvay təkcə Bakıya deyil, işğaldan azad olunmuş ərazilərimizə də qayıdacaq. Laçın şəhərinin mərkəzində, əsas küçəsində tramvay fəaliyyət göstərəcək.

Tramvay parka gedir, ləngərlə, relslərin calağında çıqqıldayır təkərlər. Tramvay yenə parka gedir... Gün gələcək, deyəcəklər: yaraşır tramvay bu şəhərə...

Zümrüd QURBANQIZI,

"Respublika".