TEXNOLOJİ İNKİŞAF ZAMANIN TƏLƏBİDİR
Digər xəbərlər

TEXNOLOJİ İNKİŞAF ZAMANIN TƏLƏBİDİR

Müasir tariximizin yeni dövrü ötən il sentyabrın 20-dən sonra başlayıb desək heç də yanılmarıq. Sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatı zamanı şanlı ordumuz gücünü, peşəkarlığını bir daha göstərdi. Cəmi 23 saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və mənfur düşmən məğlubiyyətini etiraf etdi. Ölkəmizin ərazisində separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi.

Bu mühüm tarixi hadisə təbii ki, yeni çağırışları labüd edir. Dövlətimizin başçısı cənab İlham Əliyev 2024-cü ilin əvvəlində yerli televiziya telekanallarına müsahibəsində qeyd edib ki, yeni dövrün yeni hədəfləri olmalıdır, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Məhz bu yeni hədəflər üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurəti yarandı.

İlk dəfə seçkilər ərazi bütövlüyünü tam bərpa etmiş, suveren Azərbaycan Respublikasının bütün ərazisində keçirildi. Möhtərəm Prezidentimizin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsvermədə iştirak etməsi hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, fərəh hissləri yaratdı. Bu, həm də böyük siyasi, mənəvi və rəmzi məna daşıyırdı. 44 günlük müharibədə möhtəşəm qələbəmizi hələ də həzm edə bilməyən düşmənə və onu himayə edən dövlətlərə açıq mesaj idi.

Prezidentimiz İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqində bu vacib məqamı belə açıqlayıb: "Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü".

Növbədənkənar prezident seçkiləri ölkəmizin müstəqillik tarixinə Zəfər seçkisi kimi yazıldı. Xalqımız böyük birlik, mütəşəkkillik nümayiş etdirərək seçkilərdə öz qalib liderinə səs verdi, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, çirkin niyyətlərini həyata keçirməyə çalışan qərəzli, avantürist qüvvələrə əsl demokratiya dərsi keçdi.

Cənab İlham Əliyevin 92,12 faiz səs çoxluğu ilə qazandığı parlaq qələbə iyirmiillik prezidentlik fəaliyyətinin mükəmməl hesabatı, yeni tarixi dövrün inkişaf mərhələsinin başlanğıcıdır. Məhz bu dövrdə bütün sahələrdə dayanıqlı və sürətli inkişaf təmin olunmuş, xalqımızın rifah halı yaxşılaşmış, ölkəmizin beynəlxalq arenada nüfuzu və mövqeyi yüksəlmişdir.

Qarşıda ölkəmizin yeni tarixinin parlaq səhifəsi açılır. Dünyada baş verən siyasi və hərbi prosesləri nəzərə alsaq, qələbəni qorumağın nə qədər çətin olduğunu görə bilərik. Cənab Prezident andiçmə mərasimindəki nitqində bununla bağlı vəzifələri önə çəkərək deyib: "Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi-sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı hər kəs bunu gördü, antiterror əməliyyatı zamanı da. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür".

Bu sahədə biz gənclərin qarşısında mühüm vəzifələr durur. Əlbəttə, kadr hazırlığı olmadan heç bir texnoloji inkişafdan, yenilikdən danışmaq mümkün deyil. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi gündəlik həyatımızın normasına çevrilməlidir. Hamımız bir yumruq kimi birləşib yeniliyə, texnoloji inkişafa, tərəqqiyə böyük dəstək verməli, Azərbaycanın parlaq gələcəyi naminə çalışmalıyıq. Yeni dövrün möhtəşəm nailiyyətlərinə töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.

Pərviz AĞAXANLI,

Lerik şəhəri.