Tərtər rayonu 2022-ci ili uğurlu göstəricilərlə yola salıb
Region

Tərtər rayonu 2022-ci ili uğurlu göstəricilərlə yola salıb

T ərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.

Yığıncaq iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü qeyd edib.

2022-ci ildə rayonda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, 2022-ci ildə Birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli "Rəşadət" ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun Əhmədzadə, "Azərbaycan bayrağı" ordenli Ruslan Şahbazov və başqa küçələrdə (ümumilikdə 26 küçə) yeni asfalt örtüyü salınmışdır.

Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin yeni binası, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Zolgəran kəndində 56 şagird yerlik ümumi orta və Şıxarx qəsəbəsində 1 saylı tam orta məktəblər üçün modul tipli binalar tikilib istifadəyə verilmişdir. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının və Tərtər şəhər 5 saylı tam orta məktəb üçün yeni məktəb binasının tikinti işləri davam etdirilir.

Rayon üzrə 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25093.3 hektar olmuşdur. Əkin sahəsinin 8364.3 hektarını və yaxud 33.3 faizini dənli və dənli paxlalı bitkilər, 5838.1 hektarını (23.3 faizini) texniki bitkilər, 1375.5 hektarını (5.5 faizini) kartof, bostan və tərəvəz bitkiləri, 9515.4 hektarını (37.9 faizini) yem bitkiləri təşkil etmişdir. 2022-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 35176.1 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. 2022-ci ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 41.1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 43.6 sentner, arpanın məhsuldarlığı 38.5 sentner olmuşdur. 2021-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 0.6 sentner artmışdır.

2022-ci ildə 3450.7 hektar sahədə pambıq əkilmiş və 11167,9 ton məhsul tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 32.3 sentner olmuşdur. 2021-ci ilə nisbətən pambığın hər hektarından orta məhsuldarlıq 1.2 sentner artmışdır.

Ötən ildə rayonda 193.4 hektar sahədən fiziki çəkidə 4028.4 ton, kondinsiya çəkidə 3506.7 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 20.8 ton olmuşdur. Çuğundur yığımı davam edir.

2022-ci ildə rayonda 2194.0 hektar dən üçün günəbaxan əkilmişdir. İl ərzində 6313.6 ton günəbaxan istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.4 sentner artaraq 26.8 sentner olmuş, 359.0 hektar kartof sahəsindən 4107.8 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2021-ci ilə nisbətən 1.1 sentner artaraq 114.1 sentnerə çatmışdır.

Heyvandarlıq sahəsində də əldə olunan uğurlardan danışan rayon rəhbəri bildirmişdir ki, 2022-ci ilin 11 ayı ərzində 3185.7 ton diri çəkidə ət, 21720.8 ton süd, 13 milyon 240 min ədəd yumurta, 88.4 ton yun istehsal olunmuşdur. Ət istehsalı 0.8, süd istehsalı 2.9 faiz artmışdır. 2022-ci ildə rayonda 330 qutu barama saxlanılmış, 10.2 ton barama tədarük edilmişdir.

2023-cü ilin məhsulu üçün 15447.2 hektar sahədə şum, 11287,3 hektar sahədə payızlıq bitkilərin səpini aparılmışdır.

Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına, fərmanlarına, tapşırıq və tövsiyələrinə uğun olaraq rayonda sahibkarlığın inkişafına daim diqqət göstərilir.

2022-ci il ərzində rayon icra hakimiyyəti vətəndaşların ərizə və müraciətlərinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun baxılmasını diqqət mərkəzində saxlamışdır.

Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon İcra hakimiyyətində növbədənkənar qəbul edilirlər.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və digər çıxış edənlər 2022-ci il ərzində ölkəmizin və Tərtər rayonunun sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıblar.

Sonda rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları, üç nəfər dövlət qulluqçusuna isə dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə təşəkkürnamələr təqdim edilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".