Terrorçuluğa son qoyulmalıdır
Digər xəbərlər

Terrorçuluğa son qoyulmalıdır

Ötən ay baş tutan Vaşinqton görüşü ərəfəsində qanunsuz erməni qüvvələri yenə öz mənfur xislətlərindən əl çəkməyib, ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Nəticədə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Dərhal ordumuz cavab tədbirləri görüb. "Qisas-2" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və üzvləri məhv edilib. Vaşinqton görüşü ilə paralel Rusiya sülhməramlılarının nəzarətində olan bölgədə belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Bu da şübhəsiz ki, bir tərəfdən sülh danışıqları aparıb, digər tərəfdən isə təxribat törədən Ermənistanın riyakarlığından xəbər verir.

Qeyd edək ki, həmçinin ötən ilin avqustunda Azərbaycan Ordusu "Qisas" antiterror əməliyyatı keçirib. Ermənistan tərəfinin terror-təxribat əməli nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar şəhid olub. Həmçinin mənfur düşmən Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Ordumuzun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb, bununla yanaşı, qeyri-qanuni erməni silahlı ünsürlərinin döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Şübhəsiz ki, Ermənistan bu kimi təxribatlara davam edərsə, "Qisas"ların davamı gələcək.

Hərbi-siyasi ekspert Ramiz ŞƏrifov bildirir ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: "Silahlı Qüvvələrimiz bu günə qədər heç bir qanunsuz əməliyyat həyata keçirməyib. Lakin Ermənistan tərəfi, həmçinin Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirirlər. Nəticədə bizim igid övladlarımız şəhid olur. Buna görə də Azərbaycan tərəfi Ermənistan qüvvələrinə adekvat cavab verərək "Qisas-1" və "Qisas-2" əməliyyatlarını həyata keçirib. Biz sadəcə şəhid olan əsgərlərimizin qisasını alırıq.

Hazırda Laçın nəzarət-buraxılış məntəqəsində olan vəziyyət, ermənilərin orada təxribat törətmək cəhdi onu göstərir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü sual altına almaq istəyirlər. Belə olduqda Azərbaycan tərəfinin bölgədə antiterror əməliyyatı keçirməsi onun tam haqqıdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".