Tarixin müxtəlif dövrlərində türklərə qarşı törədilən soyqırımları
Digər xəbərlər

Tarixin müxtəlif dövrlərində türklərə qarşı törədilən soyqırımları

Türkiyə

Daim böyük dövlət qurmaq, torpaq işğal etmək həvəsi ilə yaşayan erməni millətçiləri tarixdə demək olar ki, ancaq qətlləri, cinayətləri ilə tanınırlar. Başqa ölkələrin ərazi bütövlüyünə təcavüz etmək, bu istiqamətdə minlərlə insanı qətl etməkdən çəkinməmək ermənilərin əsas həyat amalına çevrilmişdir. Bu, bir həqiqətdir ki, ermənilər hər zaman türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına özlərinin paranoidal təxəyyüllərinə əsaslanan “böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə  müxtəlif yollara əl atıblar. Mənfur qonşularımızın “türksüz Ermənistan” yaratmaq ideyaları bəzi xarici güclərin maraqları ilə də üst-üstə düşüb. Bunun nəticəsidir ki, təcavüzkar ermənilər qanlı aksiyalarda iştirak edərək kütləvi soyqırımı aktları törədiblər.

Ermənilərin Türkiyədə  ilk üsyanı 1890-cı ildə Ərzurumda gerçəkləşib. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasun üsyanı, Babıali nümayişi və Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması, 1903-cü ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlar və iğtişaşlar həyata keçirdilər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, əhalini öldürürdülər. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırıblar. Mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10617 nəfər olub.

Erməni quldur təşkilatları yalnız kütləvi qırğınlar törətməmiş, həm də ayrı-ayrı insanlara qarşı terror aksiyaları həyata keçiriblər. 1890-cı il iyulun 15-də “Hnçak” partiyasının təşkilatçılığı ilə İstanbulda baş verən partlayışda 17 nəfər ölən və yaralanan olub. Dövlət məmurları da erməni terrorçu təşkilatlarının qəsdlərinin qurbanı olublar. Ermənilərin özbaşınalığı o səviyyəyə çatıb ki, onlar hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törədibilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, günahı türklərin üzərinə atmağa çalışıblar.

Həm ön, həm də arxa cəbhədə döyüşmək məcburiyyətində qalmasına baxmayaraq, Osmanlı rəhbərliyi uzun müddət ermənilərin yaratdığı təhlükəni “məhəlli tədbirlərlə” həll etməyə çalışıb. Lakin qırğınların əhatə dairəsinin genişlənməsi, təhlükənin artması Osmanlı rəhbərliyini daha qəti addım atmağa vadar edib. Ermənilərin həmin dövrdə Anadoluda bir milyondan artıq türkü qətlə yetirməsinə baxmayaraq, Osmanlı rəhbərliyi xəyanətkar quldurlara qarşı sərt cəzalandırma üsullarına əl atmayıb. Əksinə, müharibənin qızğın çağında cəbhə bölgəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgənin üsyanlar qaldıran erməni əhalisinin imperiyanın içərilərində yerləşdirilməsi məsələsi gündəmə gəlib.

1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırılıb. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olunub. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də heç bir əlaqəsi yoxdur.

Ermənilərin Türkiyədə törətdikləri qətliamlardan biri  Ərzurum vilayətinin İlıca rayonunun Alaca kəndində  həyata keçirilmişdir. 1986-cı ilin may ayında həmin kənddə bu qətliamın dəhşətlərini göstərən kütləvi məzarlıqlar aşkar edilib. Açılan  məzarlardakı cəsədlər insanı dəhşətə gətirib. Bütün uşaqlar süngüdən keçirilmiş, gənclər isə baltalarla doğranmış olub.

Ermənilərin Ağdamar adasında türk qadınlarına qarşı törətdikləri qətliam "Ağdamar Adası qətliamı"dır. 1915-ci ildə Van qırğınında ermənilərin müsəlman qadınlara təcavüz etdiyi və qətlə yetirdiyi bu adanın adı  "Təcavüz adası"  adlandırılır. Bu qətliamdan yaddaqalan dəhşətli hadisələrdən biri də təcavüz etmək üçün bu adaya aparılan 50 müsəlman Van qadınının mindikləri qayıqdan özlərini Van gölünə atmasıdır. 1915-ci ildə İğdırın Hakmehmet kəndində ermənilərin törətdiyi qətliam "Hakmehmet qətliamı"dır.  Bu qətliamda 51 nəfər su quyusuna atılaraq ölümə məhkum edilib.

 Van vilayətinin  Haskay kəndində törədilən "Haskay qətliamı"nda yüzlərlə uşaq və 200 günahsız qadın da vəhşicəsinə qətlə yetirilib. Bu qətliamda həmin kəndin sakinlərindən bir nəfər də sağ qalmayıb.

Qətliam hadisələri arasınada Bitlis vilayətinin Hizan kəndində "Hizan qətliamı"nı, Qars ətrafında "Qars qətliamı’’nı, Muşda "Muş qətliamı"nı və "Müküs qətliamı"nı sadalamaq olar.

Osmanlı arxivləri 1910-1922-ci illər arasında 523 min türkün ermənilər tərəfindən öldürüldüyünü göstərir. Ümumilikdə isə 1914-1918-ci illər arasında baş verən hadisələr zamanı 2,5-3 milyon müsəlman türkün ermənilər tərəfindən qətlə yetirildiyi bildirilir.

‘‘Ermənilərin Türkiyədə törətdikləri qətliamların sayı çox böyükdür. İğdırın Oba, Hakmehmet və Gedikli kəndində   qeyri-insani şəkildə saysız-hesabsız türk öldürülmüşdür.  müasir  Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri,  tədqiqatçı-yazar Sərdar Ünsal deyib: “Bu bölgədə minlərlə insan ermənilər tərəfindən amansızcasına qətlə yetirilib. Soyqırımda sağ qalanlar isə doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar.  Bu faciədə şəhid olan türklərin xatirəsi 1999-cu ildə İğdırda  yaradılan Soyqırımı Abidə və Muzey kompleksi ilə əbədiləşdirilib. 1997-ci ildə alimlərin də iştirak etdiyi beynəlxalq simpoziumda  ermənilərin türklərə qarşı törətdikləri soyqırımı tarixi faktlarla  təsdiqlənib. Sonra beynəlxalq təşkilatlardan gələn alimlərin gözü önündə Oba, Hakmehmet və Gedikli kəndlərindəki toplu məzarlıqlar açılıb. Bu məzarların həqiqətən türklərə aid olduğu isbatlanıb və  İğdırda Soyqırımı Abidə və Muzey kompleksinin yaradılmasına dair qərar imzalanıb. O gündən kompleks yerli sakinlərin və xarici turistlərin tarixi məkanına çevrilib”.

İğdır Soyqırımı Abidəsi və Muzeyi 1915-1920-ci illərdə bölgədə 80.000 türkün ermənilər tərəfindən qətlə yetirilməsini simvolizə edir. 43 metr hündürlüyü olan abidə Azərbaycan, İran, Ermənistandan gələn yolların qovşağında yerləşir və deyilənlərə görə, hətta İrəvan şəhərindən də görünür.  Abidənin üzərindəki 5 ədəd qılınc türkün duruşunu, hər zaman sülh tərəfdarı olduğunu və Osmanlı dövlətinin simvolunu göstərir. Kompleks  Abidə və Muzey olmaqla iki hissədən ibarətdir. Muzeydə ermənilərin türklərə qarşı törətdikləri soyqırımını təsdiq edən tarixi sənədlər  və toplu məzarlıqlardan əldə olunan əyani sübutlar nümayiş olunur. Muzeydə,  həmçinin Naxçıvanda Kazım Karabekir məscidinin açılışında iştirak edən dahi lider Heydər Əliyevin fotoşəkilləri də təqdim olunur. Muzeydə 1974-1986-cı illər arasında erməni terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatları ilə bağlı  sənədlər və şəkillər də nümayiş olduğu bölümdür.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.