Suvarma günün tələbləri səviyyəsində
Region

Suvarma günün tələbləri səviyyəsində

Yay günlərində havaların isti keçməsi ilə təbiət təkcə əkin sahələrində deyil, həyatın bütün sahələrində insanları sanki sınağa çəkir. Bu sınaqdan itkisiz, zərərsiz çıxmaq üçün mövcud imkanlardan səmərəli istifadə etmək günün tələbidir. Cəbrayıl Suvarma Sistemləri İdarəsində suvarma suyuna olan tələbatın ödənilməsi kimi mühüm vəzifə necə yerinə yetirilir? Bu sualı cavablandıran idarənin rəisi Rafiq Xudaverdiyev demişdir:

- Cəbrayıl Suvarma Sistemləri İdarəsinin kollektivi 2022-ci ili uğurlu göstəricilərlə yola saldı. İdarə ümumilikdə 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir. 4 ədəd nasos stansiyası Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə tikilərək 4112 hektar sahəni, 1 ədəd nasos stansiyası isə rayonun Cocuq Mərcanlı kəndində tikilmiş və kəndin 417 hektar, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir.

Ümumilikdə, 99.40 kilometr suvarma kanalları vardır ki, 16.4 kilometri qapalı şəbəkə, 83.0 kilometri açıq suvarma kanallarıdır. Açıq kanalların 33.2 kilometri beton, 49.8 kilometri torpaq tiplidir. Ümumilikdə, nasos stansiyalarında 11 aqreqat vardır ki, bunların da ümümi gücü 2700 kilovatdır.

Bu il 1200 hektar taxıl, 37 hektar pambıq, 10 hektar şəkər çuğunduru, 2586 hektar yem bitkiləri, 28 hektar tut bağları, 3 hektar nar bağları, 665 hektar həyətyanı sahələrin suvarma suyu ilə təmin olunmasını həyata keçiririk. Sudan qənaətlə istifadə edilməsi, fermerlərə məxsus təsərrüfatdaxili arxların vaxtında təmizlənməsi, növbəlilik prinsipinə əməl olunması ilə əlaqədar tədbirlər görülür. Kanal və kollektorlar lildən təmizlənir, bütün maşın-mexanizmlər saz vəziyyətdədir. Fermerlərlə mütəmadi aparılan söhbətlər də öz müsbət nəticəsini verir.

Tofiq HÜSEYN,

"Respublika".