Sülhə təhdid – mina terror
Siyasət

Sülhə təhdid – mina terror

Ermənistanın terrorizm siyasəti hələ də davam edir. Bu siyasətin əsas tərkib hissələrindən  biri də bu günə qədər bir çox insanın həyatına son qoymuş mina terrorudur. Məlum məsələdir ki, uzun illər işğal altında saxlanılan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb.

Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Həm işğal dövründə, həm də postmüharibə dönəmində Qarabağda basdırılan minalar demək olar ki, hər gün günahsız insanların və canlıların məhvinə səbəb olur, ətraf mühitə ziyan vurur. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 1200 kilometrdən artıq təmas xətti boyunca mina təhlükəsi ilə üz-üzə qalıb, partlayış nəticəsində 300-dən çox vətəndaşımız həlak olub və ya ağır yaralanıb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan, Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var.

Ölkəmizin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərində qondarma rejimin bu ərazilərdə də əlavə minalar basdırdığı üzə çıxıb. Yarım milyondan artıq mina 480 kilometrdən artıq təmas xətti boyunca yerləşdirilib. Bu, heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil. Azərbaycan tərəfi məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara, dünya ictimayyiətinə çağırışlar edib, bəyanatlar yayımlayıb. Prezident İlham Əliyev ən ali tribunalardan bu problemi gündəmə gətirib. Qərb qonşumuz "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozur. Müvafiq sənədlərə əsasən münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Lakin Ermənistan hələ də dəqiq xəritələri verməməyə, gerçəkləri qəbul etməməyə davam edir.

Son dönəmlərdə mina terrorunun tez-tez baş verməsi isə dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Sentyabr ayında altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olmasından sonra dünya mediası ayağa qalxıb.

Rusiyanın TASS Agentliyi, "Arqumentı i faktı", "Moskovski komsomolets" qəzetləri, Ərəb mediasının, Fransanın "Radio France Internationale", İtaliyanın "Corriere della Sera", "Quotidiano dei contribuenti", Slovakiyanın "hn.24", "Teraz", "TvNoviny", "Dennikn", Britaniyanın "The Guardian", Portuqaliyanın "CNNportuqal", "Cignoticias" qəzet və portallarında mövzu barədə məlumat paylaşaraq bildiriblər ki, Azərbaycan tərəfi Ermənistanın bu terror aktlarının sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir. Almaniyanın DW telekanalının saytı, "Politico", "Firstpost" xəbər portalları da azərbaycanlı polislərin və mülki şəxslərin erməni təxribatı nəticəsində həlak olmasının gərginliyi artırdığını qeyd ediblər. ABŞ-ın "Barrons" saytında isə Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edilib. Qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır. "İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir", - deyə bildirilib.

Ermənistan bu siyasətinə davam etməklə əslində bölgədə sülh, əmin-amanlıq proseslərinin inkişafının təməlinə də mina düzmüş olur. Bu da hər iki ölkənin vətəndaşları üçün uzunmüddətli gərginlik və mübahisə yaradır. Şübhəsiz ki, Qərb qonşumuzun qısa zamanda bu siyasətindən əl çəkməsi, real mina xəritələrini ölkəmizə təhvil verməsi sülh prosesinə töhfələr verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".