Siyasi möhtəkirlik nümunəsi
Siyasət

Siyasi möhtəkirlik nümunəsi

AŞPA ilə əlaqələrin qopma nöqtəsinə gəlib çatması heç də qurumun ortaya qoyduğu "arqumentlərlə" bağlı deyil. Qərb bloku sadəcə erməni havadarlığına don geyindirməkdə mahir olduğu üçün bir sıra uydurma tezislər əsasında ictimai rəy formalaşdırmağa cəhd edir.

Əslində, sözügedən "anti" qüvvələr Cənubi Qafqazda öz istədiklərinə tam nail ola bilmədiklərinə görə Azərbaycana "gözdağı" verməyə çalışırlar. Elə düşünürlər ki, qeyri-adekvat tədbirlərin sonunda rəsmi Bakı geri addım atacaq və qarayaxma kampaniyası uğurla nəticələnəcək. Bütün bunlara paralel olaraq, qüdrətli Azərbaycan dövlətinin cavabı bir daha göstərdi ki, çoxüzlü yanaşmalar sərgiləyən Qərbin diktəsi heç bir platforma və məkanda ölkəmizə ziyan verə bilməz. Nəticədə rəsmi Bakının Avropa Şurası Parlament Assambleyası kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı dondurması son sözü deyənin Azərbaycan olduğunu təsdiq etdi.

Belə yerdə deyirlər: "Xoruz yox idi, səhər açılmırdı?". Azərbaycan uzun illər haqq yolundakı mübarizəsi, milli maraqlara sədaqəti, müstəqil, suveren, demokratik və multikultural dəyərləri ilə dünyada nüfuz qazanmışdır. Bunun üçün Azərbaycanın kiməsə ehtiyacı yoxdur. Digər tərəfdən, ortaya atılan iddialardan aydın olduğu kimi, ölkəmiz obyektiv olmayan təsisatlarla ortaq dəyərləri paylaşa bilməz. Yeri gəlmişkən, AŞPA-nın Azərbaycanı qaralamasına səbəb kimi göstərilən arqumentlər arasında "insan haqları", 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinə qurumun müşahidə heyətinin dəvət olunmaması və LGBT hüquqlarının qorunmaması kimi müddəalar var.

Sözügedən prosesləri iki fərqli aspektdən dəyərləndirmək lazımdır: dildə deyilən və könüldə gizlənən. Ortaq məxrəc bundan ibarətdir ki, Qərb bloku "əli ətə çatmadığı" üçün bu kimi fəallıq nümayiş etdirir. İlk növbədə qeyd edək ki, Azərbaycanda hüquq təsisatının, demokratik dəyərlərin mövcudluğu Fransa, Almaniya kimi bəşəri cinayətlər törətmiş ölkələrin müzakirə mövzusu ola bilməz. Bu, olduqca ironikdir. Yəhudilərə qarşı soyqırımı və etnik təmizləmə cinayəti törədənlər, Afrikanın təbii sərvətlərini talayıb Sakit okeanda möhkəmlənmək üçün bu gün də yerli xalqlara divan tutanlar bu məsələlərdə riyakarlıq göstərirlər. Şərqdə ilk demokratik respublikanın qurucularına - qarşı belə ittihamların irəli sürülməsi möhtəkirlikdən başqa bir şey deyil. Digər tərəfdən, AŞPA-nın "şəstinə toxunan" başqa bir məsələ isə növbədənkənar prezident seçkilərinə onların nümayəndə heyətinin dəvət olunmamasıdır. Qeyd edək ki, Azərbaycan dövlətinin bu xüsusda hər hansı bir öhdəliyi yoxdur. Lakin seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə edəcəyi bildirilmişdir. AŞPA-nın ölkəmizdə 2018-ci ildə keçirilən prezident seçkilərindəki mövqeyi onu deməyə əsas verir ki, onlar növbəti seçki prosesində qara yaxmaqdan başqa heç nə ilə yadda qalmayacaqdılar. Necə ki, beş il bundan öncə heç bir müsbət rəy verməyən AŞPA-nın bundan sonra da fikrinin dəyişməsi real görünmür.

Son olaraq Qərb blokunun və ABŞ-ın gündəm mövzusu və yeni "bəşəriyyəti zəhərləmə" metodu olan LGBT məsələsi arqument olaraq gətirilir ki, Azərbaycan belə mövzularda "həssaslıq" nümayiş etdirsin və cəmiyyətdə "cinsi azlıqlar" məsələsi dəbə minsin. Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyi daim örnək olmuşdur. Bu kimi spekulyasiya və manipulyasiyalarla xalqımızın milli mentalitetinə xələl gətirmək mümkün deyil. Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin mənəvi borcu, müqəddəs vəzifəsidir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçdiyi tarixi yol, minilliklərlə formalaşmış ənənələr bu gün də davam etdirilir. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Bütün bunlara rəğmən, AŞPA-nın təkidli tələblərinə məna vermək mümkünsüzdür.

Sadalananlar AŞPA-nın sadəcə dilə gətirdikləridir. Bəs daxildən bu tip məsələləri zahirə çıxaran əsas səbəblər nədən ibarətdir? Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Qərb blokunu dərindən narahat edir. Separatizmin ləğvi və Ermənistan ordusunun ərazilərimizdən çıxarılmasına paralel olaraq artan "hay-küy"lər onu göstərdi ki, Qərb bloku bundan sonra haylara hamilik edəcək.

Xatırladaq ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Azərbaycana qarşı təzyiqlər daha da artmış, müxtəlif instansiyalarda əleyhimizə bəyanatlar səsləndirilmişdir. Qərb blokunun əli ilə qurulan "humanitar şou" böhranı bu tip hadisələrə rəvac verirdi. Haylar iddia edirdilər ki, Xankəndidə yaşayan erməni əhalisinin təminatı yoxdur və Laçın dövlət sərhədi vasitəsilə Azərbaycan erməni əhalisini guya "blokada"da saxlayır. Lakin Azərbaycan dövləti dəfələrlə humanitar yüklərin erməni əhalisinə çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, humanizm prinsipləri çərçivəsində atılan addım cavabsız qalmışdır. Hətta göndərdiyimiz ərzaq yardımı belə "biz müsəlmanın çörəyini yemərik" deyə geri qaytarılmışdır. Belə bir vaxtda AŞPA Laçın yoluna və ümumən Qarabağa monitorinq göndərmək xülyasına qapılır. Lakin bu, baş tutmur. Əgər Qərb blokunun istəyi ərazini müşahidə etməkdirsə, bunu onsuz da icra ediblər. Belə ki, ilk dəfə 30 ildən sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə BMT missiyası Azərbaycanın Qarabağ regionuna səfər edib və müşahidənin nəticəsi olaraq heç bir etnik təmizləmə və zorakılıq halları ilə qarşılaşılmadığı bildirilib. Sözügedən missiyanın Azərbaycanın dəvəti ilə Qarabağa gəlməsi onu göstərir ki, rəsmi Bakı xoşniyyətli, humanist olduğunu nümayiş etdirir. Eyni zamanda BMT missiyasının düz 30 ilə yaxın müddətdə Qarabağa gəlməsini Ermənistan tərəfinin əngəlləməsi bir daha ifşa olunub. Digər tərəfdən, sözügedən missiya Qarabağa bir daha səfər edib və nəticə dəyişməyib. Belə olduğu halda, AŞPA-nın yenidən Azərbaycana qarşı cəbhə alması heç bir məntiqə uyğun deyil.

Göründüyü kimi, ATƏT-in "quyruq acısı" bu gün müxtəlif fazalarda anti-Azərbaycan siyasətini intensivləşdirir. Şəffaflıq prizmasından baxsaq, görərik ki, Qərb blokunun əsl məqsədi Cənubi Qafqazda sülh və sabitliyi əngəlləməkdir. Necə ki, Avropanın Ermənistana hərtərəfli dəstəyi öz kəsərini artırır, bu proses hələ "çox su aparacaq". Silah yardımları edən və regionda yeni münaqişələrin yaradılmasına can atanlarla rəsmi Bakının mövqeyi üst-üstə düşə bilməz.

Nurlan ABDALOV,

"Respublika".